Axtarışda olan şəxslərlə bağlı REALLIQ – İlin sonunu gözləyəkbackend

Axtarışda olan şəxslərlə bağlı REALLIQ - İlin sonunu gözləyək

Xaricdə yaşayan və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxslərin ölkəyə gətirilməsi məsələsi son günlər yenidən gündəmə gəlib. Bu şəxslərlə bağlı məhkəmə qərarlarının icrası, onların hansı hüquqi mexanizmlər əsasında Azərbaycana qaytarılmasının mümkünlüyü və prosesin nə qədər vaxt aparacağı suallar doğurur.

Bəs axtarışda olan şəxslərin ilin sonuna qədər Azərbaycana gətirilməsi realdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, məsələ ilk növbədə Azərbaycan qanunvericiliyi çərçivəsində həll edilməlidir.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir” | Modern.az

Onun sözlərinə görə, Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyətlərlə bağlı artıq məhkəmə qərarları mövcuddursa, həmin qərarların icrası təmin olunmalıdır:

“Azərbaycan dövlətçiliyinə qarşı atılan addımlarla bağlı artıq məhkəmə qərarları var. Həmin qərarlar yerinə yetirilməlidir. Bununla belə, konkret vaxt demək çətindir. Çünki bu məsələ hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.

Tezliklə həmin şəxslərin Azərbaycana gətiriləcəyi ilə bağlı müxtəlif məlumatlar yayılır. Bunun üçün digər ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq edilməli, prosesin hüquqi baxımdan həyata keçirilməsi üçün müvafiq mexanizmlər işə salınmalıdır. Əsas məqsəd onların Azərbaycana gətirilməsinin hüquqi baxımdan mümkünlüyünü təmin etməkdir”.

Akif Nağı qeyd edib ki, Azərbaycana qarşı təxribat xarakterli fəaliyyətlərlə bağlı qanunvericilikdə daha ciddi məsuliyyət mexanizmlərinin müəyyənləşdirilməsinə ehtiyac var:

“İstər Azərbaycan vətəndaşları, istərsə də digər ölkələrin vətəndaşlığına malik şəxslər tərəfindən Azərbaycana qarşı təxribat xarakterli hərəkətlər, çağırışlar və çıxışlar həyata keçirilirsə, bunun qarşısı alınmalıdır.

Hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, Azərbaycana qarşı bu cür fəaliyyətlər hibrid müharibənin bir hissəsi kimi qiymətləndirilə bilər. Bu şəxslərlə bağlı Azərbaycan qanunvericiliyində də müəyyən dəyişikliklərə ehtiyac var. Onlar cinayət məsuliyyətinə cəlb oluna və ya digər ölkələrin hüquq-mühafizə orqanlarına onların məsuliyyətə cəlb edilməsi ilə bağlı müraciətlər edilə bilər. İnterpol vasitəsilə də müvafiq tədbirlərin görülməsi mümkündür”.

Partiya sədri hesab edir ki, xaricdə yaşayan şəxslərin Azərbaycan dövlətinə qarşı qanunazidd fəaliyyət göstərməsi məsuliyyətsiz qala bilməz.

“Bu məsələ Azərbaycanın ərazi bütövlüyü və dövlət strukturları ilə bağlıdır. Ona görə də qanunvericilikdə müəyyən düzəlişlərə ehtiyac var. Bəzən görürük ki, Azərbaycandan kənarda yaşayan şəxslər Azərbaycan hakimiyyətinin müxtəlif nümayəndələri, rəhbərlik və siyasi qüvvələr haqqında təxribat xarakterli fikirlər səsləndirirlər.

Azərbaycan hakimiyyəti, dövlət və hökumət anlayışları fərqlidir. Söhbət ondan gedir ki, Azərbaycan dövlətini hazırda onun rəhbərliyində dayanan şəxslər və siyasi qüvvələr təmsil edir. Həmin şəxslərə və siyasi qüvvələrə qarşı təxribat xarakterli hərəkətlər törədilirsə, bu, dövlətə qarşı fəaliyyət kimi qiymətləndirilə bilər.

Ona görə də belə şəxslər Azərbaycan dövlətinə qarşı hərəkətlərinə görə cavab verməlidirlər. Bununla yanaşı, maarifləndirmə işləri də aparılmalıdır. Cəzasızlıq mühiti aradan qaldırılmalıdır”.

Akif Nağı vurğulayıb ki, şəxslərin başqa ölkələrdə yaşaması onların qanun qarşısında məsuliyyətdən tamamilə kənarda qalması anlamına gəlmir:

“Şəxslər hansı ölkənin ərazisində yaşayırsa, həmin ölkənin rəhbərliyi də başa düşməlidir ki, bu cür hərəkətlərə yol verilməsi yolverilməzdir. Məsələnin hüquqi müstəvidə həlli təmin olunmalı və qanun pozuntusuna yol verən şəxslər məsuliyyət daşımalıdırlar”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*