Rusiya Nəqliyyat Nazirliyinin rəhbərinin müşaviri Aleksey Çadayev Azərbaycanla bağlı qalmaqallı açıqlamalarından sonra tutduğu vəzifədən ayrılıb.
KONKRET.az xəbər verir ki, Çadayevin vəzifədən getməsi Azərbaycan Baş Prokurorluğunun onun barəsində beynəlxalq axtarış elan etməsindən sonra baş verib.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu Rusiya vətəndaşları Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində beynəlxalq axtarış elan edib.
Baş Prokurorluğun məlumatına görə, həmin şəxslər Azərbaycana qarşı zorakılığa, ölkənin konstitusiya quruluşunun dəyişdirilməsinə və ərazi bütövlüyünün pozulmasına, eləcə də terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilirlər.
Onlar Azərbaycan hüdudlarından kənarda olduqları üçün axtarışa verilib. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Baş Prokurorluğu digər dövlətlərin müvafiq qurumlarına müraciətlər göndərib və İnterpol vasitəsilə beynəlxalq axtarışın təşkil edilməsi istiqamətində tədbirlər həyata keçirir.//musavat.com
