Ermənistan Milli Məclisinin Aprel döyüşləri ilə əlaqədar istintaq komissiyası hələ heç bir dəvət olunmuş şəxsdən imtina almayıb.
KONKRET.az xəbər verir ki, bu barədə komissiyanın sədri Andranik Köçəryan Milli Məclisdə keçirdiyi brifinqdə bildirib.
“Bütün dəvət olunanların gəlməmək haqqı var, amma Aprel müharibəsinin mövzusu o qədər həssasdır və siyasi dəyəri o qədər yüksəkdir ki, gəlməyən şəxs dərhal şübhə doğuracaq”, – deyə Andranik Köçəryan qeyd edib.
Komissiyanın sədri rəhbərlik etdiyi qurumun işinin nəticələrinin natamam sənədini ictimaiyyətə təqdim etməyəcəklərini, hər şeyin əsaslandırılacağını, sənədləşdiriləcəyini vurğulayıb. Komissiyanın növbəti dəvətlisinin kimliyinə dair suala toxunan Köçəryan qeyd edib ki, bu yüksək rütbəli hərbçi olmalı idi, lakin iştirakı təxirə salındığına görə onun adını indi açıqlamaq mümkün deyil.
Xatırladaq ki, komissiya 2016-cı ilin dördgünlük aprel döyüşlərinin təfərrüatlarını araşdırır. Bunun üçün komissiya vaxtaşırı müxtəlif şəxsləri dəvət edir, komissiyanın son “qonağı” Silahlı Qüvvələrin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, hazırda Baş Nazirin müşaviri olan general-mayor Arşak Karapetyan olmuşdu.
