Qrip niyə həftələrlə davam edir? – Professor səbəbləri AÇIQLADIbackend

Qrip niyə həftələrlə davam edir? – Professor səbəbləri AÇIQLADI

Son günlər qripəbənzər virus infeksiyalarına yoluxan bəzi şəxslərdə xəstəliyin uzun müddət davam etməsi müşahidə olunur. Öskürək, halsızlıq, boğaz ağrısı və digər simptomların həftələrlə aradan qalxmaması əhali arasında narahatlıq yaradıb.

Bəs xəstəliyin uzun çəkməsinin səbəbi nədir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, hazırda müxtəlif respirator virusların paralel şəkildə dövr etməsi epidemioloji vəziyyəti mürəkkəbləşdirir:

“Koronavirus pandemiyası başa çatsa da, virusun yayılması davam edir. İran, Avropa ölkələri və Azərbaycanda koronavirusa yoluxma halları müşahidə olunur. Bundan başqa, bəzi ölkələrdə həm uşaqlar, həm də böyüklər arasında adenovirus infeksiyasının yayılması qeydə alınır. Belə bir şəraitdə xəstəliyə hansı virusun səbəb olduğunu müəyyənləşdirmək mühüm əhəmiyyət daşıyır”.

Professorun sözlərinə görə, yayılan infeksiyalarla bağlı laborator müayinələrin nəticələrinin ictimaiyyətə açıqlanması və əhalinin mütəmadi məlumatlandırılması vacibdir:

“İnsanlar hansı infeksiyanın yayıldığını, hansı profilaktik tədbirlərin görülməli olduğunu və ev şəraitində necə davranmalı olduqlarını bilməlidirlər. Xəstəliyin ilkin əlamətləri müşahidə edildikdə maskadan istifadə etmək, həm özünü, həm də ətrafdakıları qorumaq lazımdır”.
Adil Qeybulla xəstə insanların gündəlik fəaliyyətlərini davam etdirməsinin sağalma prosesini ləngidə və ağırlaşmalara səbəb ola biləcəyini də vurğulayıb:
“Xəstəliyin əlamətlərini hiss edən şəxslərin bir neçə gün evdə qalması, yataq rejiminə əməl etməsi və bol maye qəbul etməsi tövsiyə olunur. Vəziyyət yaxşılaşmadıqda həkimə müraciət edilməlidir. Xəstə halda işə getmək, yolda yenidən soyuğa məruz qalmaq vəziyyətin ağırlaşmasına səbəb ola bilər. İnsanlar bu məqamları mütləq nəzərə almalıdırlar”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*