Ayın sonunda elektrik hesabı gələndə bəzən məbləğin niyə bu qədər çox olduğu sualı yaranır.
Bəs evdə işıqları söndürmək qənaət üçün kifayət edirmi, yoxsa gün ərzində istifadə etdiyimiz məişət cihazları daha çox xərc yaradır?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a ekoloq Sadiq Həsənov danışıb. Onun sözlərinə görə elektrik enerjisinə qənaət etmək həm ailə büdcəsi, həm də ətraf mühit baxımından vacibdir:
“Elektrik enerjisinə qənaət etmək həm maddi baxımdan sərfəlidir, həm də elektrik enerjisinin istehsalı zamanı resurslardan daha səmərəli istifadəyə imkan verir. Eyni zamanda, bu, ətraf mühitə atılan karbon qazı (CO₂) emissiyalarının azalmasına da töhfə verir. Belə ki, 1 kVt/saat elektrik enerjisinin istehsalı üçün təxminən 255 qram mazut sərf olunur. Bu isə təqribən 0,5 kq CO₂ və digər qazların atmosferə buraxılması deməkdir. Bu baxımdan, həm iqtisadi səmərəliliyin artırılması, həm də ətraf mühitə mənfi təsirlərin azaldılması üçün məişətdə elektrik enerjisinə qənaət edilməsi vacib məsələlərdən biridir”.
Ekoloq qeyd edib ki, evdə ən çox elektrik enerjisi sərf edən cihazlardan biri paltaryuyan maşındır:
“İlk növbədə, ən çox elektrik enerjisi sərf edən məişət cihazlarından biri paltaryuyan maşındır. Onun enerji sərfiyyatı gücündən və istifadə rejimindən asılı olaraq dəyişir. Xüsusilə, yuma prosesinin ilkin mərhələsində suyun qızdırılması daha çox enerji tələb edir. Paltaryuyan maşın bir yuma dövründə təxminən 1–2 kVt/saat elektrik enerjisi sərf edə bilər. Gündəlik istifadə zamanı bu göstərici əhəmiyyətli dərəcədə artır. Ay ərzində müntəzəm istifadənin 80–100 kVt/saat enerji sərfiyyatına səbəb olması mümkündür. Buna görə də paltarları az miqdarda və tez-tez yumaq əvəzinə, bir neçə gün ərzində toplayaraq bir dəfəyə yumaq daha məqsədəuyğundur. Bu, elektrik enerjisinə qənaət etməyə kömək edir.
Elektrik enerjisi sərfiyyatı yüksək olan digər məişət cihazı kondisionerdir. Kondisionerlərdən həm yayda soyutma, həm də qışda isitmə məqsədilə geniş istifadə olunur. Onların enerji sərfiyyatı cihazın gücündən, əhatə etdiyi sahədən və işləmə müddətindən asılıdır.
Məsələn, 15 000 BTU gücündə olan məişət kondisioneri gündə 8 saat işlədikdə təxminən 5–7 kVt/saat elektrik enerjisi sərf edə bilər. Bu isə ay ərzində müntəzəm istifadə zamanı 200–250 kVt/saat enerji sərfiyyatı deməkdir. Buna görə də kondisionerdən yalnız ehtiyac olduqda və mümkün qədər qısa müddət ərzində istifadə etmək daha sərfəlidir. Bu, həm elektrik enerjisi xərclərini azaldır, həm də ətraf mühitə təsiri minimuma endirir”.
O bildirib ki, soyuducu da elektrik enerjisi sərfiyyatında mühüm yer tutur:
“Digər mühüm məişət cihazı soyuducudur. Soyuducu günün 24 saatı, ilin bütün günləri işlədiyi üçün ümumi elektrik enerjisi sərfiyyatında əhəmiyyətli paya malikdir. Gücündən və texniki xüsusiyyətlərindən asılı olaraq, bir soyuducu gün ərzində təxminən 1–2 kVt/saat, ay ərzində isə 50-60 kVt/saat elektrik enerjisi sərf edə bilər.
Xüsusilə, soyuducunun qapısının tez-tez açılması və uzun müddət açıq saxlanılması cihazın daha intensiv işləməsinə və enerji sərfiyyatının artmasına səbəb olur. Buna görə də soyuducunun qapısını ehtiyac olmadıqda açmamaq, açıq saxlamamaq vacibdir.
İşıqlandırma sistemlərindən istifadə zamanı da qənaətə diqqət yetirilməlidir. Məsələn, 50 vatt gücündə lampa bir saat ərzində 0,05 kVt/saat elektrik enerjisi sərf edir. Belə lampanın 10 saat işləməsi 0,5 kVt/saat enerji sərfiyyatı deməkdir. Buna görə də istifadə olunmayan otaqlarda işıqlar söndürülməli, ənənəvi lampalar əvəzinə daha az enerji sərf edən LED lampalara üstünlük verilməlidir.
Digər məişət avadanlıqlarından biri də kombidir. Kombidən istifadə zamanı temperaturun ehtiyacdan artıq yüksəldilməməsi, daha aşağı və optimal istilik rejiminin seçilməsi elektrik və qaz sərfiyyatının azalmasına kömək edə bilər. Eyni zamanda, evdə istiliyin qorunması üçün lazımi şəraitin yaradılması da enerji qənaəti baxımından əhəmiyyətlidir. Məişət cihazlarından düzgün və ehtiyaca uyğun istifadə etməklə həm ailə büdcəsinə qənaət etmək, həm də ətraf mühitə mənfi təsirləri azaltmaq mümkündür”.
