Azərbaycanda 4 günlük iş həftəsi gündəmdə: VACİB AÇIQLAMAbackend

Azərbaycanda 4 günlük iş həftəsi gündəmdə: VACİB AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində iş və şəxsi həyat balansının qorunması məqsədilə 4 günlük iş həftəsinə keçidlə bağlı müzakirələr aparılır. Azərbaycanda da zaman-zaman bu modelin tətbiqi məsələsi gündəmə gəlir.

Bəs Azərbaycanda 4 günlük iş həftəsinə keçid mümkündürmü? Bununla bağlı hər hansı hazırlıq aparılırmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı hesab edir ki, hazırkı şəraitdə Azərbaycanda 4 günlük iş həftəsinə keçid real görünmür.

CROSSMEDIA - Tural Abbaslı: Sabah məlum olsa ki, Ağ Partiyanın hansısa üzvü  də Mehdiyevlə əlbirdir...- MÜSAHİBƏ

“Çünki bizdə heç 5 günlük iş rejimi normal şəkildə tətbiq olunmur. Hətta şənbə günü də bir çox yerlərdə yarım iş günü hesab olunur. Bir sıra özəl şirkətlərdə isə insanları nəinki şənbə, hətta bazar günü də işlədirdilər. Buna nəzarət etməli olan Əmək Müfəttişliyi və aidiyyəti qurumlar da bəzən bu hallara göz yumurlar”, – deyə o bildirib.

Tural Abbaslı qeyd edib ki, işçilərin qanunla müəyyən edilmiş iş vaxtından artıq çalışdırılması halları dövlət qurumlarında da müşahidə olunur:

“Bəzi dövlət qurumlarında belə işçilər müəyyən edilmiş iş müddətindən artıq işlədilir. Üstəlik, həmin əlavə əməyin qarşılığı da ödənilmir. İşçi bununla bağlı şikayət etdikdə isə bəzən növbəti il onunla əmək müqaviləsi uzadılmır. Bu baxımdan 4 günlük iş həftəsinə keçid hazırkı reallıqda real görünmür”.

Partiya sədrinin sözlərinə görə, Azərbaycanda ilk növbədə əmək hüquqlarının qorunması və işçilərin istismarının qarşısının alınması istiqamətində ciddi addımlar atılmalıdır.

“Azərbaycan hələlik, təəssüf ki, işçi hüquqlarının qorunması sahəsində çox geridə qalıb. Hətta bunu bəzi Afrika ölkələri ilə müqayisə etmək mümkündür. Halbuki Avropa ölkələrində 5 günlük iş rejimi belə daha yüksək standartlarla tətbiq olunur. Orada insanların və əməkçilərin vaxtına hörmətlə yanaşılır”, – deyə T.Abbaslı vurğulayıb.

O əlavə edib ki, Azərbaycanda iş yerlərinin məhdud olması da əmək hüquqlarının pozulmasına şərait yaradır:

“Bizdə işəgötürənlər – istər dövlət, istərsə də özəl sektor olsun – bilirlər ki, iş yerləri azdır. Buna görə də əməkçiləri istismar edirlər. Çünki işçinin başqa alternativinin olmadığını düşünürlər”.

Tural Abbaslı, həmçinin Azərbaycanda 4 günlük iş həftəsinə keçidlə bağlı təşəbbüslə çıxış edən deputatın olduğunu düşünmədiyini bildirib.

Beləliklə, partiya sədrinin fikrincə, Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqindən əvvəl mövcud 5 günlük iş rejiminin tələblərinə əməl olunması, işçilərin qanunsuz olaraq əlavə işə cəlb edilməsinin qarşısının alınması və əmək hüquqlarının daha effektiv qorunması təmin edilməlidir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*