Amerikalı alimlərin araşdırmaları göstərib ki, birotaqlı mənzillər insan sağlamlığına ciddi təhlükədir. Boston Universitetində dizaynın insan psixologiyasına təsirini öyrənən mərkəzin başçısı Dak Kopeç araşdırmalar nəticəsində mənzil sahəsinin sakinlərin sağlamlığı ilə birbaşa əlaqəli olduğunu kəşf edib.
Nyu-York Universitetinin ətraf mühitin psixologiyası üzrə mütəxəssisi Syuzen Seqert də diqqətə çatdırıb ki, bu cür mənzillərdə yaşayan uşaqların səhhəti risk altında olur. Bu hal onların gələcək həyatlarında dərin iz buraxır. Bunun çox sadə izahı var. Kiçik sahəli mənzillərdə havalanma qənaətbəxş olmadığından müxtəlif bakteriya və virusların çoxalması üçün əlverişli zəmin yaranır. Əgər mənzil sakinlərindən hər hansı biri infeksiyaya yoluxarsa, 95 faiz hallarda ailənin bütün üzvləri xəstələnir. Havalanma olmadığı üçün mənzildə dəm qazı toplanır və nəticədə insan immunitetinə mənfi təsir göstərir.
Mütəxəssislər hesab edir ki, kompakt mənzillərdə yaşamaq insan psixikasını da pozur. Xüsusən yeniyetmələr belə mənzillərdə təkliyə çəkilməklə özlərini cəmiyyətdən təcrid edir, özünü realizə edə bilməmə və cəmiyyətə yararsızlıq hissi onlarda bədbin əhval-ruhiyyəni gücləndirir.
Yeni ailə quranlara gəlincə, ailə həyatını birotaqlı mənzildə başlamaq son anda uçuruma aparır. Çünki bu cür mənzilin sakinləri tez-tez heç bir səbəb olmadan əsəbiləşir və bir-birinə qarşı haqsız ittihamlar irəli sürürlər. Bu hal isə münasibətlərin sıxlaşmasına imkan vermir.
Araşdırmalar sübut edib ki, artroz, varikoz, arterial təzyiq, qaraciyər xəstəliyi, şəkərli diabet və hətta kişilərdə impotensiya bu cür qapalı məkanlarda yaşayan sakinlərin arsenalında olan adi xəstəliklərdir.
Beləliklə, ekspertlər hesab edirlər ki, yaşayış üçün hər bir insanın ən azı 9 kvadratmetr sahəyə ehtiyacı var. Yeri gəlmişkən, qeyd edək ki, keçmiş SSRİ-də mənzillərin paylanması məhz bu norma nəzərə alınmaqla həyata keçirilirdi.
Hazırladı: Rəhim ƏLİYEV
