Rusiyada taksi sürücülərinin iş rejimi 12 saatla məhdudlaşdırılacaq. Bununla bağlı ölkənin Nəqliyyat Nazirliyi tərəfindən qanun layihəsi hazırlanıb. Bu gün Azərbaycanda da taksi xidməti ilə bağlı problemlərin olduğu göz önündədir. Ölkədə taksi sürücülərinin fəaliyyətinin qanunla tənzimlənməməsi bu problemi yaradan başlıca səbəblərdən biridir. Ekspertlər isə müvafiq qurumların bu sahədə addım atmadığını bildirirlər. Bəs görəsən, Azərbaycanda taksi xidməti sahəsində belə bir addım atıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-ın sualını cavablandıran nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu gün Azərbaycanda taksi xidməti sırf bazar iqtisadiyyatı əsasında formalaşıb: “Lakin bu o demək deyil ki, taksi xidmətində özbaşınalıq olmalıdır. Təəssüf ki, bu gün sözügedən sahədə vəziyyət belədir. Taksi xidmətini tənzimləməli olan müvafiq qurumlar bu sahədə heç bir iş görmürlər. Hazırda taksi xidməti sahəsində şahidi olduğumuz problemlər də bunun nəticəsidir. Təbii ki, taksi sürücülərinin də hüquqları bir işçi kimi Əmək Məcəlləsi ilə qorunur. İşəgötürənlər digər işçilərə olan münasibəti taksi sürücülərinə də şamil etməlidirlər. Əgər dövlətdə həftə ərzində 40 saat iş rejimi müəyyən edilibsə, bu, taksi sürücülərinə də aid edilməlidir. Tətbiq edilmədiyi təqdirdə isə müəyyən qərarlar qəbul oluna bilər. Bu gün taksi xidmətinin üç istiqaməti var. Birincisi, özünün avtomobil qarajı və ştatlı işçiləri olan taksi şirkətləridir. İkincisi, taksi operatoru şirkətləridir. Üçüncüsü isə, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlardır. Hər üç istiqamət üzrə hüquqlar bərabər qorunmalı, xüsusilə də iş rejiminə düzgün riayət olunmalıdır. Nəinki Rusiya, digər inkişaf etmiş ölkələrdə taksi sürücülərinin iş rejiminə xüsusi diqqət yetirilir. Qəbul olunmuş qaydaları pozan vətəndaşlar və şirkətlər yüksək məbləğdə cərimə olunurlar”.

E.Cəfərov vurğulayıb ki, bu sahədə tədbir görülmədikcə təhlükələr qaçılmazdır: “Azərbaycanda da bu qayda tətbiq olunmalıdır. Taksi sürücülərinin taksi şirkətləri və operatorları tərəfindən istismar olunduğuna görə qəzaların sayı durmadan artır. Sutka ərzində 16-18 saat işləyən taksi sürücüləri var. Belə olan halda heç bir təhlükəsizlikdən söhbət gedə bilməz. Ümid edirəm ki, Azərbaycanda da bu məsələlərə diqqət yetirilməyə başlanılacaq. Amma hələlik hansısa ümidləndirici addım atıldığını görmürük. Səbəb isə qeyd etdiyim kimi, taksi fəaliyyətini tənzimləməli olan qurumların, ümumiyyətlə, bu sahəyə etinasız yanaşmasıdır”.
Fidan Ali,
KONKRET.az