Bakıda Tofiq Qasımov üçün vida mərasimi təşkil edilməlidir – TƏKLİFbackend

Bakıda Tofiq Qasımov üçün vida mərasimi təşkil edilməlidir - TƏKLİF

Aslan İsmayılov

Bu dəqiqələrdə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımovun rəhmətə getməsi xəbərini oxudum. Çox üzüldüm, çünki Azərbaycana gəldiyim 1989-cu ildən ən çox dinlədiyim, vətənpərvərliyinə, savadına, gözütoxluluğuna heyran olduğum şəxs idi. Özü fizik olmasına baxmayaraq qanunları onun kimi həssas, detallı incələyən, şərh verən ikinci şəxsi heç vaxt görmədim. Bu gün çox təəssüf edirəm ki, heç vaxt onunla görüşmədim. Bir neçə il bundan əvvəl mətbuatdan onun fikrə dalmış, çox dərin mənalar əks etdirən şəklini (indi paylaşdığım) görəndə çox peşman oldum ki, onun İsveçrədə mühacir kimi yaşadığını bilməmişəm. Dəfələrlə İsveçrədə olmuşdum, onun orada yaşadığını bilsəm hökmən tapıb görüşərdim, çoxlu suallarıma cavab alardım. Ən əsası ona hörmət etdiyimi, hökmən həsrətini çəkdiyi Vətənə dönməsini xahiş edərdim.

Dərhal yadıma 2000-ci illərin əvvəli düşdü. Onda da MONİTOR jurnalı ilə bağlı olan basqılardan sonra Avropa Birliyi dövlətlərinin səfirləri mənə ailəmlə ölkədən çıxmağı, uşaqlarımın və özümün maddi təminatını edəcəklərini bildirəndə çox tərəddüd etmişdim. Getməməyimin əsas səbəbi o oldu ki, uşaqlarım körpə olduğundan xarici mühitə, Vətəndən kənarda yaşamağa tez alışacaqlar. Mən isə ömrü boyu Tofiq müəllimi gördüyüm görkəmdə hər dəqiqə Vətənimlə bağlı məlumat almağa çalışacam və beləcə həyatımı başa vurub oralarda dəfn olunacam.

Həmin fotonu görəndən sonra Tofiq müəllim tez-tez gözümün önünə gəlirdi və hər dəfə gördüyüm mənzərə məni çox üzürdü ki, niyə biz bir-birimizə qarşı bu qədər amansızıq, laqeyidik. Axı Azərbaycan hamımızın Vətənidir və hamımızın burada yaşamaq haqqımız var. Tanıyanlar bilirlər ki, xaricə getmək üçün məndən məsləhət istəyənlərə hər dəfə “yox” cavabı vermişəm və hansısa çətinlik ucbatından Vətəndən küsməyin, getməyin əleyhinə olmuşam. Bu, mənim üçün Anadan küsməyə bənzəyir.

Bu gün bu yazımla günahkar axtarmaq fikrində deyiləm. Ancaq bir daha hamımıza müraciət edirəm, gəlin Azərbaycanı kiminsə saymayaq. Bura hamının Vətənidir və hamının burada yaşamaq, onun inkişafı üçün çalışmaq haqqı və borcu var. Bilirəm ki, heç kim Vətəndən öz xoşu ilə, yaxşı gündən getmir. Ancaq bu Vətənin müsbətə doğru dəyişməsi üçün bütün çətinliklərinə dözmək də hamımızın borcudur.

Bu Vətəndən getmək istəyənlər üçün dəqiq bildiyim bir halı da nəzərinizə çatdırım. 1996-cı ildən Azərbaycandan ABŞ, Avropaya gedən ilk insanlardan olmuşam və həmişə də olduğum ölkələrdə yaşayan azərbaycanlılarla görüşüb maraqlanmışam. Maddi təminatlarından asılı olmayaraq qürbətdə xoşbəxt olan azərbaycanlı görməmişəm. 1999-cu ildə Nyu Yorkda təxminən 10 nəfər azərbaycanlının olduğu bir məclisində çıxış edənlər daim ABŞ-ın necə gözəl, yaşamalı ölkə olduğunu vurğulayırdılar. Məclisin sonuna yaxın daim susan İsmayıl (hamı ona İzik deyə müraciət edirdi) qalxıb üzünü oturanlara tutub hiddətlə “niyə hamınız Bakıdan gələn olan kimi buranı tərifləyirsiniz, ancaq özümüz tək-tək oturanda Azərbaycan üçün zarıyırsınız” və üzünü mənə tutub dedi “Aslan müəllim, bunlara qulaq asmayın, hamısı içi mən qarışıq bədbəxtik, nə badə Azərbaycandan köçəsiniz”.

Buradan üzümü islahat komandası adlandırdığım şəxslərə tutub deyirəm, bu gün mənim üçün, Sizin ən böyük işiniz ölkədə iqtidar-müxalifət arasında düşmənçilik səviyyəsində olan münasibətləri rəqabət səviyyəsinə gətirməyiniz olardı. Bir də arzu edərdim ki, hakimiyyətdən kimsə Bakıda Tofiq müəllim üçün yas mərasimi düzənləsin. Bu barışa doğru atılmış ilk addım olardı.

Uca Allahdan Tofiq Qasımova rəhmət diləyirəm.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*