
Bu gün başqasının cibindəki pulu saymağı, yük maşını sürücülərinin necə varlı olduğunu danışmağı və onların on il işləyib necə pul yığa bilmədiklərinə təəccüblənməyi sevənlər üçün xüsusi bir yazı hazırlamışam.
- Gəlin ən ağır olmayan, orta səviyyəli iş qrafikini götürək. Mənim aylıq qazancım təxminən 10 000 dollar olurdu. Təhlükəli yüklər (HazMat) və soyuduculu qoşqu ilə daşımalar edirdim. Başqa növ qoşqularla qazanc fərqli ola bilər, amma mən məhz öz təcrübəmdən danışıram.
İndidən təsəvvür edirəm ki, indi yük maşınları ilə milyardlar qazandığını deyənlər, eləcə də başqa ölkələrdən olan maliyyə ekspertləri şərhlərə axışacaqlar.
- Ona görə əvvəlcədən xəbərdarlıq edim: heç kimə necə yaşamağı öyrətmirəm, pulumu düzgün idarə etdiyimi iddia etmirəm və kiməsə nəyisə sübut etmək fikrim də yoxdur. Sadəcə, hər şeyin mənim üçün necə olduğunu danışıram. Mən ən qənaətcil insan deyiləm, amma pulunu havaya sovuranlardan da deyiləm.
Əvvəlcə vergiləri hesablayaq
Yük maşını sürücüsü kimi orta aylıq gəlirim təxminən 10 000 dollar idi. Amma bu, vergilər tutulmamışdan əvvəlki maaşdır. Yəni cibimə qoyub istədiyim kimi xərcləyə biləcəyim məbləğ deyil.
İlk növbədə, Occupational Insurance — istehsalat və iş fəaliyyəti ilə bağlı sığorta xərclərini çıxaq. Həftədə 50 dollar, ayda təxminən 200 dollar. Bu sığorta, Allah eləməsin, yük maşınında qəza törədib ölsəm, dəfn xərclərimlə bağlı təminat üçündür.
Beləliklə, 10 000 dollardan 200 dollar çıxırıq.
Qalıq: 9 800 dollar.
İndi isə vergilərə baxaq. Nümunə üçün Kaliforniya ştatını götürək. Subay, yəni Single statusunda olan, əlavə vergi güzəştlərindən yararlanmayan bir şəxsin xərclərini hesablayaq.
Yeri gəlmişkən, bəli, subaylar evli şəxslərlə müqayisədə daha çox vergi ödəyə bilirlər. Mənim vəziyyətimdə bu fərq təxminən 700 dollar təşkil edirdi. Deməli, evlənməməyin də öz qiyməti varmış!
Vergilər belə hesablanır:
- * Federal gəlir vergisi — 1 420 dollar;
- Kaliforniya ştatının gəlir vergisi — 546 dollar;
- Sosial təminat vergisi (Social Security) — 607,60 dollar;
- Medicare tibbi sığorta proqramı üzrə vergi — 142,10 dollar;
- Kaliforniyanın SDI əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta tutulması — 127,40 dollar.
Cəmi vergi və tutulmalar: 2 843 dollar.
Əlimdə təxminən 6 957 dollar qalır. Hesablamaları asanlaşdırmaq üçün bu məbləği 6 950 dollar götürək.
İndi isə ən maraqlı hissə başlayır.
Tibbi xərclər: sığortan varsa, deməli, hər şey pulsuz deyil
- Tibbi sığortaya ayda 880 dollar ödəyirəm. Amma bu o demək deyil ki, sığortanı aldıqdan sonra həkimə getmək və müalicə olunmaq mənə pulsuz başa gəlir.
Həkim müayinələri, analizlər, digər tibbi yoxlamalar və dərmanlar üçün əlavə olaraq 450–550 dollar xərcləyirəm. Orta hesabla 500 dollar götürək.
Beləliklə, tibbi xərclərim ayda 1 380 dollar təşkil edir.
Mən hələ stomatoloq, kosmetoloq, manikür, pedikür, şəxsi qulluq və həyatın digər kiçik zövqlərini hesablamıram. Bəziləri bunları tamamilə lazımsız xərclər hesab edir. Yaxşı, mən də hələlik hesablamayım. Halbuki bütün bunlara kifayət qədər pul gedir.
Amma özümü dişləri tökülmüş, baxımsız qalmış bir milyarderlə də müqayisə etmək istəmirəm. Mən hara, o hara!
Qənaət etmək yaxşı şeydir, amma bu qənaət insanın özünə qarşı xəsisliyə çevrilməməlidir.
Tibbi xərcləri çıxandan sonra əlimdə qalır:
6 950 − 1 380 = 5 570 dollar.
Pensiya üçün də pul yığmaq lazımdır
Heç kimə sirr deyil ki, Amerikada yalnız Social Security pensiyası ilə yaşamaq asan deyil. Xüsusilə də ölkəyə artıq yetkin yaşda gəlmisənsə və burada 30–40 il işləmək imkanın olmayıbsa.
Ona görə də mən 401(k) və IRA pensiya hesablarına pul ayırmağa üstünlük verirəm. Orta hesabla ayda 1 500 dollar.
Bəli, bu, mənim öz pulumdur. Bəli, bunlar yığımlarımdır. Amma sabah gedib yeni maşın ala biləcəyim və ya kefim istədiyi kimi xərcləyəcəyim sərbəst vəsait deyil. Bu, qocalığım üçün topladığım puldur.
Düzdür, mənim indiki kimi çətin vəziyyətə düşdüyüm vaxtlarda bu yığımlar maliyyə ehtiyatı rolunu da oynaya bilər.
Amma gəlin razılaşaq: gələcək üçün pensiya yığmaqla bu gün cibində sərbəst pulun olması eyni şey deyil.
1 500 dolları da çıxaq.
Qalıq: 4 070 dollar.
Ev də öz-özünə saxlanılmır
İndi mənzil xərclərinə baxaq.
- İpoteka (Mortgage) — 2 200 dollar;
- Kommunal xidmətlər — təxminən 200 dollar.
Üstəlik, bunlar bütün evin deyil, yalnız mənim payıma düşən xərclərdir. Digər yarısını bacım ödəyir.
Mən nəhəng meqapolisdə yox, kiçik bir kənd şəhərciyində yaşayıram. Buna görə də xərclərim nisbətən münasibdir. Amma buradan razıyam, hər şey mənə uyğundur.
Müqayisə üçün deyim ki, Texasda, Dallas ətrafında yaşadığım vaxt mənzil kirayəsinə təxminən eyni məbləğ — 2 200 dollar ödəyirdim. Yeganə fərq kommunal xərclərin bir qədər aşağı olması idi. Çünki vaxtımın çoxunu yük maşınında keçirirdim.
Deməli, evdə yaşamağın da öz qiyməti var.
İpoteka və kommunal ödənişləri çıxandan sonra:
4 070 − 2 400 = 1 670 dollar.
Yemək və gündəlik ehtiyaclar
Reysdə olduğum vaxt yeməyə və gündəlik məişət ehtiyaclarına həftədə təxminən 250–300 dollar xərcləyirdim.
Əlbəttə, özün yemək bişirə, Walmart-dan ərzaq ala, qazan-qacaq götürüb özünlə gəzdirə və bununla pula qənaət edə bilərsən.
Amma bütün bunlar vaxt tələb edir. Mənim işimdə isə vaxt birbaşa qazanc deməkdir. Ona görə də qənaətlə normal həyat arasında tarazlıq tapmaq məcburiyyətindəsən.
Həftəlik 275 dollar götürək. Bu, ayda təxminən 1 190 dollar edir.
1 670 dollardan 1 190 dolları çıxanda cəmi 480 dollar qalır.
Düzgün qidalanma üzrə ekspertlərə də deyim ki, evdə yaşadığım vaxt yeməyə cəmi 200 dollar xərcləyirəm.
İndi nə edək? Bu inanılmaz sərvəti hara xərcləyək?
Qalan pulla necə milyonçu olmaq olar?
Gəlin qalan 480 dolları da bölüşdürək:
- Şəxsi avtomobilə yanacaq — 100 dollar;
- Manikür və pedikür — 100 dollar;
- Ayda bir dəfə restorana getmək — 100 dollar.
Beləliklə, əlimizdə 180 dollar qalır.
Bununla kosmetoloqa gedək, yoxsa evin damını təmir etdirək? İkisinə də çatmaz!
Yəqin bu ay şəxsi xidmətçidən də imtina etməli olacağam.
Hələ paltar, ayaqqabı almamışam, heç kimə hədiyyə verməmişəm, istirahətə getməmişəm, internetə və telefona pul ödəməmişəm. Bir sözlə, saysız-hesabsız başqa xərclərim də var.
Üstəlik, pişiklərim də var. Onları da yemləmək lazımdır.
İndi isə, əziz maliyyə ekspertləri, təsəvvür edin ki, avtomobilim xarab oldu. Ya dişim ağrıdı. Ya da evin istilik sistemi sıradan çıxdı.
Bəs nə etməliyəm?
Əlbəttə, kredit götürməliyəm!
Sonra həmin kreditin aylıq ödənişi də xərclərimin üstünə gələcək.
Və bundan sonra kimsə məndən soruşacaq:
“Bəs yük maşınında on il işləyib qazandığın pullar hanı? Pullar hanı, Lyusya?”
On il işləmək avtomatik olaraq varlanmaq demək deyil
Yük maşını sürücülərinin qazancı barədə danışanlar çox vaxt yalnız gəlir rəqəmini görürlər. Ayda 10 000 dollar eşidirlər və dərhal hesablayırlar: ildə 120 000 dollar, on ilə 1 milyon 200 min dollar!
Amma bu hesablamada bir problem var: gəlir yığıma bərabər deyil.
Vergilər, tibbi sığorta, müalicə, pensiya yığımları, ipoteka, kommunal xidmətlər, yemək və gündəlik ehtiyaclar nəzərə alınmadan insanın nə qədər pul yığa biləcəyini müəyyənləşdirmək mümkün deyil.
Üstəlik, həyat həmişə planlaşdırdığımız kimi getmir. Avtomobil xarab olur, evdə təmirə ehtiyac yaranır, sağlamlıqla bağlı gözlənilməz xərclər çıxır. Bəzən insanın işləmək imkanı da azalır və ya tamamilə aradan qalxır.
Mən bu yazıda bütün yük maşını sürücülərinin eyni qədər qazandığını və eyni xərclərə sahib olduğunu demirəm. Hər kəsin vəziyyəti fərqlidir. Mən sadəcə öz təcrübəmi və şəxsi büdcəmi bölüşürəm.
İndi hər şeyi özüm etməyi öyrənirəm
Yük maşınında işlədiyim illər ərzində çox şey öyrənmişəm. Ağac kəsə, hasar təmir edə, santexnika işlərini görə bilirəm.
Elə dünən də mətbəxdəki qida tullantılarını üyüdən cihazı özüm dəyişdim. Düzdür, yeni cihazın özü 180 dollara başa gəldi. Beləliklə, qalan pulumuzdan da əsər-əlamət qalmadı.
İndi də avtomobilin yağını özüm dəyişməyi öyrənmək istəyirəm. Nə olsun ki, bununla daha 50 dollar qənaət edə bilərəm?
Yük maşınında işlədiyim vaxtlarda ustaya pul vermək mənim üçün daha sərfəli idi. Çünki boş vaxtım çox az olurdu və onu evdə xırda təmir işlərinə sərf etməkdənsə, istirahət etməyə üstünlük verirdim.
İndi isə işləmirəm. Buna görə də hər xırda məsələ üçün kiməsə pul ödəmək mənim üçün getdikcə daha böyük lüksə çevrilir.
Həyat insana çox şeyi öyrədir. Bəzən vaxtını pulla, bəzən də pulunu vaxtla almağa məcbur olursan.
Pulum yoxdur, amma özümü kasıb hesab etmirəm
Mənim pulum yoxdur, amma özümü kasıb saymıram.
Yaşamağa evim var. Gedib-gəlməyə avtomobilim var. Ac qalmıram və istədiyim yeməyi yeyə bilirəm.
Bəli, milyonçu deyiləm. Bəli, hesabımda istədiyim qədər pul yoxdur. Amma həyatımda sahib olduğum şeylərin də qədrini bilirəm.
Yük maşını sürən milyarderlərə isə ürəkdən uğurlar, firavanlıq və yeni-yeni milyardlar arzulayıram! Düzdür, mənim tanışlarım arasında belələri yoxdur.
- Bir də başqa ölkələrdən olan maliyyə ekspertlərinə xüsusi salamlarımı göndərirəm. Onlar məndən də yaxşı bilirlər ki, Amerikada on il yük maşını sürəndən sonra nə qədər qazanmalı və nə qədər pul yığmalı idim.
Görünür, milyonlarımı haradasa itirmişəm, amma özümün bundan xəbərim yoxdur!
Müəllif: Natalya Tarasova
Hazırladı Rəsmiyyə Şərifova,
KONKRET.az
