“Narva üçün bu qərar, şübhəsiz ki, iqtisadi zərbə olacaq”.
KONKRET.az xəbər verir ki, Estoniyanın sərhəd şəhəri Narvanın keçmiş meri Katri Rayk ölkə hakimiyyətinin Rusiya ilə sərhədi bağlamaq qərarını müsahibəsində belə şərh edib.
Onun sözlərinə görə, qərarın iqtisadi nəticələri ilə yanaşı, şəhər sakinləri üçün ciddi emosional təsirləri də olacaq:
“İkinci məsələ isə bunun insanlar üçün emosional baxımdan nə qədər vacib olmasıdır. Biz sərhəd şəhəriyik. Həmişə Tallinlə Sankt-Peterburq arasında yerləşmişik. İndi isə iki böyük şəhər arasındakı bu mövqeyimizi itirəcəyik. Avropa İttifaqının ucqarına, bir növ çıxılmaz nöqtəsinə çevriləcəyik. İnsanları başa düşmək lazımdır. Onlar bu vəziyyəti yaşayırlar və bu, onlar üçün çox ağırdır”.
Rusiya Turoperatorlar Assosiasiyasının məlumatına görə, 2024-cü ildə Rusiya vətəndaşları quru sərhədləri vasitəsilə Avropaya 821 min səfər ediblər. Bu səfərlərin 510 mini, yəni 60 faizdən çoxu Estoniya ilə sərhəd-keçid məntəqələrinin payına düşüb.
Lakin Katri Rayk hesab edir ki, məsələ təkcə turizmlə məhdudlaşmır. Onun sözlərinə görə, qarşıdan bayram günləri gəlir və bir çox insan sərhədin o biri tərəfində yaşayan yaxınlarını ziyarət etmək istəyir.
“Açığı, mən sərhədi (2027-ci ilin – red.) əvvəlində bağlayardım. İnsanlara bu vəziyyətə alışmaq üçün bir ay vaxt verərdim”, – Narvanın keçmiş meri bildirib.
Bununla belə, Rayk siyasi baxımdan Estoniyanın sərhədin bağlanması qərarını anladığını da vurğulayıb. Onun fikrincə, müdafiə sənayesi müəssisəsinə qarşı təxribat cəhdindən sonra rəsmi Tallinn cavab tədbirləri görməlidir.
Moskvanın NATO-dan alyansın faktiki olaraq 1997-ci il sərhədlərinə qayıtmasını tələb etməsinə münasibət bildirən Rayk isə Estoniyanın təhlükəsizlik baxımından müttəfiqlərə ehtiyac duyduğunu deyib:
“Biz kiçik ölkəyik və tək qala bilmərik. Dünya siyasətinin məntiqi belədir. Hazırda bu yanaşma bizim regionda – bütün Baltikyanı ölkələr üçün qəbuledilməzdir”.
Natiq Səlim,
KONKRET.az
