Yunanıstan, Kipr və Fransa Ukraynanın ehtiyacları üçün Türkiyənin “Bayraktar” pilotsuz təyyarələri və artilleriya mərmilərinin tədarükü üçün Avropa İttifaqı fondundan vəsait ayrılmasına mane olub.
KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” nəşri məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin bu həftənin əvvəlində keçirilən iclasında blokun digər üzvləri tərəfindən dəstəklənən təklifə üç ölkə veto qoyub.
Yuxarıdakı ölkələrin nümayəndələri üçüncü ölkələrdən silah alınmasının Avropa İttifaqının vəsaitləri hesabına maliyyələşdirilməsi ilə razılaşmayıblar.
“Yunanıstanın prinsipial mövqeyi ondan ibarətdir ki, muxtar Avropa müdafiə sistemi və Avropa müdafiə sənayesinin inkişafını vurğulayacaq siyasət yaratmaq lazımdır”, – mənbə bildirib.
Fransa da öz növbəsində bazarı öz silah sistemləri ilə rəqabət aparan silah sistemlərinə açmaq istəmir.
KİV-in məlumatına görə, Ukraynaya hərbi yardım üçün ayrıca fondun yaradılması məsələsində üzv dövlətlər arasında fikir ayrılıqları qalmaqdadır. Belə ki, bəzi ölkələr gələcək strukturun Aİ hüdudlarından kənarda istehsal olunan silahların alınması məsələsində daha çevik olmasını istəyir.
Daha əvvəl “Politico” qəzetinin Avropa nəşri mənbələrə istinadən xəbər vermişdi ki, Aİ-nin daimi nümayəndələrinin iclasında ölkələrin əksəriyyəti Ukraynaya yardım üçün təcili tədbir kimi blokdan kənarda istehsal olunan mərmilərin alınması üçün ittifaq fondlarından istifadə edilməsi qərarını dəstəkləyib. Bununla belə, Fransa, Yunanıstan və Kipr təşəbbüsün qarşısını alıb.
Natiq Səlim,
KONKRET.az
