“Azərbaycan Qarabağda antiterror əməliyyatlarına başlamalıdır” – Hərbi EKSPERTbackend

"Azərbaycan Qarabağda antiterror əməliyyatlarına başlamalıdır" – Hərbi EKSPERT 

Vətən müharibəsində məğlub olan ermənilər hələ də aldıqları zərbədən özünə gələ bilmir. Sözdə sülh təşəbbüskarı kimi çıxış edən erməni xalqı sülh müqaviləsinin imzalanmasına mane olmaq üçün hər yola əl atır. Bu günlərdə isə Xankəndidə separatçılar arasında atışma olub. Belə ki, Qarabağda Rusiya sülhməramlılarının yerləşdirildiyi müvəqqəti məsuliyyət zonasında general Samvel Karapetyan (Oqanovski) Xankəndinin mərkəzi meydanında dörd gəncə atəş açıb.

Bu təxribatın arxasında hansı məqamlar dayanır? Ermənilərin törətdiyi təxribatlar nə ilə nəticələnə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Qarabağda baş verən hadisələr heç də təsadüfi deyil:

“Qarabağda qeyri-qanuni erməni silahlılarının qaldığı müddətdə belə hadisələr dəfələrlə təkrarlanacaq və bu, qaçılmazdır. Bütün bunlar ermənilərin bilərəkdən etdiyi təxribatlardır. Ermənistanda müxalifət Paşinyan hakimiyyətinə qarşı etirazlar edir. Separatçılar isə Moskvanın sifarişini yerinə yetirir. İndiyə kimi Qarabağdakı ermənilər İrəvanın sözü ilə oturub-dururdu. Lakin son dövrlərdə biz tamamilə fərqli mənzərənin şahidi oluruq. Qarabağda Moskvanın sifarişi ilə vəziyyəti gərginləşdirmək üçün addımlar atılır. Orada baş verən hadisələr heç də təsadüfi deyil. Hesab edirəm ki, Azərbaycan qısa müddət ərzində öz hüquqlarını bərpa etməlidir. Biz gecikdikcə, vəziyyət daha da nəzarətdən çıxacaq”.

Ekspertin fikrincə, vəziyyət bu formada uzun müddət davam edə bilməz:

“Qarabağ ermənilərinin məqsədi aydın deyil. Onlar sadəcə tapşırıq yerinə yetirirlər. Azərbaycan həmin ərazilərdə antiterror əməliyyatı həyata keçirməlidir ki, ermənilər özlərini yığışdırsın. Qarabağ erməniləri Azərbaycanın qanunları çərçivəsində yaşamaq istəməsələr, gedə bilərlər. Lakin vəziyyət bu formada uzun müddət davam edə bilməz. Əks halda ağır fəsadları olacaq. Bu fəsadlar bizim əsgər və zabitlərimizə çətinliklər yaradacaq. Ermənilər belə təxribatlarla diqqəti yayındırmaq istəyir. Ölkədə hakimiyyət əleyhinə ciddi etirazlar var. İrəvanda meydanlara axan etirazçılar küçələri bağlayır. Xankəndidə belə təxribatlar törətməklə onlar görüntü yaratmaq istəyir. Sülh sazişini arxa plana keçirmək üçün belə təxribatlar indiyə kimi çox olub və bundan sonra da davam edəcək”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*