Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən, sosial şəbəkələrdə “Arzum 999” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Məhkəmənin hökmünə əsasən, İlduzə Hacıyeva cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Bəs yol-nəqliyyat hadisəsindən sonra sürücünün hadisə yerini tərk etməsi hansı hallarda cinayət və ya hüquqi məsuliyyət yaradır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, ölümlə və ya insan sağlamlığına ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsindən sonra sürücünün hadisə yerini tərk etməsi qanunvericiliklə cinayət məsuliyyəti yaradır.

Onun sözlərinə görə, belə hallarda hadisə yerini tərk edən şəxsə görə ayrıca cinayət məsuliyyəti nəzərdə tutulur:
“Yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmişin ağır xəsarət alması və ya hadisənin ölümlə nəticələnməsi halında sürücü hadisə yerini tərk edərsə, bu, cinayət məsuliyyəti yaradır. Qanunvericiliyə əsasən, buna görə 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.”
Hüquqşünas qeyd edib ki, məhkəmə hökm çıxararkən törədilmiş əsas cinayətlə yanaşı, hadisə yerini tərk etmə faktını da nəzərə alır və yekun cəza bu hallar birlikdə qiymətləndirildikdən sonra müəyyən edilir.
“Məhkəmə maddələri toplayaraq yekun cəzanı müəyyənləşdirib. Yəni 5 il 2 aylıq cəza həm yol-nəqliyyat hadisəsini törətməsinə, həm də hadisə yerini tərk etməsinə görə hesablanıb”, – deyə M. Muradlı vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az
