Azərbaycan iki hərbi əsiri Ermənistana təhvil verir.
KONKRET.az-ın erməni mediasına istinadən xəbərinə görə, Bakıdan gələn təyyarə tezliklə İrəvana eniş edəcək.
Rüstəm Muradovun müşayiəti ilə iki hərbi əsir – Artur Nalbandyan və Aramais Torozyan azərbaycanlı hərbçi Cəmil Babayevlə dəyişdirilir.
Azərbaycanın təhvil verdiyi erməni hərbçilərin 14 iyulda Zəngəzur bölgəsində, Qaragöl yaxınlığında dumanda azaraq itkin düşdüklərini qeyd edib. Bildirilib ki, onlar avtomobillə hərəkət etsələr də, silahsız olublar.
Ermənistan mətbuatı avqustun 25-də Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yaymışdı.
Xatırladaq ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və haqqında cinayət işi başlanıldığını bildirib.
KONKRET.az
