“Biz 1992-ci ildə Şuşanı ələ keçirdiyimiz zaman daha az itki vermişdik, lakin 2020-ci ildə şəhəri itirəndə itkimiz ciddi şəkildə çox idi”.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, hər iki Qarabağ müharibəsinin iştirakçısı və Xocalı qatili Seyran Ohanyan deyib.
O, Şuşanın itirilməsinin Ermənistana ağır zərbə olduğunu bildirib:
“1990-cı illərdə könüllü dəstələri birləşdirib orduya çevirərək şəhəri çətinliklə də olsa, ələ keçirə bilmişdik. Lakin 2020-ci ildə nizami ordu olmasına rəğmən, Şuşanı qorumağı bacarmadılar. 44 günlük müharibədə Ermənistan ordusu pərən-pərən idi, özlərini könüllü, qeyri-peşəkar döyüşçü kimi aparırdılar. Dövlət də çox zəif çıxış etdi, vahid strategiya qura bilmədi. Düşmən ordusu müharibə zamanı əsas zərbəni “artsax”ın cənub hissəsindən vurdu və bütün sonrakı hücumları bu istiqamətdən uğurla inkişaf etdirə, irəlilədə bildi. Nəinki Şuşanı ələ keçirdilər, hətta Ermənistan sərhədlərinə qədər çatdılar. Ermənistan üçün böyük əhəmiyyət kəsb edən yüksəklikləri ələ keçirdilər. Hətta istəsələr, ələ keçirdikləri nöqtələrdən hücumları ölkəmizə doğru daha da irəlilədə bilərdilər”.
Qeyd edək ki, ötən gün keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan uzun müddət sonra açıqlama verərək, 10 noyabr üçtərəfli bəyanatının qüvvədə qaldığını iddia edib. Balasanyanın bu açıqlaması erməni ictimaiyyətində birmənalı qarşılanmayıb.
