Bu ölkədə qadınları kim öldürür…backend

Bu ölkədə qadınları kim öldürür...

Bəri başdan deyim ki, Azərbaycan qadın hüquqlarının ən çox pozulduğu ölkələrin sırasında deyil. Eyni zamanda bu da həqiqətdir ki, ölkəmiz qadın hüquqlarının tam təmin olduğu ölkələrin arasına da düşmür.

Bu sahədə problemlər var və bu ölkəmizin yerləşdiyi coğrafi mövqedən, cəmiyyətin min illərlə formalaşmış mental dəyərlərindən qaynaqlanır.

Son illərdə isə ölkəmizdə qadınlara münasibətdə iki xətt paradoksal şəkildə inkişafdadır: 1. Cəmiyyətin böyük bir hissəsi qadınlara münasibətdə modern dünyanın standartlarına ayaq uydurur; 2. Cəmiyyətin bir hissəsi isə qadınlara münasibətdə daha mühafizəkar baxışlar tətbiq və tələb edir.

121.jpg (60 KB)

Birincilərə qız uşaqlarına hərtərəfli təhsil verilməsinə çalışan, onların öz həyat yollarını, yoldaşlarını özlərinin seçməsinə mane olmayan, erkən və zorakı nikahlara qətiyyətlə qarşı çıxan müasir düşüncəli valideynlər aiddir.

231.jpg (46 KB)

İkincilər isə qızların təhsil almasının vacib olmadığına inanan, qadınların örtünməsini zəruri sayan, onların cəmiyyət içinə çıxmasını yasaqlamağın doğru olduğunu zənn edən, erkən nikahların pis bir şey olmadığını düşünən valideynlərdən ibarətdir.

Birinci qrupa aid olanlar öz istəklərinin həyata keçirilməsi zamanı zorakılıqdan istifadə etmirlərsə, ikincilər öz yasaqlarını tətbiq edərkən zora istinad edirlər.

Qadınlara qarşı yolverilməz davranışlar məhz buradan qaynaqlanır. Bəzi adamlar qadınlara hüquqsuz kölə və doilsiz-ağızsız əmtəə kimi yanaşır, tam itaət tələb edirlər, bu olmadıqda isə zorakılığa əl atırlar.

Bu ölkədə qadınlara qarşı dövlət səviyyəsində hər hansı siyasi diskriminasiya yoxdur. Qadınlar dövlət strukturlarında yüksək vəzifələr tutur, seçkili orqanlarda təmsil olunurlar. Gender bərabərliyini təmin etmək üçün onlara hər yerdə kvotalar nəzərdə tutulub. Qadınların hüquqlarını məhdudlaşdıran heç bir qanunvericilik sənədinə rast gəlmək olmaz.

3.jpg (5 KB)

Bununla belə, ölkədə qadınların ailədaxili zorakılıqlara məruz qalması aktları kifayət qədərdir və onların bir çoxu təəssüf ki, faciəvi sonluqla bitir.

3 uşaq anasının öldürülməsi olayı da bu xanədəndir. Xanım öz aqibəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, onun çağırışına hay verən olmayıb və nəticə ağır olub.

Ancaq bunu dövlət siyasətindən irəli gələn sonluq hesab etmək olarmı? Belə bir iddia irəli sürsək, elə çıxar ki, bu boyda dövlət 3 uşaq anasını məhv etmək üçün məqsədyönlü təqib siyasəti yeridib.

Belə deyil. O qadın məhz öz funksiyasını icra etməyən, təhlükəni ciddiyə almayan məmurların səhlənkarlığı üzündən həyatını itirib. O məmurların yerində daha məsuliyyətli və duyarlı biri olsaydı, faciə önlənərdi.

148.JPG (36 KB)

Üstəlik, bu cür zorakılıqlar və qətllər nə kütləvi səciyyə daşıyır, nə də xroniki şəkildə baş verir. Feminist təşkilatların əndazəsini aşan etirazlarına baxdıqda isə güman etmək olar ki, Azərbaycan gündə yüzlərlə qadının zorlandığı Hindistanla, edam edildiyi Pakistanla eyni sırada dayanır, yaxud Səudiyyə Ərəbistanında olduğu kimi bu ölkədə də qadınların ən adi hüquqları yoxdur.

Ölkəmizdə, eləcə də onu diqqətdə saxlayan xarici dairələrdə belə bir yanlış qənaət yaratmağa ehtiyac yoxdur. Hər şeyi öz adıyla çağırmaq, hər situasiyanı gerçəkcə dəyərləndirmək lazımdır.

11122.jpg (40 KB)

Azərbaycanda yüz minlərlə evli cütlük var ki, 25-30, 40 ildir dinc, yanaşı, problemsiz yaşayırlar. Hətta bu cür sabit ailələrdə söz-söhbət olur, fikirlər toqquşur. Birgə təsərrüfat aparmaq, ailə problemlərini həll etmək, övladlarla bağlı qayğıları çəkmək asan məsələ deyil.

Son vaxtlarda isə bu kimi problemləri həll edə bilməyən cütlüklər birgə yaşayışlarının mümkünsüz olduğunu görərək ayrılırlar. İllik boşanma statistikası 10 minin altında və ya üstündə olur. İndi baxaq görək boşanan qadınların neçə faizi öldürülür. Heç 0,001 faiz də deyil. Amma bəziləri elə bir rəy yaratmağa çalışır ki, sanki bu ölkədə ərindən boşanmaq istəyən bütün qadınlar ya öldürülür, ya da ölümcül döyülür.

65.jpg (31 KB)

Bir sözlə, bu ölkədə qadınlara qarşı yol verilən zorakılıqlar sırf məişət hadisəsidir. Xoşagəməz hadisələri törədənlərin sosial statusu da bunu təsdiq edir. Zorbalar və qatillərin çoxu mütləq həyatın dibinə yuvarlanmış, məhkumluq həyatı yaşamış, işsiz-gücsüz, qazancsız, uğursuz adamlardır və gücləri yalnız qadınlara çatır. Özü də onlar təkcə öz həyat yoldaşlarını – “yad qızı”nı öldürmür, belələri analarının, bacılarının, doğma qızlarının da canına qıyırlar.

Belə adamların törətdiyi vəhşiliyi ümumiləşdirərək, yüzminlərlə başqalarına, nümunəvi ailə başçılarına, qız övladlarını baş tacı edən atalara, analarının bir sözünü iki etməyən oğullara, bacılarını həyatları bahasına qorumağa, xoşbəxt etməyə çalışan qardaşlara, həyat yoldaşlarını arxa-dayaq sayan kişilərə şamil etmək haqsızlıqdır.

Ölkəmizdə cahillik, nadanlıq, eləcə də idxal edilən yad ideologiyalara uymaq problemi var və qadınlara qarşı zorakılığın mühüm bir qismi məhz o düşüncə tərzinin yayğınlaşmasından doğur.

1.jpg (67 KB)

Bunun çarəsi isə başqa cürdür. Mühafizəkarlığa qarşı ifrat Avropa açıq-saçıqlığı ilə mübarizə aparmaq mümkün deyil. O zaman qadın haqlarını iqnor edən mühafizəkarların əlinə dəstəvuz keçir, onlar açıq-saçıq geyib gəzən, spirtli içkilər içən, düzənsiz cinsi həyat yaşayan qadınlara barmaq tuşlayaraq, deyirlər ki, biz istəmirik bacılarımız, qızlarımız bu cür olsunlar.

11.JPG (56 KB)

Halbuki bu, nüminəvi qadın obrazı tipi deyil. Sərbəst geyimli və davranışlı qadınlar da başqa qütbə aiddirlər. Bu ölkədə qadınların böyük əksəriyyəti normal geyim-kecimli, normal davranışlı, işləyən, ailə dəyərlərinə önəm verən, cəmiyyət üçün övlad böyüdən insanlardır və nə örtünüb evdə otururlar, nə də barlarda gəzirlər, sadəcə, öz adi həyatlarını yaşayırlar.

Qadınların döyülməsinə və öldürülməsinə hansısa arqumentlərlə haqq qazandırmağa çalışanlar isə, necə deyərlər, özlərindən götürsünlər: kimsə onların bacısına və ya qızına qarşı o cür zorakılıq etsə, razılaşarlarmı, yenə eyni sözü deyərlərmi? Çətin…

Xalid KAZIMLI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*