Ermənistanın baş naziri Nikol Paşinyanın, “Azərbaycanla sülh müqaviləsi Ermənistanın kapitulyasiya sənədi olmamalıdır” fikirlərini səsləndirməsi birmənalı qarşılanmayıb. Bir çox siyasi analitiklər Nikolun bu açıqlamasının məntiqi izahı olmadığını diqqətə çatdırıblar. Sülh müqaviləsinin tərəflər arasında barışığı və öhdəliklərlə bağlı razılaşmaları özündə ehtiva edən bir sənəd olduğunu dilə gətiriblər. Bəs görəsən Ermənistan rəhbərinin bu fikirlərini yerli ekspertlər necə izah edirlər? Ümumiyyətlə, sülh müqaviləsinin imzalanması Ermənistan üçün növbəti kapitulyasiya sənədi olacaqmı?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, Ermənistanın baş nazirinin bir-birini təkzib edən, ziddiyyətli, emosional notlarla zəngin, məntiqi fikir yükü olmayan açıqlamaları artıq heç kimdə təəccüb doğurmur: “Nikolun jurnalist kimi fəaliyyət göstərdiyi dövrdə də onun bir sıra yazılarını oxumuşam. Sonradan siyasətə qoşulsa da, bəzən köşəyəbənzər yazılar yazırdı. Paşinyan jirnalist kimi çalışanda da, siyasətlə məşğul olmağa başlayanda da, hər zaman müqayisəli təhlildən, faktlara söykənərək mühakimə yürütməkdən uzaq dayanıb. Kütləyə oynayıb və bu məqsədlə də yazdıqlarının, dediklərinin emosional yükünə daha çox ağırlıq verib. Çox güman ki, bacardığı elə budur. Bu gün də eyni üslubunu davam etdirir. Emosional fonda kütlənin ovqatına uyğun mülahizələr səsləndirir və konkret olaraq heç nə demir. Bu xüsusda, onun Almaniyada səsləndirdiyi fikirlərin də eyni üslubun davamı olduğunu düşünürəm. Paşinyan deyir ki, sülh müqaviləsi imzalamağa hazırdır, amma bu, növbəti kapitulyasiya aktı olmamalıdır. Yəni əslində, bu sözləriylə 2020-ci il noyabrın 10-da rəhbərlik etdiyi ölkənin kapitulyasiya məruz qaldığını və baş nazir kimi kapitulyasiya aktına imza atdığını qəbul edir. Əgər belədirsə, o zaman hansı növbəti kapitulyasiya aktından söhbət gedə bilər?”.

Politoloqun sözlərinə görə, Ermənistan hələ ki, birinci kapitulyasiya aktının müddəalarını, ən əsas isə Azərbaycannın ərazisi ilə onun ayrılmaz parçası olan Naxçıvan MR arasında maneəsiz kommunikasiyanı təmin edəcək dəhlizin yaradılması istiqamətində öhdəliklərini yerinə yetirməyib: “Digər tərəfdən, Azərbaycan tərəfindən sülh müqaviləsi ilə bağlı irəli sürülən şərtlər özündə beynəlxalq hüququn əsas norma və prinsiplərini – dövlətlərin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı kimi məsələləri əks etdirir. Bütün bunlar beynəlxalq münasibətlər sistemində dövlətlərarası münasibətlərin əsasını təşkil edib, BMT Nizamnaməsində yer alıb. Ermənistan isə BMT-yə üzv qəbul olunanda təsisatın Nizamnaməsini qəbul edib. Əgər Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülh müqaviləsinin imzalanması Ermənistan üçün kapitulyasiya aktıdırsa, o zaman sadə məntiqlə belə anlaşılır ki, rəsmi İrəvan BMT Nizamnaməsini, dövlətlərarası münasibətləri tənzimləyən digər beynəlxalq sənədləri də kapitulyasiya aktı sayır. Yenə də eyni məntiqlə Ermənistan baş nazirinin sülh müqaviləsinin növbəti kapitulyasi aktına çevrilə biləcəyi ilə bağlı mülahizələrinin heç bir məntiqi izahı yoxdur. Onsuz da imzalamısan. Eyni müddəalardan ibarət sənədi bir dəfə imzaladın, ya da beş dəfə, nə fərq edər ki? Bütün bunlara, ən yaxşı halda “Paşinyan məntiqi” adı vermək olar və görünür, o, hələ də orta səviyyədən aşağı siyasi publisistika yazarı olaraq qalmaqdadır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
