Bayrağı əyninə geyinənlərə Flora Kərimovadan SƏRT MÜNASİBƏT: “Ayıbdır”backend

Bayrağı əyninə geyinənlərə Flora Kərimovadan SƏRT MÜNASİBƏT: "Ayıbdır"

Üçrəngli bayraq! İndi Vətənin ən uca zirvələrində dalğalanırsan! Uğrunda neçə-neçə oğulların şəhid və qazi oldu, canından, qanından keçdi. Sənə bürünüb Vətən torpağında uyumaq şərəfini seçdi. Vətənpərvərliyini şəhadəti, qaziliyi ilə göstərdi…

Bəs onda bəzilərimiz Şuşa qalasında dalğalanan, şəhid məzarlarına dikilən bayrağımızı niyə əynimizə geyinirik? Bununla hansı vətənpərvərlik nümunəsi göstərməyə çalışırıq? Niyə sənət adamları, müğənnilər bayrağımıza belə bir münasibət göstərirlər?

Xalq artisti Flora Kərimova KONKRET.az-a bununla bağlı sərt fikirlərini bildirib: “Bu, ciddi problemdir. Və məni çox narahat edir. Onları başa salın ki, ayıbdır. Bayraq namusdur, qeyrətdir, şəhidlərimizin qanıdır, şəhid analarının göz yaşıdır. Bayraqdan bu şəkildə istifadə etmək olmaz. Guya xoşa gəlmək, vətənpərvər olmaq istəyirlər. Amma bu, vətənpərvərlik deyil. Bəzi-bəzi insanlar “vətənpərvərlik” edib belə ucuz şeylərə əl uzadanda düşünürəm ki, bir erməni gülləsinin səsini eşitsəydilər, bilmirəm, hansı yerə soxular, ya da göyə dırmaşardılar. Yəni kimlərəsə xoş gəlmək, gələcəkdə ad almaq, özünü gözə soxmaq üçün bayrağı ucuzlaşdırmaq olmaz! Vətənpərvərlik karyera mənbəyi deyil, evə gətirilən çörək deyil. Vətənpərvərlik ləyaqətdir. O, Allahdan ya verilir, ya da verilmir.

Bir də görürsən, kipriklərinə o qədər tuş vururlar ki, hər kipriyi ox boyda olur, başlayırlar vətənpərvərlikdən danışmağa, oxumağa. Üz-gözünü, saçını bəzəyib-düzəyib şəhidlər haqqında oxumaq, danışmaq olmaz. Bəziləri bəlkə cavandır, başa düşmür belə şeyləri. Amma onlara yumşaq başa salmaq lazımdır ki, əyinlərinə geyindikləri bayraq şəkilli paltarla hər yerə gedə bilməzsən.

Bayrağı geyim kimi, ümumiyyətlə, istifadə etmək olmaz. Xüsusən də əndamlı qadınların buna əl atması çox biabırçıdır. Bütün əzaları bayraq formalı geyimlə vulqar görünür, üstəlik, əllərini də bellərinə qoyub poza verəndə ikrah doğururlar. Üzlərinə də ki, aşırı kosmetikadan baxmaq olmur.

Mən həmişə demişəm ki, vətənpərvərlik ürəklə sevib, Vətəni ağılla qorumaqdır. Bir vətənpərvərin ki, ağlı topuğundadır, belə şeyləri başa düşmür və belə şeyləri edəndə özü kimilər ondan nümunə götürür, onlar da bir-biri ilə yarışa girir, bu, artıq mənəviyyatsızlıqdır. Belə olan halda Vətənin mənası da cılızlaşır, hər şey mənasını itirir. Belələrinin hərəkətləri özündən, eqoistliyindən, hədəfindən, hədəfə gedən yolundan başqa heç nə aşılamır və başqalarına yalnız tərbiyəsizlik dərsi verir.

Bir söz deyəndə də belələri demokratiyanı əsas gətirirlər.  Məgər demokratiya əlcəkdir ki, beş barmağını da içinə salasan. Demokratiyadan əvvəl mənəviyyat əsasdır”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*