Məşhur deyim var: tamaşanın əvvəlində səhnədəki xalçanın üzərindən tüfəng asılıbsa, sonda mütləq atəş açılacaq!
Bu mənada Şuşa yolunda hərbçilərimizə qumbara atılması təəccüblü deyil. Təkcə ona görə yox ki, erməni məkrinə bələdik, həm də o səbəbdən ki, Rusiya sülhməramlılarının – əslində, sülhməramsızların – quraşdıqları “tamaşa”da Qarabağın ermənilər olan hissəsində çox sayda silah var, özü də xalça üzərində yox, əllərdə!
Hələ bu nədir ki? Bir neçə gün əvvəl Xocalı ətrafında yerləşdirilmiş böyük silah arsenalı və zirehli texnika parkı görüntüləndi. Erməni terrorçularının silah-sursat, texnikası Rusiya sülhməramlıların təsir zonasında olan ərazidədir!
Hansı ki 10 noyabr 2020-ci il anlaşmasına əsasən, sülhməramlıların bölgəyə gəlişi ilə eyni anda erməni silahlıları dərhal çıxarılmalı, hər hansı adla silahlı qüvvələr mövcud olmamalı idi. Amma nəinki kapitulyasiya aktına imza atan Nikol Paşinyan öz öhdəliyinə əməl etmədi, həm də rus hərbçilər erməni terrorçuların geniş əl-qol açmasından ötrü hər şeylərindən keçdilər ötən bir ildə.
“Nəticə”sini son günlər davamlı şəkildə görürük: qəfildən erməni ordusu “cəsarət”ə gəlir və Laçın istiqamətində hərəkətə keçir, Azərbaycan Ordusu eyni anda 60 nəfərini əsir götürəndən sonra Rusiya sülhməramlıları dövriyyəyə girir və faktiki olaraq cinayət törətmiş ermənilər xilas olur.
Ardınca “WarGonzo” layihəsinin rəhbəri Əsgəran ərazisində peyda olur və yenidən erməni terrorçularını cəsarətə gətirməyə çalışır.
Həmin bu sümsüy it keçən il Şuşa yolunda dabanına tüpürüb qaçmışdı. Onu Qarabağa kim, hansı yolla gətirib? Yol bəllidir, Azərbaycanın humanitar dəhliz olaraq tanıdığı və bağlamadığı yola nəzarət funksiyasını sülhməramlılar yerinə yetirir, amma görünür, heç bir nəzarət yoxdur. Əks halda, bir həftə ərzində Ermənistanın müdafiə naziri, ardınca da Ermənistan parlamentinin daşnak vitse-spikeri Xankəndiyə gəlib torpaqlarımızda sülənməzdilər.
Azərbaycan dövləti qəti şəkildə xəbərdarlıq edib: ərazilərimizə kimsə icazəsiz daxil ola bilməz. Sülhməramlılara da lazımi mesajlar verilib. Bəs niyə qulaqlar tıxanıb, bu nə saymazlıq?!
Azərbaycan milyardlarla vəsait sərf edib Kəlbəcərə tunel yol çəkir, qarlı günlərdə çətin relyefə malik Murov yolunu qət etmək mümkün olmadığı üçün alternativ imkanlar yaratmağa çalışır. Rusiya hərbçiləri isə ermənilərin darmadağın etdiyi Kəlbəcərə təhlükəsiz gediş-gəlişimizi təmin etməkdənsə, Xocalıda erməni qızcığazın sığındığı əsgərinə heykəl qoyur. Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstlərini qoymağa o boyda Rusiyada yer tapılmadımı gətirib…Xocalıda qoyublar?! Bu nə “Şöhrət xiyabanı”dır belə? 10 noyabr, yaxud 11 yanvar anlaşmasında bununla bağlı hər hansı bənd var idimi ki, indi ermənilərin xilaskarları Xocalıda “şöhrət”lənmək istəyirlər?
Rusiya TV-sində həmin “xiyaban”ın açılışından reportaj yayılıb. Aparıcı elə şövqlə danışır ki… “Rusiya burdadır”, – deyə.
Bu nə deməkdir? Azərbaycan torpağında möhkəmlənmək, Qarabağ ermənilərini öz bayrağı altına yığmaq planı həyata keçirilir? Doğrudanmı, bunların başbilənləri anlamırlar ki, xüsusilə Xocalıda bizimlə bu cür məzələnməyin axırı yaxşı olmayacaq. Bizi soyqırıma məruz qoyanların xələfləri indi orada “xiyaban” yaradacaq və biz susacağıq, beləmi zənn edirlər?!
Bütün bu özbaşınalıqların fonunda erməni terrorçusunun Azərbaycan hərbçisinə qumbara tullaması gözlənilən idi. Bundan əvvəl də Şuşada təxribat törətmişdilər, o zaman düşmən cavabını almışdı, biri gəbərmişdi. Daha öncə dəfələrlə erməni silahlıları hərbçilərimizə atəş açmışdı, sülhməramlılar isə özlərini görməzliyə vurmuşdular, hətta Azərbaycan tərəfin rəsmi mövqeyini təkzib etmək cəhdi göstərmişdilər. Təxribatın Şuşanın Daşaltı kəndi yaxınlığındakı giriş-çıxış postunda, rus hərbçilərin gözü qarşısında baş verməsi də təsadüf ola bilməz.
Bir neçə gün əvvəl Azərbaycan Prezidenti Daşaltıda məscidin təməlini qoydu. Azərbaycan dövləti erməniləri dəvət edir normal yaşayışa. Amma birgəyaşayış halında özlərinin “artıq” olacağını anlayanlar ciddi şəkildə narahatdırlar…
Bu mənada son hadisənin razılaşdırılmış terror aktı olması istisna deyil. Yəni sən qumbaranı at, biz səni “zərərsizləşdirəcəyik”. Əks halda, terrorçu bu cür zərərsizləşdirilmir, sanki gəzməyə aparırlar. Rusiyada azərbaycanlı şübhəlinin başına nə oyun açdıqlarını illər öncə hamımız görmüşük.
“RQD-5” əl qumbarası ilə 3 hərbçimizi yaralayan terrorçu Norayr Mirzoyan isə başını rus hərbçilərin əhatəsində dik tutub gedirdi, heç nə olmamış kimi.
Belə anlaşılır ki, iki gün əvvəl Xudavəng məbədindəki erməni keşiş (!!!) rus sülhməramlılarına əbəs yerə dua eləyib, başına xaç sürtmürmüş. Deməli, dünən Xankəndidəki bir dəstə axçinin Rusiya sülhməramlıları ilə görüşüb Azərbaycandan şikayət dolu məktub vermələri də təsadüf deyilmiş.
“İlana zəhər verən kərtənkələlər” misalı yerinə düşür. Xatırlayaq, Şuşa ətrafındakı ilk təxribat nə vaxt baş verdi? Azərbaycan Zəfər günü münasibətilə qələbə törənlərini keçirdiyi zaman – Azərbaycan Prezidenti Şuşaya səfər etdiyi gün! Düşmən və havadarları Şuşa atəşfəşanlığını sindirə bilmədilər…
Hərbçilərimizə qumbara isə Türk dünyası üçün möhtəşəm tarixi hadisənin baş verməsindən sonra atıldı. Türk qapısının açılması istiqamətində növbəti qətiyyətli mövqenin ifadə olunması fonunda Laçın dəhlizində törədilən terror sıradan məsələ deyil. Təsadüfi deyil ki, hadisə baş verən kimi dəhliz bir neçə saatlıq da olsa, qapadıldı. Yəni təxribat-terror əməlləri nifaqı dərinləşdirməyə, anlaşmanı pozmağa xidmət edir, heç şübhəsiz. Üstəlik, terrorçunun Xankəndidəki quldurlara “təhvil” verilməsi də qəbulolunmazdır! Sülhməramlılar Araik Arutyunyan daxil bütün caniləri Bakıya təhvil verməlidir, həmçinin Azərbaycana qarşı döyüşmüş Norayr Mirzoyanı!
Bu yerdə aydın olmayan bir məsələ var: Putin başda olmaqla, Rusiya Zəngəzur dəhlizinin açılmasında, 3+3 formatında anlaşmanın mövcudluğunda, Qarabağda sülhün bərqərar olunmasında maraqlıdırsa, onda Azərbaycan ərazilərində törədilən təxribatları stimullaşdıran, terrorçu erməniləri himayə edən, torpaqlarımızda “tamaşa”lar quran hansı səlahiyyət sahibidir? Ümumiyyətlə, baş verənlərdən Putinin xəbəri varmı?/Musavat.com
