Bakıda yeni dərs ilinin başlaması ilə nəqliyyatın hərəkət intensivliyi kəskin artıb. Bununla yanaşı, bir sıra küçə və prospektlərdə aparılan təmir, asfaltlama və yol-xəttləmə işləri tıxacları daha da ağırlaşdırır. Xüsusilə pik saatlarda yolların qismən və ya tam bağlanması həm sürücülərin, həm də ictimai nəqliyyatdan istifadə edən vətəndaşların hərəkətində ciddi çətinliklər yaradır.
Bəs yol təmirlərinin məktəb və universitetlərin fəaliyyət göstərdiyi dövrə, xüsusilə də günün ən sıx saatlarına təsadüf etməsi nə dərəcədə əsaslandırılmış qərardır?
Məsələ ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı bildirib ki, yol və nəqliyyat infrastrukturu ilə bağlı işlərin planlaşdırılması zamanı şəhərin nəqliyyat yükü mütləq nəzərə alınmalıdır.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində yol təmiri və digər infrastruktur işləri nəqliyyatın nisbətən az olduğu dövrlərə və saatlara planlaşdırılır:
“Peşəkar olmayan insanların aidiyyətsiz sahələrdə təmsil olunmasının ən bariz nümunələrindən biri də budur. Dünyanın hər yerində dəmir yolları, avtomobil yolları, metropoliten və digər nəqliyyat infrastrukturlarında işlər nəqliyyat yükünün minimum olduğu dövrə salınır. Gün ərzində də hərəkətin daha az olduğu saatlar seçilir.
Bizdə isə bunun tam əksini görürük. Günün ən pik saatlarında bir avtomobil gəlib yolu bağlayır və saatlarla xəttləmə işi aparılır. Halbuki yolun cəmi 100-200 metrlik hissəsinin bağlanması belə şəhərin bir istiqamətində ciddi tıxac yarada bilər. Çünki avtomobil yolları hörümçək toru kimidir. Bir nöqtədə yaranan problem digər küçə və prospektlərə də təsir göstərir”.
T.Abbaslı hesab edir ki, xüsusilə may ayının sonundan sentyabrın əvvəlinə qədər şəhərin nəqliyyat yükünün nisbətən azaldığı dövrdən səmərəli istifadə etmək mümkündür:
“May ayının sonundan sentyabrın əvvəlinə qədər məktəblər və universitetlər tətilə çıxır. Tələbələrin bir qismi rayonlara gedir, valideynlərin uşaqları məktəbə aparıb-gətirməsi ilə bağlı gündəlik avtomobil hərəkəti azalır. Nəticədə Bakının nəqliyyat yükü aşağı düşür. Yol təmiri və digər işlər üçün ən uyğun dövr məhz bu aylardır.
Belə işlər əvvəlcədən planlaşdırılaraq bir neçə ay ərzində yekunlaşdırılsa, dərs ilinin başlanması ilə yaranan əlavə nəqliyyat yükünün üzərinə yeni problemlər gətirilməz”.
Partiya sədri vurğulayıb ki, yol təmirlərinin vaxtının müəyyənləşdirilməsində əsas meyar məmurların iş qrafiki deyil, vətəndaşların rahatlığı olmalıdır.
“Bizdə vətəndaşın rahatlığı, əsəbləri və vaxtı kifayət qədər nəzərə alınmır. Məmur özü nə vaxt rahatdırsa, iş də həmin vaxt aparılır. Halbuki hansısa avtomobil yolunda təmir gedirsə, niyə bu iş gecə saatlarında, məsələn, gecə 1-dən səhər 5-ə qədər görülməsin? Niyə məsul şəxs gecə vaxtı işin başında qalmasın? Əgər bunun nəticəsində minlərlə insanın vaxtına qənaət olunacaqsa, bu, nəzərə alınmalıdır”.
T.Abbaslının sözlərinə görə, pik saatlarda yolların bağlanması yalnız vaxt itkisi və əlavə tıxac yaratmır, həm də daha ciddi risklərə səbəb ola bilər:
“İnsanlar saatlarla tıxacda qalır, əsəbləri pozulur, vaxtlarını itirirlər. Ən təhlükəlisi isə təcili tibbi yardım avtomobillərinin hərəkətinin çətinləşməsidir. Xəstəxanaya çatmalı olan insan tıxacda qala bilər. Bütün bunlar əvvəlcədən hesablanmalıdır”.
O qeyd edib ki, yol işlərinin vaxtının düzgün seçilməməsi ilə bağlı ictimai narazılıq olsa da, məsuliyyət mexanizmləri kifayət qədər işlək deyil:
“Vətəndaş məmnuniyyəti dövlət idarəçiliyində əsas meyar olmalıdır. Amma bizdə bəzən bunun əvəzinə məmur rahatlığı ön plana keçir. Dünyanın harasından, hətta Mozambikdən belə bir adam gətirib soruşsanız ki, Bakıda saat 3-də şəhərin ən hərəkətli yollarından birini bağlayıb asfaltlama işləri aparmaq normaldırmı, adama gülərlər. Amma Azərbaycanda bu, təəssüf ki, adi hala çevrilib.
Günün günorta vaxtında üç hərəkət zolağı olan tuneldə iki zolaq bağlanır və tunelin içi yuyulur. Yol xəttlənməsi, asfaltlama, tunelin yuyulması kimi işlər saatlarla yolların bağlanmasına səbəb olur. Buna görə heç bir məsuliyyət və cəzalandırma mexanizmi olmadığından hər kəs istədiyi kimi davranır”.
Beləliklə, yeni dərs ilinin başlaması ilə Bakıda nəqliyyat yükünün artdığı bir vaxtda yol təmirlərinin planlaşdırılması məsələsi yenidən gündəmə gəlib. Yol işlərinin nəqliyyatın az olduğu dövrlərdə və mümkün qədər gecə saatlarında aparılması həm tıxacların, həm də vətəndaş narazılığının azalmasına kömək edə bilər.
Aynurə İsmayıl
KONKRET.az
