Boşanma valideynlərin münasibətinə son qoysa da, onların övlad qarşısındakı məsuliyyəti bitmir. Xüsusilə alimentin ödənilməməsi, uşağın maddi təminatı ilə bağlı mübahisələrin davam etməsi və valideynlərin bir-birini övladının yanında günahlandırması uşağın psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər.
Bəs belə vəziyyətdə uşaq özünü necə hiss edir və valideynlər arasında davam edən konflikt onun gələcək psixoloji inkişafında hansı problemlərə yol aça bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Dilruba Həsənova bildirib ki, uşağın psixologiyasına əsas təsir edən amil valideynlərin boşanması deyil, boşanmadan sonrakı mühitdir:

“Ümumiyyətlə, boşanma prosesinin özü uşağın psixologiyasına təsir göstərə bilər. Lakin burada əsas məsələ valideynlərin boşanması deyil. Əsas məsələ boşanmadan sonra uşağın hansı mühitdə böyüməsi və valideynlərin ona münasibətidir.
Çox hallarda valideynlər boşandıqdan sonra uşaqdan bir-birinə qarşı vasitə kimi istifadə edirlər. Bu isə uşağın psixologiyasında ciddi travmalara səbəb ola bilər.
Əgər valideynlər boşandıqdan sonra da davamlı mübahisə edir, aliment, pul və uşağın təminatı ilə bağlı konflikt yaşayır və övladı da bu mübahisələrin içində saxlayırlarsa, bu, ona ciddi təsir göstərir.
Uşaq belə vəziyyətdə özünü güvəndə hiss etmir, narahat olur. Bəzən özünü günahkar da hesab edə bilər. Onun beynində “Mənə görə mübahisə edirlər”, “Mən probleməm”, “Atam və ya anam məni istəmir” kimi düşüncələr yarana bilər”.
Psixoloqun sözlərinə görə, aliment məsələsi də uşağın gözündə yalnız maddi problem kimi qəbul edilmir. Uşaq bunu valideyninin ona münasibəti kimi qiymətləndirə bilər:
“Xüsusilə uşaq öz ehtiyaclarının qarşılanmadığını görürsə, özünü dəyərsiz hiss edə bilər. Azərbaycan ailələrində bu məsələ daha həssasdır. Çünki boşanmadan sonra çox vaxt tərəflər bir-biri haqqında uşağın yanında danışırlar.
Uşaq isə istər-istəməz bu söhbətlərin içində qalır. Bir tərəfdən anasını, digər tərəfdən atasını sevir. Lakin valideynlərdən biri haqqında digərinin yanında mənfi danışıldıqda uşaq daxildə seçim etməyə məcbur olur. Uşağa ən çox zərər verən məsələlərdən biri də budur. Uşaq valideynlərdən birinin tərəfini tutmağa məcbur edilməməlidir”.
Dilruba Həsənova qeyd edib ki, valideynlər arasındakı konflikt uzun müddət davam etdikdə bu, uşağın davranışlarında da özünü göstərə bilər:
“Uşaq daha əsəbi və ya özünəqapanıq ola bilər, dərslərinə diqqəti azala, yuxusu və iştahası dəyişə bilər. Bəzən uşaq problemini sözlə ifadə etmir, davranışları ilə göstərir.
Davamlı stress uşağın həm psixoloji, həm də fizioloji vəziyyətinə təsir edir. Uzun müddət narahatlıq yaşayan uşaqda yuxu problemi, diqqət dağınıqlığı, tez yorulma və emosiyalarını idarə etməkdə çətinlik yarana bilər. Uşaqlıq dövründə beyin və sinir sistemi inkişaf etdiyi üçün davamlı stress bu prosesə də mənfi təsir göstərə bilər”.
Psixoloq maddi çətinliklərin də uşağın özünə münasibətinə təsir etdiyini vurğulayıb:
“Uşaq yaşıdlarında olan imkanların özündə olmadığını gördükdə utanma, özünü aşağı hiss etmə və özünəinam problemi yaşaya bilər. Amma burada əsas məsələ pulun özü deyil. Əsas məsələ uşağın özünü diqqətsiz və dəyərsiz hiss etməsidir”.
Psixoloq valideynlərə mühüm xəbərdarlıq da edib:
“Valideynlər uşağın yanında bir-birini günahlandırmamalıdır. “Atan sənə pul vermir”, “Anan belə etdi”, “Get atanla danış” kimi ifadələr böyüklərin problemini uşağın üzərinə qoyur.
Valideynlər boşana bilərlər. Amma uşağın valideyni olmaq davam edir. Ona görə də ayrılıqdan sonra da uşağın həm maddi, həm də emosional ehtiyacları qarşılanmalıdır.
Uşaq bilməlidir ki, valideynlərinin arasında nə problem varsa, bu, onun günahı deyil. O, tərəf seçməməli və valideynlərinin problemini həll etməyə çalışmamalıdır.
Ən əsası isə uşaq özünü sevilən, dəyərli və güvəndə hiss etməlidir. Çünki uşağın psixologiyasına ən çox təsir edən amil valideynlərin boşanması yox, boşanmadan sonra uşağa yaşatdıqları mühitdir”.
Psixoloq-loqoped Ləman Kazımova da məsələ ilə bağlı fikirlərini bölüşərək bildirib ki, boşanmadan sonra aliment və maddi təminatla bağlı mübahisələrin davam etməsi uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.

“Maddi sıxıntılar və valideynlərdən birinin uşağa kifayət qədər diqqət ayıra bilməməsi də onda dəyərsizlik və tərk edilmə hissi yarada bilər. Uzunmüddətli konflikt isə gələcəkdə uşağın özünəinamına, emosional sabitliyinə, münasibətlər qurmasına və insanlara güvənməsinə təsir göstərə bilər.
Ən vacib məqam odur ki, valideynlər öz mübahisələrini uşağın üzərinə daşımamalı, onu tərəf seçməyə məcbur etməməli və ona sevildiyini, dəyərli olduğunu və təhlükəsiz olduğunu hiss etdirməlidirlər”.
Beləliklə, mütəxəssislərin fikrincə, boşanmanın özü uşağın həyatında müəyyən emosional çətinliklər yarada bilsə də, əsas təhlükə ayrılıqdan sonra davam edən konfliktlərdir. Aliment və maddi təminat məsələləri böyüklər arasında hüquqi və maliyyə müstəvisində həll edilməli, uşaq isə bu qarşıdurmanın tərəfinə çevrilməməlidir.
Aynurə İsmayıl
KONKRET.az
