Armen Sarkisyandan etiraf dolu açıqlama: “Biz təkcə dövlətin deyil, millətin böhranını yaşayırıq”backend

Armen Sarkisyandan etiraf dolu açıqlama: "Biz təkcə dövlətin deyil, millətin böhranını yaşayırıq"

44 günlük müharibə və acı məğlubiyyət Ermənistanda əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olub. Ölkədə daxili qarşıdurma pik həddə çatıb. Sosial şəbəkələrin Ermənistan seqmentində və eləcə də Ermənistan mətbuatında yayılan məlumatlardan da görünür ki, düşmən ölkənin rəhbər vəzifəli şəxsləri mövcud durumu etiraf edirlər. Çünki onların artıq başqa çarələri də yoxdur. Görünən dağa bələdçi lazım deyil…

KONKRET.az xəbər verir ki, belə bir çıxışlardan birini Ermənistan prezidenti Aram Sarkisyan edib. Sarkisyan çıxışı zamanı bildirib ki, müharibədə minlərlə gəncin ölümü həm cəmiyyət, həm onların ailələri üçün faciədir. Sarkisyan qeyd edib ki, 26 il bundan əvvəl bizim güclü ordumuz var idi:

“Bu dövr ərzində Azərbaycan bu istiqamətdə böyük güc sərf edib, müasir texnologiyalar tətbiq edib bütün bunların fonunda Ermənistan isə arzusunu, xəyallarını bir reallıq kimi qəbul edib. Ermənistan deyir güclü ordusu var, amma reallıqda isə bu, yoxdur”.

Sarkisyan etiraf edib ki, Ermənistan demoqrafiya məsələlərində də məğlub oldu:

“Dağlıq Qarabağda əhalinin sayı 20 min nəfər azalıb. Halbuki, bu əraziləri məskunlaşdırıb əhalinin sayını artırmaq lazım idi. Azərbaycanlılar həm də informasiya və media müstəvisində müharibəyə hazırlaşdılar. Ermənistan bu müharibəni itirdi, ona görə ki, bununla məşğul olmadı. Azərbaycan Ermənistana qarşı informasiya hücumları edir, Ermənistanda isə qüvvələr bir-birilərinə ittiham yağdırırlar”.

Sarkisyan deyib ki, Ermənistan dövlətçiliyinin uzun illər dağıdılması prosesi gedib:

“Ermənistan böyük böhran içindədir. Bunun ən pisi həm də emosional-psixoloji böhrandır. Çünki təkcə Ermənistan dövlətçiliyinin deyil, erməni insanının imicinə böyük zərbə vurulub. Ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsil də daşıyacaq. Ermənistan dizi üstə çöküb və ayağa durmalıdır. Ancaq necə? Hökumət istefaya getməlidir. Belə təlatümdən sonra istənilən hökumət mandat almalıdır. İndiki hökumət seçiləndə Ermənistan tam fərqli bir dövlət idi, indi isə ermənilər başqa bir dövlətdə yaşayırlar. Ermənistan ağır sosial-iqtisadi böhran içindədir. Səhiyyə, koronavirus, müharibədə itkilər, onların ailələri. Onlara pensiyalar lazımdır, psixoloji yardım göstərilməlidir. Cəbhədən qayıdan yaralılar, hərbçilərlə kim məşğul olacaq? Onlar haradan iş tapacaqlar? Biz təkcə dövlətin deyil, millətin böhranını yaşayırıq – səhiyyə, maliyyə, iqtisadi, psixoloji, humanitar və s. – bütün sahələrdə böhrandır”.

Məğlub Ermənistanın prezidenti söyləyib ki, Ermənistanda referendum keçirilməlidir, Konstitusiya insana xidmət halına salınmalıdır:
“Ermənistan hakimiyyəti diaspora ilə Ermənistan arasında Berlin divarı çəkib. Ermənistanda dövlət orqanı təyinatı üzrə deyil, ona rəhbər təyin edilmiş adamın şəxsi əlavəsi kimi fəaliyyət göstərir”.
Göründüyü kimi Ermənistan prezidentinin bu fikirləri ölkənin hansı acınacaqlı durumda olduğunu göstərir. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*