“Qazaxıstan heç vaxt bu müharibəyə qatılmayacaq. Çünki qazax xalqı Rusiya tərəfindən təhqir edildi. Bu təhqir çox da uzaq tarixdə olmayıb. Tokayev belə bir addımı atarsa, xalq onu hakimiyyətdən süpürüb tarixin “zibil qabı”na atacaq”.
Bu sözləri KONKRET.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bu müharibəyə Belarusdan başqa heç kim qoşulmayacaq: “Ona görə də Üçüncü Dünya müharibəsindən söhbət belə gedə bilməz. Əksinə, Belarusun bu işə qarışması A.Lukaşenkonun “başını yeyəcək” və ona qarşı ciddi tədbirlərin və sanksiyaların tətbiqinə gətirib çıxaracaq. Rusiya heç nə edə bilməyəcək. Artıq bütün Avropa Rusiyaya qarşı döyüşür. Rusiya məğlub olmaq ərəfəsindədir”.

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rusiya hərbi siyasi rəhbərliyi tamamilə ağlını itirib: “Yaxşı olar ki, Rusiya Honduras və Nikaraquadan xahiş etsin ki, onlar da öz qoşunlarını Ukraynaya yeritsin. Rusiya indi biabırçı və rüsvay vəziyyətdədir. Rusiyanın heç nəyə gücü çatmır və ordusu döyüşməkdən imtina edir. Belarus rəhbərliyinin müharibəyə qoşulması isə çox səhv və ağılsız qərardır. Bu, Aleksandr Lukaşenkonun sonunu daha da sürətləndirdi. Üçüncü Dünya müharibəsinin başlanmasına dünya dövlətləri imkan verməyəcək. Rusiya Xarici İşlər naziri Sergey Lavrov sərsəm açıqlamalar verir. Müdafiə naziri Sergey Şoyqu isə bildirir ki, məqsədimizə çatana qədər əməliyyatlar davam edəcək. Yəni Rusiya hərbi-siyasi rəhbərliyi tamamilə ağlını itirib. Onlar özünü elə vəziyyətə salıb ki, son ümid yeri kimi nüvə silahı qalıb. Artıq NATO müttəfiqləri Ukraynaya hərbi yardım edir. Yəqin ki, digər ölkələr də hərbi dəstək göstərəcək”.

Ekspert deyir ki, “Qazaxıstanın başı öz problemlərinə qarşıb. Ukraynaya qoşun yeridəcəyini düşünmürəm. Tokayev dünyada gedən prosesləri bilir: “Belarus öz qonşusuna qoşun yeritməklə tarixi səhvə yol verdi. Bununla Lukaşenko öz sözünün ağası olmadığını nümayiş etdirdi. NATO hələlik prosesləri yaxından izləyir. Rəsmi olaraq Ukraynaya hərbi dəstək göndərildi. Yaxın saatlarda yəqin ki, NATO-dan rəsmi açıqlama da gələcək. Rusiya öz məqsədinə çata bilmədi. Fəlakət isə getdikcə dərinləşir”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
