Qadınlar əslində nə istəyirlər? – Kral Arturun cavabı tapmaq üçün bir il vaxtı var idibackend

Qadınlar əslində nə istəyirlər? - Kral Arturun cavabı tapmaq üçün bir il vaxtı var idi

Bir gün Kral Artur düşmən padşahlardan birinin əlinə keçir və zindana salınır. Lakin rəqib hökmdar ona bir şans vermək qərarına gəlir. Deyir ki, əgər çox çətin bir suala cavab tapa bilsə, onu azad edəcək.

Artura cavab tapmaq üçün düz bir il vaxt verilir. Əks halda onu edam gözləyirdi.

Sual isə belə idi:

– Qadınlar əslində nə istəyirlər?

Kral Artur bir il ərzində öz krallığındakı bütün qadınlardan bu sualın cavabını soruşur. Lakin heç kim ona qaneedici cavab verə bilmir.

Nəhayət, bir gün ona məsləhət görürlər ki, bu suala yalnız bir qoca cadugər cavab verə bilər. Amma onun istəyi çox ağır olacaq.

Başqa çıxış yolu qalmayan Artur cadugərin yanına gedir və ondan nə istədiyini soruşur.

Cadugər şərtini açıqlayır: kralın ən yaxın və ən cəsur cəngavərlərindən biri olan Qaveyn onunla evlənməlidir.

Cadugər olduqca qorxunc görünüşə malik idi: qoca, eybəcər, iyrənc və cəmi bir dişi olan qadın idi.

Artur dostunu belə bir evliliyə məcbur etmək istəmədiyini, hətta ölümə getməyin onun üçün daha asan olduğunu bildirir. Lakin Qaveyn başqa cür düşünür. O deyir ki, kralın həyatı bütün krallıq üçün vacibdir və onun xatirinə bu evliliyə razıdır.

Bundan sonra cadugər Arturun sualına cavab verir:

– Qadınlar hər şeydən əvvəl öz həyatlarına özləri hökm etmək, seçimlərini müstəqil şəkildə etmək istəyirlər!

Beləliklə, Arturun həyatı xilas olunur. Krallıqda hamı sevinir və toy hazırlıqlarına başlanılır.

Qaveyn əsl centlmen idi. Cadugər isə toy mərasimində də özünün kobud və xoşagəlməz davranışları ilə diqqət çəkirdi. Əlləri ilə yemək yeyir, heç bir ədəb qaydasına riayət etmirdi.

Nəhayət, toy gecəsi gəlib çatır.

Qaveyn ürəyi sıxıla-sıxıla yataq otağına daxil olur. Lakin qarşısında gördüyü mənzərə onu heyrətə gətirir: yataqda indiyədək gördüyü ən gözəl qadın uzanmışdı!

Təəccüblə ondan nə baş verdiyini soruşur.

Cadugər gülümsəyərək cavab verir ki, Qaveynin ona qarşı göstərdiyi hörmətin və mərhəmətin müqabilində bir qərar verib. Bundan sonra vaxtının yarısını gənc və gözəl qadın, digər yarısını isə əvvəlki qoca və eybəcər cadugər görkəmində keçirə bilər.

Amma bunun üçün Qaveyn seçim etməlidir: qadın gündüzlər gözəl, gecələr isə qoca cadugər olsun, yoxsa əksinə?

Qaveyn bir müddət düşünür. Axı o, gündüzlər gözəl həyat yoldaşı ilə görünə, gecələr isə onun əvvəlki eybəcər görkəmi ilə baş-başa qala bilərdi. Yaxud gündüzlər qoca cadugərlə yaşayıb, gecələr gözəl qadının yanında ola bilərdi.

Lakin cəngavər qərarı özünün vermək istəmədiyini bildirir. Seçimi tamamilə qadının öz ixtiyarına buraxır.

Cadugər bu cavabı eşidəndə sevinclə deyir:

– Elə isə mən həmişə gözəl qalacağam! Çünki sən mənə hörmət etdin, seçimimi özümə buraxdın və həyatım üzərində qərar vermək haqqımı tanıdın!

Bəs bu uzun hekayənin nəticəsi nədir? Qadınlar əslində nə istəyirlər Cavab sadədir: qadınlar öz həyatlarına özləri hökm etmək istəyirlər!

Amma hekayənin müəllifinin yumoristik yekunu da var:

Qadınınızın gözəl, yoxsa çirkin, ağıllı, yoxsa ağılsız olmasının fərqi yoxdur. Bütün bunların arxasında yenə də bir cadugər gizlənir…

Müəllif: Andreas Platonov
Təqdim etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*