BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsi 1967-ci il noyabrın 22-də qəbul edilib. Bu sənəd ərəb-İsrail münaqişəsi tarixinin ən mühüm diplomatik sənədlərindən biri hesab olunur.
1967-ci ildə baş vermiş Altıgünlük müharibə Yaxın Şərqdəki ərazi və siyasi vəziyyəti kökündən dəyişdi. İsrail Misirə məxsus Sinay yarımadasını və Qəzza zolağını, İordaniyanın nəzarətində olan İordan çayının qərb sahilini, o cümlədən Şərqi Qüdsü, habelə Suriyaya məxsus Qolan təpələrini nəzarətə götürdü.
Müharibə başa çatsa da, sülh sazişi imzalanmadı. Əsasən ərəb əhalisinin yaşadığı geniş ərazilər İsrailin nəzarətinə keçmişdi. Ərəb dövlətləri isə İsrailin mövcudluğunu belə tanımaqdan imtina edirdilər. 1967-ci ilin sentyabrında Xartumda keçirilən sammitdə Ərəb Dövlətləri Liqası tarixə “üç yox” prinsipi kimi düşən mövqeyini açıqladı: İsraillə sülhə yox, İsrailin tanınmasına yox, İsraillə danışıqlara yox.
Beynəlxalq birlik yeni müharibə təhlükəsindən və işğal olunmuş ərazilərin gələcək taleyindən narahat idi. BMT Təhlükəsizlik Şurası münaqişənin hər iki tərəfinin mövqelərini nəzərə alan bir həll formulu tapmalı idi.
Nəhayət, belə bir formula tapıldı. Qətnamə yekdilliklə qəbul edildi. Cəmi iki səhifədən ibarət olan bu sənəd iki əsas prinsip üzərində qurulmuşdu.
Birinci prinsip: Hərbi qələbə işğal edilmiş ərazi üzərində suverenlik hüququ yaratmır.
Bu məqam xüsusi izah tələb edir. Beynəlxalq hüququn mühüm prinsiplərindən biri olan ərazi əldə etmək üçün güc tətbiqinin yolverilməzliyi 1945-ci ildə BMT Nizamnaməsinin qəbulundan sonra daha aydın şəkildə formalaşdı. Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndi dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı güc tətbiqini və ya belə bir güc tətbiqi ilə hədələməyi qadağan edirdi. Bununla belə, Nizamnamədə “güc tətbiqi nəticəsində heç bir ərazi əldə edilməsi qanuni sayıla bilməz” ifadəsi birbaşa yer almamışdı.
Prinsip, şübhəsiz, doğru və ədalətlidir. Amma tarixi təcrübə göstərir ki, beynəlxalq hüququn tətbiqində heç də həmişə eyni ölçülərdən istifadə olunmayıb.
Məsələn, 1942-ci ildə sovet qoşunları Böyük Britaniya ilə əldə edilmiş razılaşmaya əsasən İrana daxil oldular. Razılaşmaya görə, müharibə başa çatdıqdan sonra altı ay ərzində ölkəni tərk etməli idilər. Lakin müharibə bitdikdən sonra da sovet qoşunları İranda qaldı. Tehran yeni yaradılmış BMT Təhlükəsizlik Şurasına müraciət etdi. 1946-cı il aprelin 4-də Şura 3 saylı qətnamə qəbul edərək sovet qoşunlarının İrandan çıxarılmasını tələb etdi. Sovet İttifaqı isə qoşunlarını yalnız özünə əlverişli hesab etdiyi vaxtda çıxardı.
1951-ci il fevralın 1-də BMT Baş Assambleyası 498(V) saylı qətnamə qəbul etdi. Sənəddə Çin qoşunlarının Koreyadan çıxarılmasına çağırış edilirdi. Lakin Pekin bu çağırışı yerinə yetirmədi.
1953-cü ildə BMT Baş Assambleyası Çan Kayşinin qüvvələrinin Birmadan çıxarılmasına çağıran 707(VII) saylı qətnamə qəbul etdi. Uzun və mürəkkəb danışıqlardan sonra qoşunların bir hissəsi Tayvana köçürüldü, digər hissəsi isə uzun illər bölgədə qaldı.
1956-cı ilin oktyabrında İsrail Böyük Britaniya və Fransa ilə razılaşdırılmış hərbi əməliyyat çərçivəsində Misirə hücum edərək Sinay yarımadasını və Qəzza zolağını işğal etdi. Məhz bu hadisədən sonra BMT daha fəal mövqe nümayiş etdirdi. Təşkilat yalnız qoşunların çıxarılmasını tələb etmədi, həm də döyüş əməliyyatlarına nəzarət etmək və qoşunların geri çəkilməsini izləmək üçün ilk Fövqəladə BMT Silahlı Qüvvələrini yaratdı. Beynəlxalq birliyin güclü təzyiqi nəticəsində İsrail bir neçə ay ərzində Sinay yarımadasından və Qəzza zolağından tamamilə çıxdı.
Beləliklə, beynəlxalq münasibətlərdə bəzən belə bir mənzərə yaranır: bütün dövlətlər bərabərdir, amma bəziləri digərlərindən daha bərabərdir.
İkinci prinsip: Qoşunların çıxarılması və sülhün bərqərar olması paralel şəkildə həyata keçirilməlidir.
242 saylı qətnamə yalnız İsrail silahlı qüvvələrinin son münaqişə zamanı işğal etdiyi ərazilərdən çıxarılmasını tələb etmirdi. Sənəddə, eyni zamanda, müharibə vəziyyətinə və bütün iddialara son qoyulması, regiondakı hər bir dövlətin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin tanınması, habelə onların təhlükəsiz və tanınmış sərhədlər daxilində sülh şəraitində yaşamaq hüququnun təmin edilməsi nəzərdə tutulurdu.
Başqa sözlə, bir tərəfdən İsrail qoşunları işğal edilmiş ərazilərdən çıxarılmalı, digər tərəfdən isə ərəb dövlətləri İsrailin mövcudluğunu və təhlükəsizliyini tanımalı, müharibə vəziyyətinə son qoymalı idilər.
Məhz bu yanaşma sonradan “torpaq müqabilində sülh” prinsipi kimi tanındı.
Qətnamədə qaçqın probleminin ədalətli həlli, region dövlətlərinin ərazi bütövlüyünün və siyasi müstəqilliyinin təmin edilməsi, o cümlədən silahsızlaşdırılmış zonaların yaradılması imkanları da qeyd olunurdu.
İsrail qoşunları konkret olaraq hansı ərazilərdən çıxmalı idi?
Qətnamənin ingilisdilli mətnində belə bir ifadə yer alır: “İsrail silahlı qüvvələrinin son münaqişə zamanı işğal edilmiş ərazilərdən çıxarılması” (Withdrawal of Israel armed forces from territories occupied in the recent conflict).
Burada diqqətçəkən məqam odur ki, ingilis mətnində “bütün işğal edilmiş ərazilərdən” və ya “həmin işğal edilmiş ərazilərdən” ifadələri işlədilmir.
Fransızdilli mətndə isə “des territoires occupés” ifadəsi yer alır. Bu ifadənin müəyyənlik çaları daşıması sonradan fərqli hüquqi və diplomatik şərhlərə yol açdı. İngilis mətnində isə müvafiq müəyyənlik artikli – “the” yoxdur.
Bu mətn fərqi sonrakı illərdə ciddi diplomatik mübahisələrin predmetinə çevrildi. Nəticədə qətnamənin iki fərqli təfsiri meydana çıxdı.
Ərəb dövlətləri və sovet bloku sənədi İsrailin 1967-ci ildə işğal etdiyi bütün ərazilərdən çıxması tələbi kimi şərh edirdilər. İsrail isə qətnamənin qoşunların müharibədən əvvəlki sərhədlərə mütləq şəkildə qaytarılmasını nəzərdə tutmadığını bildirirdi. Onun mövqeyinə görə, yekun sərhədlər sülh danışıqları zamanı müəyyənləşdirilməli idi.
Beləliklə, “qoşunların işğal edilmiş ərazilərdən çıxarılması” ilə “qoşunların 1967-ci il iyunun 4-də mövcud olmuş sərhədlərə çəkilməsi” arasındakı fərq sonrakı bütün danışıqların əsas mübahisə mövzularından birinə çevrildi.
Fələstin məsələsi qətnamədə necə əks olunmuşdu?
242 saylı qətnamənin diqqətçəkən xüsusiyyətlərindən biri də Fələstin məsələsinə yanaşması idi. Sənəddə fələstinlilər ayrıca xalq kimi qeyd olunmur, onların milli öz müqəddəratını təyinetmə hüququndan və müstəqil Fələstin dövləti yaratmaq istəyindən bəhs edilmirdi. Fələstini Azadlıq Təşkilatının (FAT) adı da sənəddə yer almırdı.
Qətnamədə Fələstin məsələsi, əsasən, qaçqın probleminin həlli kontekstində nəzərdən keçirilirdi. Yəni məsələ fələstinlilərin milli-siyasi hüquqları prizmasından deyil, daha çox humanitar problem kimi təqdim olunurdu.
1967-ci ildə BMT isveçli diplomat Qunnar Yarrinqi qətnamənin həyata keçirilməsinə kömək etmək və tərəflər arasında diplomatik danışıqlar aparmaq üçün xüsusi nümayəndə təyin etdi. Lakin onun missiyası uğurla nəticələnmədi. İsrail və ərəb dövlətləri ortaq razılığa gələ bilmədilər.
1973-cü ilin oktyabrında ərəb dövlətləri münaqişəni hərbi yolla həll etməyə cəhd göstərdilər. İsrailə qarşı başladılan hücum nəticəsində Yom Kippur müharibəsi, başqa adı ilə Qiyamət günü müharibəsi başladı. İsrail üçün son dərəcə ağır və təhlükəli olan bu müharibə sonda hərbi üstünlüyün yenidən İsrailin tərəfində qalması ilə başa çatdı.
Müharibədən sonra BMT Təhlükəsizlik Şurası 338 saylı qətnaməni qəbul etdi. Sənəd atəşkəsə çağırır, həmçinin 242 saylı qətnamənin müddəalarının həyata keçirilməsi məqsədilə danışıqların başlanmasını tələb edirdi. Beləliklə, 242 və 338 saylı qətnamələr Yaxın Şərq münaqişəsinin diplomatik yolla nizamlanması üçün vahid hüquqi-siyasi əsas kimi qəbul olunmağa başladı.
“Torpaq müqabilində sülh” prinsipinin ilk real nəticəsi
Bu qətnamələrin yaratdığı diplomatik çərçivə əsasında 1979-cu ildə İsrail və Misir arasında sülh müqaviləsi imzalandı. İsrail Sinay yarımadasından mərhələli şəkildə çıxmağı öhdəsinə götürdü və 1982-ci ildə bu prosesi başa çatdırdı. Misir isə İsraili rəsmən tanıdı, diplomatik münasibətlər qurdu və iki ölkə arasında müharibə vəziyyətinə son qoyuldu.
Bu, “torpaq müqabilində sülh” prinsipinin ən mühüm praktik nəticələrindən biri idi.
Eyni diplomatik çərçivə 1993-cü ildə imzalanmış Oslo sazişlərinin də əsasını təşkil etdi. Fələstini Azadlıq Təşkilatı 242 və 338 saylı qətnamələri İsraillə danışıqların əsası kimi rəsmən qəbul etdi. Bunun müqabilində Fələstin tərəfi müəyyən ərazilərdə özünüidarə hüququ əldə etdi. Sonradan Fələstin Administrasiyası adlandırılan qurum da məhz bu prosesin nəticəsində formalaşdı.
Bəs bu sazişlər İsrailə sülh gətirdimi? Bu, əslində, ritorik sualdır.
“Torpaq müqabilində sülh” prinsipi ərəb-İsrail münaqişəsinin diplomatik yolla nizamlanmasının əsas konsepsiyalarından birinə çevrildi. Bəs bu prinsip işləyirmi?
İsrailin Misirlə və İordaniya ilə sülh müqavilələri imzalaması göstərdi ki, belə bir razılaşma mümkündür. Bu münasibətlər zaman-zaman soyuq və gərgin olsa da, iki ölkə arasında rəsmi müharibə vəziyyətinə son qoyulub və diplomatik əlaqələr qorunub saxlanılıb.
Lakin fələstinlilərlə münasibətlərdə eyni nəticəyə nail olmaq mümkün olmadı. Oslo sazişlərindən sonra da zorakılıq, terror aktları, qarşılıqlı ittihamlar və etimadsızlıq davam etdi. İsrail və Misir, İsrail və İordaniya arasında əldə olunan razılaşmaların Fələstin məsələsində təkrarlanması mümkün olmadı.
Bəs bunun səbəbi nədir? Tərəflərdən hansı daha çox məsuliyyət daşıyır? Sülhə mane olan əsas amillər hansılardır?
Bütün bunlar hələ də Yaxın Şərqin ən mürəkkəb və cavabsız sualları olaraq qalır.
Natiq Səlim,
KONKRET.az

