Bölgələr turizm potensialını tam təqdim edə bilmirlər – Xidmətlər hələ də aşağı səviyyədədirbackend

Bölgələr turizm potensialını tam təqdim edə bilmirlər - Xidmətlər hələ də aşağı səviyyədədir

“Azərbaycana gələn turistlərin 82,5%-i Bakıya üstünlük verir”. Bu sözləri VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında deyib.

O bildirib ki, bu ölkəyə gələn hər 10 turistdən cəmi 2-nin Bakıdan kənara, rayonlara getməsi deməkdir. Deputatın sözlərinə görə, turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır:

“Azərbaycana gələnlərin 5.0 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, xarici tursitlərin 3,9 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 2,9 faizi Qubada, 0,5 faizi Şabranda, 1,6 faizi  faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Göründüyü kimi, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu, normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, bölgələr turizm potensialını hələ də tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiymətinin yüksək olması və keyfiyyətdə paytaxtdan geri qalması da xarici turist cəlbinə təsir göstərir”.

O həmçinin qeyd edib ki, 2024-cü ilin birinci yarısında hotellərdə gecələmələrin sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 35,8 % artaraq 1 milyon 852 min olub:

“Gecələmələrin ümumi sayının 66,5 %-i Bakıda, 5,3 %-i Qusarda, 4,4 %-i Naftalanda, 3,9 %-i Qubada, 3,6 %-i Qəbələdə, 3,3 %-i Şabranda, 2,0 %-i Lənkəranda, 1,2 %-i Xaçmazda, 1,0 %-i Naxçıvan Muxtar Respublikasında və 8,8 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 37,1% artaraq 1 miyon 81 min olmuşdur ki, bu da ümumi gecələmələrin 58,4 %-ni təşkil edir.

Gecələmələrin ümumi sayının 21,1 %-i Hindistan, 14,6 %-i Rusiya, 7,8 %-i Türkiyə, 6,6 faizi Səudiyyə Ərəbistanı, 5,7 %-i Birləşmiş Ərəb Əmirlikləri, 3,3%-i ABŞ, 2,8%-i Küveyt, 2,7 %-i Qazaxıstan, 2,4 %-i Böyük Britaniya, 2,2%-i Çin, 2,1 %-i İsrail, 2,1 %-i Özbəkistan, 2,1 %-i Pakistan, 1,3%-i Almaniya, 1,1 %-i İtaliya, 22,1%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb”.

Mövzu ilə bağlı KONKRET.az-a danışan turizm eksperti Ceyhun Aşurov da qeyd edib ki, Azərbaycana gələn turistlərin ölkədə keçirdiyi zamanana nəzər yetirsək görərik ki, 10 gündən 8 gününü Bakıda keçirirlər:

“Bunun bir neçə səbəbləri var. Birinci səbəb ölkəmizin hazırda giriş-çıxış nöqtəsinin məhz Bakıdan olmasıdır. Quru sərhədlərin bağlı olduğu vaxtda ölkəmizə gələn əcnəbilərin çox hissəsi hava yolu ilə gəlir, onların da 90%-dən çoxu məhz Bakı üzərindən uçuşlar həyata keçirirlər. Yəni həm ölkəyə gələrkən, həm də ölkədən gedərkən Bakı üzərindən getmək məcburiyyəti yaranır.

Bu səbəbdən də 5-7 günlük ölkəyə gələn turist gəldiyi günün 3-5 gününü və ya son bir neçə gününü Bakıda keçirməlidir. Regiona gedən turistlər əsasən sonradan Bakıya dönməyə məcbur qalır. Bu sırf logistika ilə bağlı olan məsələdir.

İkincisi isə regionlarımızda infrastrukturu inkişaf etmiş rayonlar var. Turistlərin bir hissəsi Quba, Qusar, Qəbələ, Şəki, Gəncə istiqamətində səfərlər edirlər. Lakin nəzərə alsaq ki, Bakıda infrastruktur daha çox inkişaf edib, regionlara nisbətən turistləri maraqlandıracaq parklar, alış-veriş, istirahət mərkəzləri, restoranlar və s. kifayət qədərdir. Turistlər burada vaxtlarını daha səmərəli keçirə bilirlər”.

Onun sözlərinə görə, ölkəyə giriş-çıxış nöqtələri digər beynəlxalq hava limanlarından olarsa, regionlarda turizm infrastrukturu daha da təkmilləşərsə, ölkəyə gələn turistlərin regionlar üzrə yayılması daha balanslı ola bilər:

“Körfəz ölkələrindən gələn turistlər daha çox təbiətə, regionlara daha çox üstünlük verirlər. Bütün bunlara baxmayaraq, regionlara gedərkən orada nisbətən paytaxtla müqayisədə daha az vaxt keçirirlər”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*