Maaşlar artır, amma dolanışıq çətinləşir – “İşləyən kasıblar” problemi DƏRİNLƏŞİRbackend

Maaşlar artır, amma dolanışıq çətinləşir – “İşləyən kasıblar” problemi DƏRİNLƏŞİR

Azərbaycanda əməkhaqlarının artmasına baxmayaraq, bir çox vətəndaşın gəliri gündəlik xərclərini qarşılamağa kifayət etmir. Xüsusilə gənc mütəxəssislər, alimlər, müəllimlər, mühəndislər və digər sahələrdə çalışanların gəlirlərinin bazardakı qiymət artımı ilə ayaqlaşmaması “işləyən kasıblar” problemini gündəmə gətirir.

Bəs Azərbaycanda əməkhaqqı sistemi real yaşayış xərclərinə uyğun hesablanırmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, ölkədə əməkhaqqı sistemində ciddi problemlər mövcuddur.

Sərdar Cəlaloğlunun partiyası fəaliyyətini dayandırır? - AÇIQLAMA |  Modern.az

Onun sözlərinə görə, qiymətlərin artması ilə əməkhaqlarının səviyyəsi arasında ciddi uyğunsuzluq yaranıb:

“Əslində Azərbaycanda əməkhaqqı sistemində çox ciddi problem var. Baxmayaraq ki, qiymətlər inhisarçılar tərəfindən qanunsuz şəkildə artırılır və monopolistlər daxili bazarda qiymətlərin aşağı düşməsinin qarşısını alırlar, eyni zamanda əməkhaqqı sisteminin özündə də ciddi problem mövcuddur. Bazar qiymətləri ilə uyğun gəlməyən əməkhaqqı verilir. Bu da ölkə əhalisinin böyük əksəriyyətinin kasıblşmasına gətirib çıxarır”.

Siyasətçi hesab edir ki, Azərbaycanda işləmək və işləməmək arasında gəlir baxımından ciddi fərqin olmaması da problemin əsas səbəblərindən biridir. Onun fikrincə, bir çox çalışan vətəndaş minimum əməkhaqqından yalnız bir qədər yüksək gəlir əldə edir:

“Azərbaycanda demək olar ki, işləyib-işləməməyin o qədər də əhəmiyyəti yoxdur. İşləyənlərin özləri minimum əməkhaqqından bir qədər artıq maaş alırlar. Bu məbləğ isə bazar qiymətləri ilə müqayisədə istehlak tələbatını təmin etmir. Hətta verilən orta əməkhaqqı belə istehlak səbətinin xərclərini qarşılamır”.

Sərdar Cəlaloğlu vurğulayıb ki, əsas problem yalnız əməkhaqlarının nominal olaraq artırılmasında deyil, onların real yaşayış xərcləri ilə müqayisəsindədir. Onun sözlərinə görə, rəsmi statistik göstəricilərlə vətəndaşların gündəlik həyatda qarşılaşdığı reallıq arasında ciddi fərq var:

“Bu baxımdan düzgün hesablanma aparılmır. Rəqəmlər üzərində əməliyyatlar aparılır, amma real həyatdakı vəziyyət formal vəziyyətdən tamamilə fərqlənir”.

Siyasətçi hesab edir ki, əməkhaqları müəyyənləşdirilərkən yalnız nominal göstəricilər deyil, ərzaq məhsulları, kommunal xidmətlər, kirayə, nəqliyyat, təhsil və digər zəruri xərclərin real qiymətləri də nəzərə alınmalıdır.

Bu baxımdan, həkimlərin əməkhaqlarının artırılması müsbət addım kimi qiymətləndirilsə də, digər sahələrdə çalışan alimlərin, müəllimlərin, mühəndislərin və gənc mütəxəssislərin gəlirlərinin də real yaşayış xərclərinə uyğunlaşdırılması məsələsi aktuallığını qoruyur.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*