“Rusiya silah sistemləri, istər S-300 hava müdafiə sistemləri, istərsə də T-72 tankları Türkiyənin və İsrailin pilotsuz təyyarələri qarşısında aciz qaldı. Əgər Ermənistan da avadanlıqlarının müasir hərbi gerçəkliklərə uyğun gəlməsini istəyirsə, onda bu cür silahları almaq məcburiyyətindədir. Ancaq Ermənistan PUA və hava hücumundan müdafiə sistemlərini haradan və hansı pulla alacağını hələ bilmir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, keçmiş dövlət katibinin Cənubi Qafqaz üzrə köməkçisi, ABŞ Atlantik Şurasının baş tədqiqatçısı Metyu Brayza söyləyib. Keçmiş səfir əlavə edib ki, “Azərbaycana böyük silah tədarükçüsü və Azərbaycan neftinin idxalatçısı olan İsrailin çətin ki, İrəvana müasir silah və ya pilotsuz təyyarə satmaq fikri olsun. Türkiyəni satıcı kimi fikirləşmək belə ağılsızlıqdır”.
Brayza ABŞ-ın da Ermənistana müasir silah satacağına şübhə edir. Onun fikrincə, “Ermənistan üçün yeganə əlverişli variantın ənənəvi silah tədarükçüsü olan Rusiya olmasıdır. Moskvanın da İrəvana indikindən daha inkişaf etmiş hava hücumundan müdafiə sistemlərini satmaq istəməsi inandırıcı görünmür. Ən azı ona görə ki, Ermənistanın bunları almaq üçün pulu yoxdur”.
ABŞ Atlantik Şurasının baş tədqiqatçısı sonda bildirib ki, “Ermənistan üçün artıq hər şey bitib. Birincisi, Ermənistan iqtisadiyyatı geri dönüşü olmayan böhrana girib. Ona görə də İrəvanın yenidən silahlanması və yaxud Azərbaycanın hərbi və texnoloji imkanlarına çatması nağıl kimi görünür. İkincisi, hücum etmək üçün Ermənistanın siyasi imkanları əldən çıxıb. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ona görə də Ermənistanın beynəlxalq səviyyədə Azərbaycanın tanınmış ərazisinə hücum etmək ehtimalı çox azdır”.
KONKRET.az
