backend

Azərbaycanda ictimai nəzarət mümkündürmü?

Prezident İlham Əliyev yerli mətbuata son müsahibəsində yenidən ictimai nəzarətdən danışıb, deyib ki, deputatların seçicilərinin problemini öyrənib dövlət qurumları qarşısında bunu qaldırması “ictimai nəzarətin bir formasıdır”.

Bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, hakimiyyət üzərində ictimai nəzarəti vətəndaş cəmiyyəti həyata keçirməlidir, amma qanunvericiliyə son dəyişikliklərdən sonra bu sektor “iflic vəziyyətinə düşüb”.

“İctimai nəzarət olan yerdə işlər daha yaxşı gedir”

Prezident İlham Əliyev son vaxtlar ictimai nəzarətin vacibliyini tez-tez vurğulayır: o qeyd edir ki, bəzi problemlər barədə mətbuatdan xəbər tutur, nəinki ona “məruzə edən məmurlardan”.

O, vətəndaşları problemlər barədə danışmaqda fəal olmağa, məmurların hərəkətlərinə nəzarət etməyə çağırır.

“İctimaiyyəti bizim ümumi işimizə cəlb etməliyik. Həm ictimaiyyət nümayəndələri öz səylərini göstərsinlər, həm də sizin işinizə, dövlət orqanlarının işinə nəzarət etsinlər”, prezident bunu gənc icra hakimiyyəti başçıları ilə görüşündə deyib. Onun fikrincə, “ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir”.

“Əgər prezident ictimai nəzarətdən danışırsa, deməli…”

“İctimai nəzarətin olması nəyə görə vacibdir? Azərbaycanda məmurlar, güc sahibləri öz səlahiyyətlərindən limitsiz istifadə edirlər, vətəndaşlara qarşı istədikləri qanunsuzluqları törədə bilirlər”, – gənc fəal İlkin Rüstəmzadə belə deyib.

Onun qənaətincə, ictimai rəy qanunsuzluqların qarşısını alacaq hazır mexanizm olmasa da, “haqsızlıqların, qanunsuzluqların dərəcəsini, miqyasını azalda, kimlərisə ehtiyatlı olmağa sövq edə bilir”. O hesab edir ki, məhz ictimai rəyin, ictimai nəzarətin olmaması məmurların əl-qolunu açmasına, sərbəst davranmasına rəvac verir.

“İctimai nəzarətin vacibliyindən danışan prezident, deməli, dövlət orqanlarının düzgün işləmədiyini qəbul edir, yəni özbaşınalıq, korrupsiya, rüşvətxorluq var”, Nida Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Elgiz Qəhrəman bildirir, dərhal da əlavə edir: “Buna görə də ictimai nəzarət olmalıdır ki, cəmiyyət reaksiya versin, prezident də tədbir görsün”.

Human Rights Watch ictimai nəzarətsizliyi tənqid edib

İctimai nəzarət dedikdə, ilk növbədə kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları yada düşür. Onlar ilk növbədə hökumətin nöqsanlarını göstərməli, bu sahəyə diqqət çəkməlidir. Ancaq tənqidçilər hesab edir ki, 2014-cü ildən bəri vətəndaş cəmiyyətinə artan təzyiqlər onun hökumətə nəzarət imkanlarını xeyli zəiflədib.

“QHT-lər boyunduruqdadır”

Bakı Mətbuat Klubunun prezidenti Arif Əliyev deyir ki, ölkədə ictimai nəzarətin təşkili üçün ilk növbədə medianın və ictimai təşkilatların fəaliyyət imkanları olmalıdır. Ancaq o hesab edir ki, Azərbaycanda belə bir imkan yoxdur, “QHT-lər boyunduruqdadır, medianın isə ağzı qapadılıb”. Arif Əliyev “çərçivəyə salınmış” medianın da, QHT sektorunun da sözügedən vəzifənin öhdəsindən gəlməyəcəyini vurğulayır.

Arif Əliyevi təəccübləndirənsə “şil-küt vəziyyətdə olan medianın etinasızlığı və fəaliyyətsizliyidir”. Məsələ ondadır ki, Bakı Mətbuat Klubu məhz ictimai nəzarətlə bağlı müsabiqə elan etsə də, bu layihə ilə çox az jurnalist maraqlanıb.

“Biz elan verdik ki, jurnalistlərdən ən müxtəlif sahələrdə ictimai nəzarətin həyata keçirilməsi ilə bağlı layihə və ya debat təşkil etmək istəyən varsa, biz onun maliyyələşdirilməsini, məsələhtçilərlə təmin edilməsini öhdəmizə götürürük. Məsələn, məhkəmə-hüquq sistemindəki islahatlarla bağlı olduqca gözəl proqram və sənədlər var. Amma onların heç 3 faizi də gerçəkləşdirilməyib. Götürək məhkəmə prosesinin lentə alınmasını, bu tələb təmin olunmur. Bununla bağlı araşdırma aparıb, prezidentə yollamaq olar. Demirdiniz ki, ictimai nəzarət edin? İndi siz bu problemi həll edin”.

Arif Əliyevin sözlərinə görə, “bir tərəfdən şəraitin darlığı, o biri tərəfdən etinasızlıq, bacarıqsızlıq, vecsizlik çox ciddi maneədir”. O bunu həm də ictimai marağın azalması, inamsızlıq, peşəkarlığın korşalması və jurnalistlərin siyasi sifarişləri həyata keçirilməyi, kompromat savaşı aparmağı daha yaxşı bacarmaları ilə izah edir.

“Bəzi dövlət qurumları vətəndaş cəmiyyətinin fəlsəfəsini anlamır”

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev də qanunvericiliyə son dəyişikliklərdən sonra vətəndaş cəmiyyətinin problemlərlə üzləşməsi fikriylə razılaşır. Xüsusən də maliyyə mənbələrinə çıxışların azaldığını, resursların yetərli olmadığını bildirir.

“Bir misal deyim. Hər il QHT-lərə Dövlət Dəstəyi Şurasına daxil olan layihələrə baxsaq tələb olunan vəsait 18-20 milyon civarındadır. Hələ nəzərə alsaq ki, burda maksimal hədd qoyulub, icra ediləcək layihənin qiyməti 10 min manatdan yuxarı olmamalıdır. Yəni ehtiyac yetərincədir və resursların tapılması ilə bağlı problemlər var”.

Əliməmməd Nuriyev hesab edir ki, ilk növbədə qanunvericilikdə dəyişiklər edilməlidir, donorlara çıxış imkanları daha da sadələşdirilməlidir. O, qanunvericiliyə dəyişiklərlə bağlı layihənin artıq hazır olduğunu, müvafiq qurumlara təqdim edildiyini bildirir.

O, ictimai nəzarətlə bağlı bir sıra problemlərin olduğunu, məsələn, bəzi dövlət qurumlarının yenə də vətəndaş cəmiyyətinin əhəmiyyətini, fəlsəfəsini anlamadığını, icra qurumlarının onların fəaliyyətini məhdudlaşdırmağa cəhd etdiklərini deyir. Hesab edir ki, İlham Əliyevin son mesajından sonra qapalı, şəffaflığa meyilli olmayan dövlət qurumlarının işində dəyişiklik baş verəcək.

Bununla belə, Əliməmməd Nuriyev də, hüquq müdafiəçisi Novella Cəfəroğlu da vətəndaş cəmiyyətinin fəallığı sayəsində indiki durumda belə ictimai nəzarəti həyata keçirmək mexanizmlərinin formalaşdığını düşünürlər. Onlar bir sıra rəsmi qurumlarda ictimai şuraların yaradıldığını xatırladırlar.

Novella Cəfəroğlu deyir ki, ictimai şuralar vasitəsilə hüquq müdafiəçiləri uyğun qurumlarda montorinq keçirə, vəziyyəti qiymətləndirə bilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*