Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicilərinə verilən güzəştin müddəti uzadılıb.
KONKRET.az xəbər verir ki, bunu Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, o cümlədən, 2027-ci ilədək bu fəaliyyət üzrə satışdankənar gəlirlər, habelə verilən subsidiyalar vergidən azad edilib:
“Kənd təsərrüfatı müəssisələrindən əldə edilən dividend gəlirləri 2023-cü ildən 4 il müddətinə vergidən azad edilib. Eyni zamanda, aqrar emal fəaliyyəti ilə bağlı güzəştlər verilib. Heyvan və quş ətinin satışı ƏDV-dən azad edilib”.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda tədbir keçirilir.
Tədbirdə son illər ərzində, eləcə də, növbəti il üçün vergi qanunvericiliyində, inzibatçılığında edilmiş və edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı, eyni zamanda, bu fəaliyyət prosesində aidiyyəti dövlət qurumları və biznes assosiasiyaları, sahibkarlıq subyektləri ilə birgə yaradılan qarşılıqlı əməkdaşlıq formatının nəticələri barədə təqdimatın həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirdə Dövlət Vergi Xidmətinin rəis müavinləri Samirə Musayeva və İlkin Vəliyev, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev və digər rəsmi şəxslər, elecə də ekspertlər iştirak edirlər.