Son dövrlər botoks prosedurlarından sonra yaranan fəsadlarla bağlı şikayətlərin artması bu sahədə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Mütəxəssislər bildirirlər ki, ağırlaşmaların əsas səbəbləri arasında həm keyfiyyətsiz preparatlardan istifadə, həm də prosedurun peşəkar olmayan şəxslər tərəfindən icra edilməsi xüsusi yer tutur.
Bəs riskləri artıran əsas amil hansıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan həkim-terapevt Günay Lətifova bildirib ki, botoksdan sonra yaranan fəsadlarda həm preparatın keyfiyyəti, həm də proseduru həyata keçirən şəxsin peşəkarlığı həlledici rol oynayır.

Onun sözlərinə görə, uğurlu nəticə əldə etmək üçün ilk növbədə proseduru icra edən həkimin kifayət qədər təcrübəli olması və inyeksiya texnikasını mükəmməl bilməsi vacibdir.
“Burada həm həkimin peşəkarlığı, həm də istifadə olunan preparatın keyfiyyəti böyük əhəmiyyət daşıyır. Botoks inyeksiyasını həyata keçirən şəxsin təcrübəsi və düzgün texnikaya yiyələnməsi əsas şərtlərdəndir. Bununla yanaşı, preparatın keyfiyyəti də son dərəcə vacibdir”, – deyə həkim vurğulayıb.
Günay Lətifova qeyd edib ki, son dövrlər bazarda mənşəyi şübhəli və keyfiyyətsiz botoks preparatlarının sayının artması ciddi narahatlıq doğurur.
“İnsanlar yalnız qiymətə aldanmamalıdır. Həddindən artıq ucuz qiymətə təklif olunan botoks prosedurlarına ehtiyatla yanaşmaq lazımdır. Belə hallarda istifadə olunan preparatın mənşəyi və tərkibi ilə bağlı ciddi suallar yarana bilər”, – deyə o bildirib.
Həkim salonlarda, ev şəraitində və ya qeyri-rəsmi məkanlarda botoks etdirməyin sağlamlıq üçün ciddi risk yaratdığını da diqqətə çatdırıb.
“Botoks yalnız lisenziyalı tibb müəssisəsində və ixtisaslı həkim tərəfindən tətbiq edilməlidir. Pasiyent istifadə olunan preparatın orijinallığını təsdiq edən sənədlərlə tanış olmalı, məhsulun keyfiyyət sertifikatını tələb etməlidir. Bu, həm təhlükəsizliyin təmin olunması, həm də mümkün ağırlaşmaların qarşısının alınması baxımından olduqca vacibdir”, – deyə Günay Lətifova əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
