Banqkokda qeyri-adi restoran: 1966-cı ilin “Miss Tailand”ı bu gün də qonaqlarını özü qarşılayırbackend

Banqkokda qeyri-adi restoran: 1966-cı ilin "Miss Tailand"ı bu gün də qonaqlarını özü qarşılayır

Banqkokda elə bir restoran var ki, onun zalının ortasında, büllur çilçıraqların altında məxmər mantiyalı və “Miss Tailand 2509” lentli maneken dayanır. Taylandın təqviminə görə 2509-cu il bizim təqvimlə 1966-cı ilə uyğun gəlir. Bu, sadəcə dekor elementi və ya teatr rekviziti deyil, restoran sahibəsinin həyat hekayəsinin bir parçasıdır. 77 yaşlı sahibə fotolarda qırmızı divanda, öz portretinin əks olunduğu divar rəsminin altında əyləşir.

Onun adı Çitprapxatson Tiansuvandır. Yaxınları və tanışları onu Me Denq adı ilə çağırırlar. O, düz altmış il əvvəl həqiqətən də Tailandın ən gözəl qadını seçilib.

Həmin vaxt bərbərlik kurslarını yenicə bitirən gənc qız Lopburidə keçirilən gözəllik müsabiqəsinə iştirakçıların makiyajını etmək üçün gəlmişdi. Lakin onu səhnəyə çıxmağa da razı saldılar. Beləcə, təsadüfi bir iş təklifi onun həyatını dəyişdi və Me Denq ölkənin əsas gözəllik tituluna sahib oldu.

Yaşı hələ 18-ə çatmadığı üçün “Miss Kainat” müsabiqəsində iştirak edə bilməsə də, 1967-ci ildə Avstraliyada keçirilən beynəlxalq gözəllik yarışmasında Tailandı təmsil etdi. Həmin dövrə aid köhnəlmiş fotolardan birində onun üzərində “THAILAND” yazılmış lentlə podiumda addımladığı görünür.

Sonralar Me Denq səhnəni mətbəxlə əvəz etdi. O, 40 ildən çox əvvəl ailə reseptləri əsasında yeməklər hazırlanan Petçaburi restoranını açdı. Bu gün də fəaliyyət göstərən məkan Banqkokda, Vat Samian Nari məbədinin yaxınlığında yerləşir.

Restoranın interyeri sahibəsinin keçmişini xatırladan əşyalarla doludur. Masaların üzərində çərçivəyə salınmış onlarla arxiv fotosu, müxtəlif xatirə əşyaları və mirvari tac nümayiş etdirilir. Qonaqlara xatirə üçün həmin tacı taxmağa da icazə verilir.

Menyuda ənənəvi Tayland kariləri ilə yanaşı, restoranın xüsusi təamı olan “Gözəllik kraliçasının salatı” da var. Yam Nang Ngam adlanan bu salatın qiyməti 180 batdır.

Banqkokun maraqlı tərəfi də elə budur: turistlərin sıx olduğu küçələrdən bir qədər uzaqlaşaraq sadəcə nahar etmək üçün bir restorana daxil olursan, amma özünü bir anda bütöv bir ailənin canlı tarixinin içində tapırsan.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*