BMT-nin Baş katibi İlham Əliyevə zəng etdibackend

BMT-nin Baş katibi İlham Əliyevə zəng etdi

İyulun 22-də BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

KONKRET.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş, ilk növbədə, Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmalardan narahat olduğunu bildirib və insan tələfatı ilə bağlı təəssüf hissini ifadə edib. BMT-nin Baş katibi, eyni zamanda, qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz və o, hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə çağırıb.

Prezident İlham Əliyev telefon zənginə və sərhəddə baş vermiş hadisələrlə bağlı şəxsən diqqət göstərdiyinə görə BMT Baş katibinə minnətdarlığını bildirib. Dövlətimizin başçısı məlumat verib ki, Ermənistan tərəfi təkcə Azərbaycan hərbçilərini deyil, Azərbaycan kəndlərini də atəşə tutub və bunun nəticəsində hərbçilərimizlə yanaşı, 76 yaşlı mülki şəxs də həlak olub. Azərbaycan Ordusunun adekvat cavabı nəticəsində Ermənistanın hücumunun qarşısı alınıb və hazırda vəziyyət nisbətən sabitləşib. Prezident İlham Əliyev vurğulayıb ki, toqquşmalar işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan uzaq məsafədə baş verib və Azərbaycanın Ermənistan ərazisində hərbi məqsədləri yoxdur. Biz sadəcə öz ərazilərimizi və insanlarımızı qorumalıyıq və qoruyuruq.

Dövlət başçısı BMT Baş katibinin bu fikri ilə razı olduğunu bildirib ki, status-kvo həmişəlik davam edə bilməz və qeyd edib ki, Azərbaycan həmişə danışıqlar masası arxasında konstruktiv mövqedə olub. Lakin Ermənistan Baş nazirinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı və digər tərəfdən onun “Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bildirməsi danışıqlar prosesini ciddi şəkildə təhlükə altına salır.

Dövlətimizin başçısı bir daha vurğulayıb ki, Ermənistan 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymur. Prezident İlham Əliyev bir daha BMT-nin Baş katibinə telefon zənginə və sərhəddə baş vermiş hadisələrə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*