Bu ilin iyulun 1-nə olan məlumatına görə, Azərbaycanın milli domen zonasında (“.az”) 39 626 internet resursu qeydə alınıb.
KONKRET.az-ın “WHOIS” portalının hesabatı əsasında apardığı hesablamalara görə, bu ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,2% çoxdur.
Qeydə alınan saytların ümumi sayının 37 019-u birinci səviyyəli domen zonasına aiddir ki, bu da bir il öncəki göstəricini 7,1% üstələyir.
Ən məşhur ikinci səviyyəli domen “.com.az”dır. Bu domendə qeydiyyat sayı illik ifadədə 3,9% artaraq 1408 sayt təşkil edib.
Populyarlığına görə üçüncü yerdə “.edu.az” domeni qərarlaşıb. Bu domendə iyulun 1-nə olan məlumata görə 552 sayt qeydiyyatdan keçib ki, bu da ötən ilin göstəricisindən 15% çoxdur.
Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:
| Domen | Qeydiyyatdan keçən saytların sayı |
| pro.az | 10 |
| name.az | 13 |
| pp.az | 21 |
| int.az | 28 |
| biz.az | 30 |
| net.az | 93 |
| info.az | 126 |
| co.az | 157 |
| org.az | 169 |
Qeyd edək ki, “.az” milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domenin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir./apa
