Azərbaycanda hər 6 aydan bir məcburi tibbi müayinə tətbiq oluna bilər? – AÇIQLAMAbackend

Azərbaycanda hər 6 aydan bir məcburi tibbi müayinə tətbiq oluna bilər? – AÇIQLAMA

Xərçəng xəstəliklərinin erkən aşkarlanması və ölüm hallarının azaldılması müasir səhiyyənin ən mühüm prioritetlərindən biridir. Mütəxəssislər hesab edirlər ki, onkoloji xəstəliklərlə mübarizədə ən təsirli vasitələrdən biri vaxtında aparılan profilaktik müayinələrdir. Lakin bir çox insan səhhətində ciddi narahatlıq hiss etmədiyi üçün həkimə müraciət etmir. Bu isə bəzi hallarda xəstəliyin gec mərhələdə aşkarlanmasına səbəb olur.

Bəs Azərbaycanda vətəndaşların hər altı aydan bir xərçəng xəstəliklərinin erkən aşkarlanması məqsədilə məcburi tibbi müayinədən keçirilməsi tətbiq oluna bilərmi? Belə bir sistemin yaradılması nə dərəcədə məqsədəuyğundur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, əhalinin mütəmadi profilaktik müayinələrə cəlb olunması onkoloji xəstəliklərlə mübarizədə mühüm rol oynaya bilər.

CROSSMEDIA - Onkoloji xəstələrə şad xəbər: Artıq bu da mümkün olacaq

Onun sözlərinə görə, xərçəng xəstəliklərinin qarşısının alınması və erkən aşkarlanması üçün profilaktik tədbirlərin gücləndirilməsi olduqca vacibdir:

“Belə bir sistemin tətbiqini çox müsbət qiymətləndirərdim. Pasiyentlərimiz bəzən bizə sual verirlər ki, niyə bəzi ölkələrdə onkoloji xəstəliklər daha erkən aşkarlanır və müalicə nəticələri daha uğurlu olur? Bunun əsas səbəblərindən biri profilaktik müayinələrə verilən önəmdir. Xərçənglə mübarizə ilk növbədə profilaktikadan və vaxtında diaqnostikadan başlayır”.

Onkoloq xüsusilə vurğulayıb ki, xərçəng xəstəliklərinin təhlükəli tərəflərindən biri onların uzun müddət ciddi əlamətlər olmadan inkişaf edə bilməsidir.

“Bəzən pasiyentlər deyirlər ki, doktor, mənim heç bir ağrım, şikayətim yoxdur, niyə müayinədən keçməliyəm? Məsələ ondadır ki, bir sıra onkoloji xəstəliklər ilkin mərhələlərdə özünü ciddi simptomlarla büruzə vermir. İnsan özünü tam sağlam hiss edə bilər. Qanaxma, davamlı öskürək, ağrı və digər narahatedici əlamətlər isə bəzi hallarda xəstəlik irəlilədikdən sonra ortaya çıxır. Buna görə də şikayətin olmaması hər zaman xəstəliyin olmadığı anlamına gəlmir”.

Fərid Museyibov qeyd edib ki, xərçəngin erkən mərhələdə müəyyən edilməsi müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər.

“Xəstəlik nə qədər tez aşkarlanarsa, müalicə imkanları da bir o qədər geniş olar. Erkən mərhələdə diaqnoz qoyulduqda həm müalicə prosesi daha rahat keçə, həm də maliyyə xərcləri daha az ola bilər. Gecikmiş mərhələlərdə isə müalicə daha mürəkkəb olur və istənilən nəticəni əldə etmək çətinləşir. Ona görə də insanlarımız yalnız ağrı və ya başqa şikayət yarandıqdan sonra deyil, mütəmadi olaraq profilaktik müayinələrdən keçməlidirlər”.

Həkim-onkoloq hesab edir ki, əhalinin hər altı aydan bir profilaktik müayinəyə cəlb olunması, hətta bunun məcburi xarakter daşıması müsbət nəticələr verə bilər.

“Əgər belə bir mexanizm tətbiq olunsa və vətəndaşlar hər altı aydan bir müayinədən keçsələr, bunu çox məqsədəuyğun hesab edərdim. Çünki əsas məqsəd xəstəliyi ağırlaşmadan aşkar etmək, insanların sağlamlığını qorumaq və müalicəyə vaxtında başlamaqdır. Profilaktik müayinələrə nə qədər ciddi yanaşsaq, onkoloji xəstəliklərlə mübarizədə bir o qədər yaxşı nəticələr əldə edə bilərik”, – deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, xərçəng xəstəlikləri üzrə profilaktik müayinələrin növü və keçirilmə tezliyi insanın yaşına, cinsinə, ailə anamnezinə və fərdi risk amillərinə görə müəyyənləşdirilir. Bütün əhali üçün hər altı aydan bir eyni müayinələrin aparılması tibbi baxımdan universal tövsiyə hesab edilmir. Buna görə də mümkün kütləvi skrininq proqramlarının elmi əsaslandırılmış meyarlarla hazırlanması mühüm əhəmiyyət daşıyır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*