backend

"Azərbaycan bu addımı atsa, Qarabağdakı ermənilərin separatçılıq meylləri artacaq" - İLGİNC AÇIQLAMA

Ermənistan Qarbağdakı ermənilərin Azərbaycanın tərkibində icma statusu almasına çalışır. Rəsmi İrəvan bununla əlində Azərbaycana qarşı rıçaq formalaşdırmaq istəyir. Lakin rəsmi bakı dəfələrlə bəyan edib ki, Qarabağdakı ermənilərə hansısa statusun verilməsindən söhbət gedə bilməz. Bütün bunlara rəğmən Ermənistanın sözügedən məsələni beynəlxalq səviyyədə müzakirəyə çıxarmaq istəyi rəsmi İrəvanın qaranlıq planlarından xəbər verir.  Bəs görəsən, Qarabağdakı ermənilərə icma statusu vermək nə dərəcədə doğru olar? Bu addım gələcəkdə bizə hansı problemlər yarada bilər? 

Mövzunu KONKRET.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan və Azərbaycan arasındakı danışıqlar prosesində Qarabağdakı ermənilərə hansısa statusun verilib-verilməməsi rəsmi Bakının daxili işidir: “Bunu İrəvanla müzakirə etmək mümkünsüzdür. Ermənistanın bu barədə fikir səsləndirməsi isə Azərbaycanın daxili işinə müdaxilə kimi qiymətləndirilə bilər. Həm Brüssel, həm də Vaşinqtonda keçirilən görüşlərdə bu məsələ qaldırılıb. Amma Azərbaycanın ermənilərə hansısa icma statusunu verib-verməməsi hakimiyyətin siyasi iradəsindən asılı olacaq. Avropa Şurası İttifaqının prezidenti Şarl Mişel də beynəlxalq vasitəçilərin birbaşa iştirakı ilə Azərbaycanın Qarabağın erməni icması ilə danışıqlar aparmasını təklif edib. Təbii ki, bu, Ermənistan tərəfinin istəyi idi. Amma hesab edirəm ki, Azərbaycan tərəfi bununla razılaşmamalıdır”.

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Politoloqun sözlərinə görə, Qarabağdakı erməni icması Azərbaycan Konstitusiyasına uyğun olaraq bizim vətəndaşlarımız hesab ediləcək və ölkə sakinləri ilə eyni hüquqa malik olacaq: “Amma onlara xüsusi imtiyaz və status versək, bu, ermənilərin separatçılıq meyllərinin artmasına gətirib çıxaracaq. Ümumiyyətlə Azərbaycan yalnız Konstitusiya çərçivəsində onların hüquq və azadlıqlarının tanınacağı ilə bağlı söz verməlidir. Daha hansısa xüsusi status və muxtariyyət verilməsi məsələsi qəti şəkildə müzakirə edilməməlidir. Bu, Azərbaycanın gələcək perspektivdə təhlükəsizliyini təhdid edən əsas faktora çevrilə bilər. Seçim isə ermənilərin öhdəsinə buraxılmalıdır, ya bizim vətəndaşlığı qəbul edəcəklər, ya da ərazimizi tərk etməli olacaqlar. Təbii ki, Ermənistan hansısa status əldə etməyə çalışır.  Bununla da əlində Azərbaycana qarşı istifadə edəcək rıçaq saxlamaq məqsədi güdür. Amma rəsmi Bakı heç vaxt buna imkan verməyəcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*