Azərbaycan deputatları Nur-Sultandan qayıdıblar – FOTOLARbackend

Azərbaycan deputatları Nur-Sultandan qayıdıblar - FOTOLAR

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Milli Məclisin Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Adil Əliyev və deputat Naqif Həmzəyev “Prezidentlik İnstitutu: Qazaxıstan modeli” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak ediblər.

Millət vəkili Adil Əliyev konfransda Qazaxıstanda prezidentlik institutunun yaradılması, ölkənin birinci prezidenti – Nursultan Nazarbayevin Qazaxıstan dövlətçiliyinin möhkəmləndirilməsində, parlamentarizm ənənələrinin yaradılmasında və inkişafında roluna həsr olunmuş müzakirələrə qatılıb.

Artıq ənənəvi hal almış forumda Azərbaycan, Bolqarıstan, Qırğızıstan, Monqolustan, Serbiya, Tatarıstan, Türkiyə parlamentariləri, BMTİP, ATƏT nümayəndələri, Türkdilli Dövlətlərin Parlament Assambleyası, Asiyada Etibar Tədbirləri Konfransı, həmçinin ABŞ-dan olan beynəlxalq ekspert birliyi iştirak edib.

Konfransı açan Məclisin sədri Nurlan Niqmatulin 2020-ci ilin aprel ayında Qazaxıstanda prezidentlik institutunun rəsmi olaraq tətbiq olunmasının 30 ilinin tamam olduğunu xatırladıb.

Qazaxıstanda prezident idarəetmə formasının seçilməsi müstəqilliyin çətin yolunda atılan ilk addımlardan biri olub.

Nurlan Niqmatulinin qeyd etdiyi kimi, prezidentlik institutunun qurulmasının əsas şərtləri bazar iqtisadi münasibətlərinin qurulması, birpartiyalı sistemin ləğvi və səlahiyyətlərin bölünməsi prinsipinin ardıcıl şəkildə həyata keçirilməsidir:

“Bu şəraitdə, konstitusiya quruluşunun, vətəndaşların hüquq, azadlıqları və təhlükəsizliyinin məcburi qorunması və gücləndirilməsi ilə ən qısa müddətdə əsaslı siyasi və iqtisadi dəyişikliklərin həyata keçirilməsinə təcili ehtiyac duyuldu”.

Qazaxıstanın yaranmasında və inkişafında Birinci Prezident Nursultan Nazarbayevin müstəsna rolu Tatarıstan Dövlət Şurasının sədri Fərid Muxametşin tərəfindən də vurğulanıb.

Bolqarıstanın Milli Məclisinin vitse-spikeri Veselin Mareşki, Qırğızıstan “Jogorku Keneş”in vitse-spikeri Aida Kasımalieva, Türkiyə Parlamentinin vitse-spikeri Levent Gök və başqaları Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin fəaliyyətini yüksək qiymətləndirblər.

Deputat Naqif Həmzəyev tədbir çərçivəsində Türk dünyası gənc parlamentarilərinin “Gənclərin dəyəri və parlament həmrəyliyi” mövzusunda keçiriləcək birinci toplantısında iştirak edib. Tədbirin əsas məqsədlərindən biri də TÜRK PA çərçivəsində gənc parlamentarilərin mütəmadi əməkdaşlıq platformasına dair fikir mübadiləsi aparmaqdır.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*