backend

“Biz yenidən böyük regional oyunçuların sövdələşmə obyektinə çevrilirik” - Ovannisyan

“Türkiyə Skandinaviya ölkələrinin NATO-ya daxil olmasının qarşısını almaqda Rusiya ilə yanaşı oynayır. Rusiya isə Türkiyə və Azərbaycanın Cənubi Qafqazdakı hərəkətlərinə göz yumur”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Samvel Ovannisyanın məqaləsində yer alıb:

“Türkiyənin bu Alyansın üzvü olması faktını biz heç bir şəkildə dəyişə bilmərik. Həm də yeni üzvün NATO-ya daxil olması üçün digərlərinin  razılığı tələb olunur. Hazırda iki Skandinaviya ölkəsi NATO-ya daxil olmağa çalışır: Finlandiya və İsveç. Onlar keçən ilin mayında ərizə veriblər. İsveçlilər və finlərin nə üçün Avro-Atlantik təhlükəsizlik çətiri əldə etmək qərarına gəldiyini yəqin ki, izah etməyə ehtiyac duymuram. Buna səbəb Rusiyanın beynəlxalq hüquq normalarını nəzərə almayan aqressiv davranışıdır. Amma Ərdoğanın İsveç və Finlandiya üçün xoşagəlməz qərar verəcəyi bəllidir. Türkiyə Stokholm və Helsinkinin üzvlüyünü dəstəkləmir. Çünki bu ölkələr terror təşkilatlarının yuvasına çevrilib. Hazırda 30 ölkədən yalnız ikisi İsveç və Finlandiyanın NATO-ya müraciətlərini ratifikasiya etməyib. Bunlar Macarıstan və Türkiyədir”, – erməni analitik vurğulayıb.

HAŞİYƏ: Belə bir deyim var: “Özünə umac ova bilməyən, özgəsinə əriştə kəsir”. İndi ermənilər də aclıq, səfalət, daxili çəkişmələr və iqtisadi-siyasi çətinlik fonunda öz qeydlərinə qala bilməsələr də, Türkiyəni müzakirə etməyə həvəsli görünürlər. Üstəli, NATO-ya daxil olmaq istəyən ölkələrin vəkili kimi də çıxış etməkdən çəkinmirlər. Hesab edirəm ki,  Ovannisyan və digər erməni analitikləri Ermənistanda baş verən siyasi-iqtisadi proseslərdən yazsalar, daha məqsədəuyğun olar.

“Ankara Rusiyaya silah hissələri tədarük etməkdə ittiham olunur. Məsələ ondadır ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını əngəlləməklə, sanksiyalardan yan keçməyə kömək etməklə Rusiya ilə yanaşı oynayır.  Bu o deməkdir ki, Ankara ilə Moskva arasında sövdələşmə gedir. Türkiyə skandinaviyalıların NATO-ya üzv olmasını əngəlləyir,  ruslar isə Cənubi Qafqazdakı problemlərini həll etməkdə türklərə yardım göstərirlər. Heç kim erməni maraqlarını nəzərə almır. Biz yenidən böyük regional oyunçular üçün sövdələşmə obyektinə çevrilirik”, – deyə Ovannisyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*