“Azərbaycanın qələbəsi 7 il əvvəl verilmiş qərarların bəhrəsidir” – Yuriy Butusovbackend

"Azərbaycanın qələbəsi 7 il əvvəl verilmiş qərarların bəhrəsidir" - Yuriy Butusov

“44 günlük Vətən müharibəsində qazanılmış qələbə Azərbaycan ordusunda 2013-cü ildən bu yana həyata keçirilən hərbi quruculuq və struktur islahatlarının bəhrəsidir”.

KONKRET.az xəbər verir ki, bunu azad edilən bölgəmizə səfər etmiş ukraynalı jurnalist Yuriy Butusov “Facebook” hesabında paylaşdığı yazıda bildirib.

“Azərbaycanın “Yaşma” xüsusi təyinatlı birləşməsinə aid hücum dəstələrinin Şuşaya eyni zamanda üç istiqamətdən, qayalıqlar üzərindən hücum istiqamətlərini çəkmişəm. Qarabağ müharibəsi haqqında çox yazmışam, indi isə o döyüşlərin getdiyi yerləri gəzib öz gözümlə görəndə çox məsələ aydınlaşdı” – deyə qeyd edən Y.Butusov sözügedən səfər zamanı hərbçilərlə söhbətlərdən Azərbaycandakı hərbi quruculuğa dair əvvəllər KİV-də dərc edilməmiş çox dəyərli məlumatlar əldə etdiyini də bildirib: “Hərbi quruculuq prinsiplərinə, müdafiə siyasətinə dair bizi də düşündürəcək məqamlar var. Bu müharibədəki qələbə 2013-cü ildə başlanılmış struktur islahatı sayəsində qazanılıb. Söhbət əks-hücum əməliyyatından 7 il əvvəl verilmiş qərarların qələbəsindən gedir. Odur ki, yaşayış məskənlərinin atəşə tutulması artıq nəyisə dəyişdirə bilməzdi”.

Ukraynalı jurnalist Gəncədə Ermənistanın raket hücumundan daha çox zərər çəkmiş məhəllə barədə də yazıb:

“Azərbaycanın Gəncə şəhəri. Düz bir il bundan əvvəl, 11 oktyabr gecə saat 1-də erməni hərbçilərinin atdığı əməliyyat-taktiki raket buraya düşüb. Ətrafda bir neçə ev dağılıb, orada 10 nəfər, o cümlədən uşaqlar həlak olub. Burada bir-iki mərtəbəli yaşayış evləri, bir də kiçik bağ yerləşir, yaxınlıqda nə hərbi obyekt, nə də inzibati bina var”.

Müəllif qeyd edir ki, həmin məhəllədə hər şey bir il əvvəlki vəziyyətdə saxlanılıb. Yəni dağıntılar olduğu kimi qalıb, şəhərə raket hücumlarında həlak olmuş 26 nəfərin şəkiləri hər yerdə asılıb. Həmçinin həmin raket hücumlarının xəritəsi də şəhərin bir çox yerində nümayiş etdirilir, orada raketlərin düşdüyü yerlər narıncı rənglə göstərilir.

“Bərk torpaqda açılan çalanın dərinliyi 4 metr olduğu üçün “Elbrus” raketinin düşdüyünü deyirlər. Amma 990 kiloqram olan bu raket məncə daha dərin çala əmələ gətirərdi. Gümanıma görə, buraya “Toçka” düşüb, çəkisi 480 kiloqramdır” – deyə Y.Butusov bildirib.

Müəllif həmçinin qeyd edib ki, ukraynalı media nümayəndələrinin bir qrupu müharibədən bir il sonra Gəncədə olub, Ağdam, Cəbrayıl, Füzuli rayonlarında döyüş yerlərini dolaşıb, daha sonra isə Şuşaya gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*