Azərbaycan regional gücə çevriləcək – Əliyevin mesajı hansı dövlətləri narahat edir? – ŞƏRHbackend

Azərbaycan regional gücə çevriləcək - Əliyevin mesajı hansı dövlətləri narahat edir? - ŞƏRH

Prezidentdən vacib mesajlar: Sülhməramlılar, Laçın dəhlizi, Zəngəzur və Ermənistan…

Prezident İlham Əliyev Türkiyənin “CNN TÜRK” televiziyasına verdiyi müsahibə bir sıra vacib mesajlar və xəbərdarlıqlarla yadda qalıb. Son dövrlərdə baş verən proseslərin fonunda dövlət başçısı ölkəmiz və region üçün vacib sayılan mühüm məqamlara toxunub. Belə ki, dövlət başçısı Ermənistana və onu dəstəkləyən ölkələrə xəbərdarlıq edərək, Azərbaycanın gücünün və qüdrətinin yerində olduğunu bir daha xatırladıb. Prezident Əliyev Ermənistanın Laçın yolu vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsinin yolverilməz olduğunu bildirib və buna son qoyulması üçün ciddi tədbirlər görülməsinin zəruriliyindən danışıb. Əbəs yerə deyil ki, dövlət başçısı Azərbaycanın rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə baş verən prosesləri yaxından izləmək üçün bütün texniki imkanlara malik olduğunu, hətta Ermənistandan həmin əraziyə gedən və qayıdan avtomobillərin, insanların dəqiq sayının bilindiyini, proseslərin daim diqqətdə olduğunu vurğulayıb. Bu baxımdan, ölkə başçısı Ermənistanın bu siyasətinin onun özü üçün çox ağır nəticələr verəcəyini növbəti dəfə diqqətə çatdırıb.

Politoloq Anar Əliyev KONKRET.az-a Prezidentin müsahibəsini təhlil edib:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin “CNN Türk” televiziyasına verdiyi müsahibədə səsləndirdiyi bir çox fikirlər, xüsusilə də Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşmiş Rusiya sülhməramlılarının nəzarəti altında baş verən hadisələr, eyni zamanda Laçın dəhlizi vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinə erməni silahlı qüvəllərinin, həmçinin müxtəlif hərbi yüklərin daşınması, eləcə də Rusiya dövləti tərəfindən Ermənistanın silahlandırılması ilə bağlı fikirlər bunu deməyə imkan verir ki, Azərbaycanın yaratdığı son reallıqlar bir çox ölkələrdə olduğu kimi, Rusiyada da ciddi narahatlıqla qarşılanır. Rusiyada bəzi dairələr Azərbaycanın yaratdığı bəzi reallıqları, xüsusilə də Ermənistanı sülhə məcbur etmə prosesini və Ermənistanın sülhə məcbur olma situasiyasını, vəziyyətini Rusiyada və bir sıra digər dövlətlərdə və eləcə də Avropa dövlətlərində qəbul etmək istəmirlər”- deyə, politoloq vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın regional gücə çevrilməsi və Azərbaycanın bir çox prosesləri, eyni zamanda region xalqlarının maraqlarına xidmət edən bir çox layihələrin həyata keçirməsi istiqamətində atdığı addımları həmin dövlətlərin maraqlarına xidmət etmədiyini göstərir: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiya tərəfinə həm müsahibəsi zamanı açıq şəkildə bildirdi ki, biz artıq Rusiya tərəfinə bir neçə dəfə şifahi şəkildə baş verən proseslərdən narahat olduğumuzu, xüsusilə də Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə və bu ərazilərdə baş verən proseslərə Azərbaycanın narahatlıqla yanaşdığını, Rusiya sülhməramlı qüvvələrinin həm 10 noyabr, həm də 11 yanvar bəyanatında irəli gələn məsələlərə, tələblərə düzgün riayət etmədiklərini, xüsusilə də 10 noyabr bəyanatının bir sıra bəndlərinin, bir sıra tələblərinin hələ də yerinə yetirilmədiyi narahatlıqlarının Rusiya tərəfinə çatdırıldığını, Azərbaycanın rəsmi şəkildə, rəsmi qurumu tərəfindən bu münasibətin, bu mövqenin çatdırıldığını bəyan etdi”.

“Bu müsahibə zamanı səsləndirilən mühüm məsələlərdən biri də o idi ki, Azərbaycan Prezidenti açıq şəkildə bəyan etdi ki, Rusiya bizim qonşumuzdu, Ermənistanla isə müttəfiqdi. Yəni, son dövrlər baş verən hadisələr, Rusiya tərəfindən atılan addımlar heç də Azərbaycanla dostluq, müttəfiqlik münasibətlərinə uyğun deyil. Məğlub, faşist Ermənistanın yenidən silahlandırılması heç bir halda regionda sülhə, region xalqlarının maraqlarına və ən əsası əldə olunmuş kövrək sülhün qorunub saxlanılmasına və davamlı olmasına xidmət edə bilməz. Əksinə, faşist Ermənistanın yenidən silahlandırılması, yeni təcavüzlər, yeni müharibələr, yeni iddialar deməkdir və Azərbaycan Prezidenti açıq şəkildə bəyan etdi ki, faşist Ermənistan yenidən baş qaldırmağa cəhd edərsə, Azərbaycanın gücü və qüdrəti, eyni zamanda siyasi iradəsi ona yetərlidir ki, həmin faşist Ermənistanın başını yenidən əzsin. Bununla Azərbaycan Prezidenti açıq şəkildə bəyan etdi ki, Ermənistan heç bir halda, havdarlarına, eyni zamanda Rusiyadakı müəyyən dairələrə, xüsusilə də onu silahlandırmağa meyilli olan dairələrə arxayın olmasın. Əksinə, region xalqlarının və regionun, Cənubi Qafqaz ailəsinin bir üzvü olaraq  bu proseslərdə iştirakçıya çevrilsin”, – deyə Əliyev vurğulayıb.

Analitik Azərbaycanla Ermənistanın qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını tanımasını, qarşılıqlı olaraq, qarşılıqlı güzəştlər əsasında sülh müqaviləsi imzalamasının vacib olduğunu qeyd edib: “Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün tanınması şərtilə və bu proseslər davamlıq olaraq regiona sülh, iqtisadi inkişaf,  yeni imkanlar, barış gətirsin. Azərbaycan Prezidentinin açıq şəkildə bəyan etdiyi layihələr Azərbaycan dövləti tərəfindən həyata keçirilən və demək olar ki, bir çox layihələrin məhz təşəbbüskarı kimi çıxış etdiyi Azərbaycan dövləti bu layihələrdə Ermənistanı iştirakçıya çevirməklə həm də Ermənistan vətəndaşının həyatını yaxşılaşdırmaq, həyati imkanlarını, sosial təminatını yüksəltməyə çalışır. Bu ideyaları irəli sürməklə yalnız Azərbaycan xalqının deyil, həm də region xalqlarını və Ermənistan xalqını da düşündüyünü göstərdi. Əslində, Prezidentin bu müsahibəsi, İlham Əliyevin çox dəqiq, uzaqgörən və yalnız Azərbaycan lideri deyil, Cənubi Qafqazın lideri olduğunu göstərdi. Çox dəqiq ölçülərə, viziona sahib olan bir lider olduğunu, proseslərə soyuqqanlı yanaşmağı bacaran, soyuqqanlı şəkildə təhlil etməyi bacaran və lazımı şəkildə Azərbaycan xalqını narahat edən məsələləri diplomatik dillə qarşı tərəfə başa salan bir lider olduğunu bir daha nümayiş etdirdi”.

“Mən hesab edirəm ki, Prezidentin bu müsahibə zamanı səsləndirdiyi fikirlər, mesajlar ünvanına çatacaq. Bir çox dairələr, eləcə də Rusiyada mövcud olan və region xalqlarının maraqlarına heç cür xidmət etməyən, qaranlıq planlar hazırlayan dairələr bu mesajdan nəticələr çıxaracaqlar. Hesab edirəm ki, cənab İlham Əliyevin bizim dostumuz, müttəfiqimiz və 44 günlük Vətən müharibəsi dövründə bizim yanımızda Türkiyə və Pakistan dövləti, xalqı dayandı, fikirlərini söyləməklə, həm də qonşu xalqlara, qonşu dövlətlərə zəruri və lazımi mesajları çatdırmış oldu. Bununla göstərmiş oldu ki, Azərbaycan dövləti hər bir prosesi dəqiqliklə izləyir, bütün proseslər haqqında tam, dolğun informasiyaya sahibdir.

Xüsusilə də son aylar Azərbaycanın Qarabağ bölgəsinə hələki Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Laçın dəhlizi vasitəsilə daşınan yüklər haqqında müxtəlif dövlətlərə aid avtomobillər vasitəsilə daşaınan yüklər haqqında dəqiq məlumatlı olduğunu, Azərbaycan dövlətinin bu məlumatları qarşı tərəfə çatdırdığını və qarşı tərəflər bu mesajdan düzgün nəticələr çıxarmazsa, bu situasiyaya uuyğun davranışlar nümayiş etdirəcəyini bir daha həm region xalqlarına, həm də qonşu dövlətlərə və Ermənistanı qızışdırmaqla yeni münaqişə ocaqları yaratmağa çalışan dövlətləri və həmin dövlətlərdəki siyasi dairələrə mesajını çatdırmış oldu”, – Əliyev fikrini yekunlaşdırıb.

Mərahim Nəsib,

KONKRET.az

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*