Bakıda tramvay və trolleybuslar bərpa edilə bilərmi? – Ekspertdən AÇIQLAMAbackend

Bakıda tramvay və trolleybuslar bərpa edilə bilərmi? – Ekspertdən AÇIQLAMA 

Vaxtilə tramvay və trolleybuslar Bakıda ən mühüm nəqliyyat vasitələrindən biri hesab edilirdi. Həm ekoloji təmiz, həm də rahat və ucuz olan bu vasitələr zamanın arxivində itib batdı. Müstəqilliyin ilk illərində bir sıra sahələrdə olduğu kimi nəqliyyat sahəsində də tənəzzül yaşandı.

Lakin son dövrlərdə bu məsələ yenidən aktuallaşıb. Tramvay və trolleybus xətlərinin bərpa olunmasına dair müxtəlif fikirlər səsləndirilir.

Görəsən həmin ictimai nəqliyyat vasitələrinin bərpası nə dərəcədə mümkündür? Bunun üçün hansı işlər görülməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib:

“Tramvayların bərpası məsələsi Prezident İlham Əliyev tərəfindən təsdiq olunan dövlət proqramında öz əksini tapıb. Bu proqram 2018-ci ilin dekabr ayında imzalanıb və yol hərəkətinin təhlükəsizliyinə dair beşillik dövlət proqramıdır. Orada ekoloji-təmiz nəqliyyat vasitələrinin stimullaşdırılması ilə yanaşı tramvayların bərpası ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib. Aidiyyəti qurumlar tramvay və trolleybus kimi nəqliyyat vasitələrinin Bakı şəhərinə uyğun olub-olmamasını yoxlamalıdır. Bir neçə qurum komissiya şəklində analiz və təhlilləri müzakirə etdikdən sonra hökumətə sənəd təqdim etməlidir”.

Ekspertin fikrincə, bəzi xətlər üzrə tramvayın bərpası mümkündür:

“Bakıda bir sıra geniş küçələr var ki, həmin küçələrdə tramvay və trolleybus xətləri yaratmaq olar. Lakin əvvəlki dövrdə olan nəticəni əldə etməyimiz mümkün deyil. Çünki vaxtilə tramvay xətləri Bakının bütün küçələrini əhatə edirdi. Lakin indiki halda tramvay və trolleybusun işləməsi bir çox çətinliklərə səbəb ola bilər. Bu xətləri işə salsaq, şəxsi avtomobillərdən istifadəni məhdudlaşdırmalı olacağıq. Belə olan təqdirdə tramvay xətlərini yalnız əlverişli küçələrdə yarada bilərik. Hazırda mövcud şərait bunu tələb edir. Bakıda bir neçə küçə var ki, orada tramvay xətləri yaradıla bilər. Əvvəlki dövrdə tramvay xətlərinə baxanda yolların necə gözəl olduğunu görürdük. Lakin indi infrastruktur xeyli yüklənib. Əlavə olaraq tramvay və trolleybus xətlərinin yaradılması bu yükü bir az da artıra bilər. Düşünürəm ki, bu istiqamətdə addımlar atılsa, avtomobillərin sayı azalacaq. Amma kortəbii şəkildə hərəkət etmək olmaz. Vəziyyət dərindən təhlil edilməli və əhali arasında sorğu keçirilməlidir. Bu məsələ ilə bağlı heç kim kabinetdə oturub qərar qəbul etməməlidir. Günümüzdə paytaxtda ictimai nəqliyyat yaxşı vəziyyətdə olmadığına görə insanlar şəxsi avtomobillərdən daha çox istifadə edir. Tramvay və trolleybus bərpa edilərsə və avtobusların sayı artarsa, şəxsi avtomobillərdən istifadə azalacaq”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*