Oktyabrın 1-dən bağçalar yenidən bağlanır? – AÇIQLAMA
Xəbər verdiyimiz kimi sentyabrın 15-də bölgələrdə bağçaların fəaliyyəti bərpa olunur. Oktyabrın 1-dən də Bakı, Sumqayıt və Abşeronda bağçaların açılması gözlənilir. Lakin məktəblərdə şagird və müəllimlərin koronavirusa yoluxması bağçaların yenidən bağlanacağı ilə bağlı fikirləri ortaya çıxarıb. Bu baxımdan oktyabrın 1-dən bağçalar yenidən bağlana bilərmi?
Bununla bağlı KONKRET.az-a danışan deputat İlham Məmmədov bildirib ki, sentyabrın 15-də bölgələrdə bağçaların və məktəbəqədər təhsil müəssisələrinin açılması barəsində qərar verilib: “Bakı, Abşeron və Sumqayıtda isə bağça və məktəbəqədər təhsil müəssisələri oktyabrın 1-dən açılacaq. Bu gün valideynlərdə narahatlıq var ki, Bakı, Sumqayıt və Bakıda bağçalar açılacaqmı? Yenidən bağçaların qapadılması olacaq? Qeyd edim ki, çox vaxt uşaqlar xəstəliyi yüngül və simptomsuz keçirirlər. Valideynlər bu müddət ərzində çox diqqətli olmalıdır. Bağçaya aparılan uşaqların aktivliyinə, hərəkətinə və təmizliyinə xüsusi diqqət edilməlidir. Uşaqların temperaturu ölçülməlidir. Təbii ki, biz uşağa deyə bilmərik ki, sən maska tax, məsafə saxla. Körpə yaşlı uşaqlar bunu qəbul etməyəcək. Bunun üçündə bağçada müəllimlərin və tərbiyəçilərin böyük rolu olacaq”.
Deputat qeyd edib ki, oktyabrın 1-də Bakı, Sumqayıt və Abşeronda da bağçalar açılacaq: “Çünki uşaqların cəmiyyətə adaptasiya olması üçün bağça çox önəmlidir. Bütün bunlara baxmayaraq, qərar Operativ Qərargah tərəfindən veriləcək. Söylənilənlər sadəcə bizim düşüncələrimizdir. Hesab edirəm ki, epidemioloji vəziyyət öyrənilir, qiymətləndirilir və əməl edilməsi üçün də əhalimizə tövsiyə olunur. Mən hesab edirəm oktyabrın 1-dən bağçalar fəaliyyətini davam etdirəcəkdir”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
