Arzum işi böyüdü – Almaniya “hərəkətə keçir”: Siyahıda Velizar da varbackend

Arzum işi böyüdü – Almaniya “hərəkətə keçir”: Siyahıda Velizar da var

Almaniyada baş verən son hadisədən xəbəriniz var, yəqin ki. Olmayanlar üçün qısa xatırladım. Ötən gün Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən parlament seçkilərində sağçı populist “Almaniya üçün Alternativ” (AfD) partiyası 44 faiz səs toplayaraq qalib gəlib.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, buraya qədər seçki nəticəsidir. Maraqlı olan isə bundan sonrasıdır.

Partiyanın 35 yaşlı əyalət hökuməti baş nazirliyinə namizədi Uilrix Ziqmund Almaniyada “TikTok ulduzu” kimi tanınır. Seçki kampaniyasında əsas təbliğat vasitələrindən biri məhz TikTok olub. O, platforma üzərindən milyonlarla insana çatan videolarla seçicilərlə birbaşa əlaqə qurub.

Uilrix Ziqmund 1
(Uilrix Ziqmund – solda)

Bu, əslində, siyasətin haraya getdiyini göstərən kiçik, amma olduqca ciddi bir nümunədir.

Çünki sosial media artıq sadəcə əyləncə vasitəsi deyil. Siyasət də, xəbər də, ictimai müzakirə də getdikcə ora köçür.

Bir vaxtlar “Facebook” bunun əsas meydanı idi. Universitetə yeni daxil olduğum vaxtlar bizdən böyük qruplar “Facebook” hesabı açmağı, çevrə toplamağı, hətta yazılarımızı orada paylaşmağı tövsiyə edirdilər. Mən də hesabımı açıb əsasən işimlə bağlı paylaşımlar edirdim.

Sonra zaman dəyişdi.

“Facebook” əvvəlki təsirini itirdi, Instagram daha çox şəxsi və vizual platformaya, “X” isə əsasən siyasətçilərin və ictimai şəxslərin meydanına çevrildi.
TikTok isə bütün bu mənzərəni bir qədər alt-üst etdi.

Yarandığı ilk illərdə daha çox yeniyetmələrin rəqs etdiyi, musiqili videolar çəkdiyi, bir sözlə, ciddi platforma sayılmayan TikTok bu gün siyasətçinin də, jurnalistin də, bloqerin də diqqət mərkəzindədir.

Səbəb çox sadədir: əlçatanlıq.

Əlinə telefon alan istənilən şəxs bir hadisəni çəkə, fikrini danışa, problemini göstərə və bir neçə saat ərzində minlərlə insana çata bilər. Bunun üçün studiya, kamera, böyük büdcə və ya tanınmış soyad lazım deyil.

Məhz buna görə siyasətçilər də TikTok-a üz tutur.
Ümid Partiyasının sədri İqbal Ağazadə ilə danışdım.

Deyir:

“İndi TikTok daha cəlbedicidir. Ümid Partiyası olaraq biz də TikTok-dan geniş istifadə edirik. Azərbaycan siyasətində 3-5 nəfərdən biriyik ki, bu platformada videolarımız paylaşılır. Çox böyük baxış sayı və izləyici dəstəyi qazanmışıq”.

Politoloq Zaur İbrahimlinin fikrincə isə Facebook-un alqoritmlərinin kommersiyalaşması geniş auditoriyaya çıxışı çətinləşdirib. Bu baxımdan, hazırda böyük kütləyə çatmaq istəyənlər üçün TikTok-u nəzərə almamaq mümkün deyil.

Və məsələ təkcə siyasətdən ibarət deyil.
WhatsApp Image 2026 09 09 at 09.30.09

Arzum məsələsini xatırlayın.

Onun məhkəmə prosesi, qərarlar və proses zamanı baş verənlərlə bağlı vəkillər, jurnalistlər, hətta adi vətəndaşlar TikTok-da canlı yayımlar açır, məlumat paylaşırdılar. Bloqerin barəsində çıxarılan hökmü ədalətsiz hesab edənlər öz mövqelərini, analizlərini və müzakirələrini məhz bu platformada aparırdılar.

Velizar məsələsində də oxşar mənzərəni gördük.

Yeni başladığı vaxtlarda xəstə insanlar üçün canlı yayımlarda pul toplayırdı. Qanunla qadağan olduğu üçün bununla bağlı cəzasını da çəkdi. Amma həmin dövrdə tərəfdarları müxtəlif formalarda ona dəstək nümayiş etdirdi. Yenə də əsas meydan TikTok idi.

Bu gün xəbər portalları üçün də TikTok artıq sadəcə sosial şəbəkə deyil, həm də informasiya mənbəyidir.

Rayona dolu yağır, sel olur, yanğın baş verir, qəza olur – hadisə yerindəki vətəndaş telefonu çıxarıb çəkir. Video TikTok-da paylaşılır və qısa müddətdə minlərlə insana çatır. Xəbər saytları da həmin görüntülərdən istifadə edir.

Bir sözlə, “xalqın gözü tərəzidir”.

TikTok-u böyüdən əsas amil də budur: insan öz problemini özü danışa bilir və səsini əvvəllər heç vaxt çata bilməyəcəyi auditoriyaya çatdırır.
Bir vaxtlar əlçatmaz hesab etdiyimiz məşhur simaların canlı yayımına qoşulmaq, onlara sual vermək, fikrimizi yazmaq indi adi hala çevrilib.

Bəs bundan sonra nə olacaq?

Hələ tələbə vaxtı qəzetlərin sıradan çıxacağını, saytların onları əvəz edəcəyini deyəndə buna inanmaq çətin idi. Qəzetin bir gün yalnız arxiv vasitəsinə çevriləcəyi belə müzakirə olunurdu.

Bu gün isə eyni sual saytlar üçün yaranır. Bəlkə də sabah jurnalistikanın özünün necə dəyişəcəyini müzakirə edəcəyik. Çünki texnologiya dayanmayacaq.

TikTok da əbədi deyil. Bu gün milyonlarla insanın istifadə etdiyi platforma sabah başqa bir texnologiyaya yol verə bilər. Necə ki, bir vaxtlar Facebook-un, qəzetlərin, televiziyanın yerini başqa vasitələrin tutacağını təsəvvür etmək çətin idi.

Platformalar dəyişəcək. Adlar dəyişəcək. Alqoritmlər dəyişəcək. Amma bir şey dəyişməyəcək: İnsan haradadırsa, informasiya da ora gedəcək.

Ona görə məsələ sadəcə TikTok-da olmaq deyil. Məsələ dövrün dəyişdiyini vaxtında görməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*