“Antibiotiklərin koronavirus xəstəliyinə heç bir xeyirli təsiri yoxdur, əksinə…”backend

"Antibiotiklərin koronavirus xəstəliyinə heç bir xeyirli təsiri yoxdur, əksinə..."

Havaların kəskin dəyişməsi ilə koronavirusa yoluxanların və ölənlərin sayı da artıb. Bu gün – noyabrın 12-də COVİD-19 infeksiyasına 1622 yeni yoluxma faktı qeydə alınıb və 20 nəfər vəfat edib. Üstəlik, kəskin respirator virus infeksiyalarının mövsümü artım dövründəyik.

KONKRET.az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov virtualaz.org-a bildirb ki, hazırda koronavirus və digər respirator virus infeksiyalarının klinik əlamətləri çox oxşardır. Bunları ayırd etmək çətindir, bəzən xüsusi labarator müayinələrsiz mümkün deyil. Buna görə də hərarəti yüksələnlər, eləcə də boğaz ağrısı, bəlğəmli öskürəyi və ya ümumi zəifliyi olanlar mütləq həkimə müraciət etməlidirlər. İndiki halda özünümüalicə təhlükəlidir.

İnternetə baxıb orada yazılmış dərmanları istifadə edirlər

Baş infeksionist deyib ki, indiyədək mövsümi xəstəliklər qorxulu hesab edilmirdi, əksəriyyət özünü evdə müalicə edirdi. İndi isə vəziyyət dəyişib. “Təcrübə göstərir ki, xəstəxanalara ağır vəziyyətdə daxil olanların tam yarısı evdə, həkim təyinatı olmadan müalicə olunanlardır. Bəzən tibb bacıları, hətta bu xəstəlikdən müalicə edilib sağalmış şəxslər digərlərinə dərmanlar tövsiyyə edirlər. Virusa yoluxduğunu güman edənlər arasında internetə baxaraq orada yazılmış dərmanları qəbul edənlər də var. Halbuki xəstələrin ağırlıq dərəcələri düzgün qiymətləndirilməli, ehtiyac olduğu halda dərhal xəstəxanaya yerləşdirilməlidirlər. Koronavirusun müalicəsində günlər vacibdir. Günlərin itirilməsi fəsadlarla nəticələnir, məsələn, ağciyərin böyük hissəsi zədələnir”, – baş infeksionist deyib.

Antibiotiklər ziyandır

Eyvazovun sözlərinə görə, indiki halda həkim təyinatı olmadan müxtəlif antibiotiklərin və hormonal tərkibli dərmanların istifadəsi də fəsadlarla nəticələnir. Çünki antibiotiklərin viruslara heç bir təsiri yoxdur. Əksinə bədəndə olan faydalı mikroorqanizmləri məhv etməklə və immun sistemini zəiflətməklə orqanizmə zərər vurur. Xüsusilə yüngül simtomları olan xəstələr antibiotiklərdən istifadə etməməlidirlər: “Qızıdrmasalıcı preparatlar içilir, yaxud ağrıkəsicilərlə xəstələyin əlamətləri sanki sönür, ağrılar azalır, aldadıcı yaxşılaşma təəssüratı yaradır. Xəstəlik isə daxildə öz işini görür və nəticədə ağırlaşma olur. Bu isə çox hallarda faciəyə səbəb olur”.

Eyvazov əlavə edib ki, istənilən halda əlamətləri olanlar ərazi üzrə poliklinikalara müraciət etməlidirlər: “Sahə həkimləri hər bir müraciəti nəzarətdə saxlayırlar. Virusa yoluxmuş yaşı 65-dən yuxarı olanlar, yaxud yanaşı xəstəliyi olan şəxslər xəstəxanalara yerləşdirilməlidirlər. Evdə müalicə olanlar dərmanları məhz həkim təyinatı və nəzarət altında qəbul edilməlidirlər”.

Tibbi maska yoluxdura bilər

Baş infeksionist qeyd edib ki, virusdan qorunmaq üçün indiki halda tibbi maska taxmaq, sosial məsafəni gözləmək və gigiyena şərtlərinə riayyət etməkdən başqa üsul yoxdur: “Tibbi maskadan istifadə məsələsi olduqca əhamiyyətlidir. Maskadan düzgün istifadə etməmək əksinə yoluxdurmaya səbəb olur. Məsələn, maska düzgün taxılmalıdır, çıxarılmalıdır. Qapalı məkanda, insanların sıx olduğu yerdə istifadə edilən maskanı təkrar istifadə etmək olmaz. Ümumiyyətlə, eyni maskanı dəfələrlə istifadə etmək, cibə qoyub sonra təkrar taxmaq olmaz. Bu qorunma üsulu deyil. Tibbi maska hər 2-3 saatdan bir dəyişdirilməlidir, çıxarılarkən üst səthə toxunmaq olmaz”. Həkim koronavirusa yoluxub sağalmış şəxslərin də ehtiyatlı olmalarını tövsiyyə edib. “Onlar mövsümü xəstəliklərə yoluxa bilərlər. Koronavirusa yoluxarkən ağciyərləri zədələnənlər ağırlaşa bilərlər. İstənilən halda ehtiyatlı olmalıdırlar”.

Qaydaların sərtləşdirilməsi

Qaydaların sərtləşdirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Baş infeksionist isə hesab edir ki, indiki halda görülən tədbirlər yetərlidir. “Hazırda daha çox total deyil, lokal qapanmalara üstünlük verirlir. Məktəblərdə dərslərin onlayn formada keçirilməsi, həftəsonları və bayram günlərində nəqliyyatın işləməməsi, metronun fəaliyyətinin müvəqqəti dayandırılması düzgün qərardır və yetərlidir. Yoluxma sayının artmasına baxmayaraq yanaşma dəyişib. Çünki virusla bağlı yeni bilgilər əldə edilib, bu isə daha düzgün qərarlar verməyə imkan yaradıb”,-Eyvazov bildirib. Onun sözlərinə görə, yoluxma sayının artmasına baxmayaraq Azərbaycanda vəziyyət digər ölkələrə nisbətən yaxşıdır, tədbirlər effekt verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*