Özbəkistanda məktəblilər hər gün himni oxumağa məcbur olacaqlar
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu respublikanın Xalq Təhsili Nazirliyinə istinadən xəbər verir ki, cari tədris ilinin ikinci rübündən başlayaraq Özbəkistan məktəbliləri dərslərdən əvvəl hər gün himn oxuyacaqlar.
Təhsil nazirinin müavini Dilşad Kenjayevin müvafiq əmri Özbəkistanın bütün ümumi təhsil müəssisələrinə göndərilib.
“Vətənpərvərlik hissini inkişaf etdirmək və məktəblilər arasında dövlət rəmzlərinə hörməti artırmaq üçün məktəblərdə hər bir dərs günü himnin xor səslənməsi ilə başlamalıdır”, – deyə sənəddə vurğulanıb.
Əvvəllər himn yalnız tədris ilinin başlandığı gün məcburi qaydada ifa olunurdu. Ölkənin bəzi təhsil ocaqlarında məktəblilər özbək dili dərsindən əvvəl himn səsləndirirdilər.
2011-ci ildə, dərslər başlamazdan əvvəl hər gün Belqorod və Kostroma bölgələrinin məktəbliləri tərəfindən Rusiyanın himninin səsləndiriləcəyi bildirilmişdi. 2015-ci ildə təşəbbüs Kaluqa bölgəsində dəstəklənmişdi. Bənzər təcrübə bir sıra Ukrayna məktəblərində də mövcuddur. Hər gün ABŞ, Türkiyə, Hindistan və Qazaxıstanın bəzi bölgələrində məktəblilər himni səsləndirirlər.

1992-ci ilin sonunda təsdiq edilmiş Özbəkistanın himni Abdulla Aripov tərəfindən yazılıb, musiqisini Mutal Burxanov bəstələyib. Qeyd edək ki, Özbəkistan sovet himninin musiqisindən istifadə edən dörd keçmiş sovet respublikalarından biridir – eyni qərarı Tacikistan, Belarus və Rusiya da qəbul edib.
