1970-ci il oktyabrın 20-də Sovet İttifaqında “Sportloto” lotereyasının ilk tirajı keçirildi. Təxminən 1,5 milyon sovet vətəndaşı möcüzəyə ümid edərək hər biri 30 qəpik olan biletlər almışdı. Lakin altı rəqəmin hamısını yalnız bir iştirakçı — Moskvada yaşayan 35 yaşlı Lyudmila Morozova düzgün təxmin edə bildi.
Onun qazandığı mükafat 5000 rubl idi. Bu məbləğ o dövrdə təxminən 40 orta aylıq əməkhaqqına bərabər sayılırdı. Həmin pulla təzə “Moskviç” avtomobili almaq da mümkün idi.
Məşhur bir rəvayətə görə, Lyudmilaya uğur gətirən 30, 17, 24, 23, 18 və 44 rəqəmlərini ona balaca qızı məsləhət görmüşdü.
Statistik hesablamalara əsasən, belə bir uduşun ehtimalı cəmi 0,00000715 faiz idi. Başqa sözlə, udmaq şansı demək olar ki, yox dərəcəsindəydi. Bununla belə, ölkəni lotereya həyəcanı bürümüşdü.
Məşhur sovet rejissoru Leonid Qayday lotereya həvəsini hələ “Sportloto” yaranmazdan əvvəl də kinayə ilə tənqid edirdi. 1969-cu ildə çəkdiyi “Brilyant əl” filmində belə bir zarafat səslənirdi:
“Kim bir dəstə bilet alarsa, su qülləsi qazanar!”
1982-ci ildə isə Qayday birbaşa “Sportloto-82” adlı komediya filmi çəkdi.
Riyaziyyat udmaq şansının demək olar ki, olmadığını deyirdi. Sovet insanı isə sanki belə cavab verirdi: “Eybi yoxdur, onsuz da bəxtim gətirəcək!”
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
Fotoda: Lyudmila Morozova, 1970-ci ilin oktyabrı. Fotoqraf: V. Şandrin.
