Antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Əkrəm Şadmanovun həyat yoldaşı onunla bağlı xatirələrini bölüşüb.
KONKRET.az xəbər verir ki, o, sosial media hesabında həyat yoldaşının 2020-ci ildə Vətən müharibəsi başlayan gün cəbhəyə yollanmasını, həmin gün yaşananları və qızı Solmazın atası ilə bağlı xatirələrini yazıb.
Şəhid zabitin həyat yoldaşı qeyd edib ki, Solmaz 27 sentyabr 2009-cu ildə dünyaya gəlib. Əkrəm qızına öz anasının adını verib və onu “anam”, “nazlı qızım”, “kukla qızım” deyə əzizləyib:
“2020-ci ilə qədər gözəl ad günləri keçirirdik. Elə həmin gün də keçirəcəkdik. Axşamdan planlar quruldu, sevincli bir yuxuya getdik. Yuxumuzu uğultulu hərbi toplanış üçün çalınan səs bölmüşdü. Hələ nə baş verdiyini anlamırdım. Əkrəm tələsik əşyalarını topladı və qapıdan boylanan balaları bağrına bərk-bərk sıxıb, gözlərimin içinə baxdı: “Heç nə yoxdur, narahat olma”. Eyvandan onun ardınca baxırdım. Bütün hərbçilər maşınlara qaçırdı. Hələ də heç nə anlamırdım. Eyvanların birindən bir gəlin fəryad edirdi. “Bizi hara qoyub gedirsən?” – deyib ağlayırdı. Altı il keçsə də, o səs qulaqlarımdadır. Elə bil onda oyandım ki, bu müharibədir… Bəli, bu, müharibənin başlaması, torpaqların azadlığı və ardı-arası kəsilmədən gələn tabutların ilk günü idi”.

Şəhid polkovnik-leytenantın həyat yoldaşı bildirib ki, döyüşlər başa çatdıqdan sonra Əkrəm evə qayıdıb. Lakin həmin gündən etibarən ailə Solmazın doğum gününü 27 sentyabrda deyil, 24 sentyabrda qeyd etməyə başlayıb:
“Çünki Əkrəm qayıtsa da, neçə-neçə oğullar qayıtmamışdı”.
Şəhid zabitin həyat yoldaşı 2023-cü ildə qızı Solmazın atası ilə çəkdirdiyi son şəklini də paylaşıb.
“Qızımın atası ilə olan son şəkli… Dünəndən dayanmadan ağlayır, heç bir şey onu ovutmur”, – deyə o bildirib.\\musavat.com

