Türkiyəli rep ifaçısı Lvbel C5 yeni mahnısı ilə gündəmə gəlib.
KONKRET.az Musavat.com-a istinadla xəbər verir ki, sənətçinin “OHAOHAOHA” adlı mahnısında 1974-cü ildə Kipr Sülh Hərəkatı zamanı əsir götürülərək ağır işgəncələrə məruz qaldıqdan sonra şəhid olan kapitan Cengiz Topelin adını çəkməsi ciddi etirazlara səbəb olub.

Çoxsaylı sosial şəbəkə istifadəçiləri şəhidin adının mahnıda bu şəkildə hallandırılmasını qəbuledilməz hesab ediblər. Onlar mahnının sözləri ilə bağlı çoxsaylı paylaşımlar ediblər. Şərhlərdə şəhid Cengiz Topelin xatirəsinə hörmətlə yanaşılmasının vacibliyi vurğulanıb.
Artan narazılıqlardan sonra Lvbel C5 sosial şəbəkə hesabında açıqlama yayaraq ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib:
“Son dövrlərdə şəxsiyyətim və sənətim üzərindən aparılan qarayaxma kampaniyalarını, haqqımda yaradılmağa çalışılan yanlış təsəvvürləri və həqiqəti əks etdirməyən şərhləri təəssüflə izləyirəm.
İlk növbədə heç bir şərhə və mübahisəyə yer qoymayacaq şəkildə bildirmək istəyirəm ki, mən Türkiyə Cümhuriyyətinin vətəndaşı, türk xalqının bir nümayəndəsi və bu ölkənin övladıyam.
Dövlətimizə, millətimizə, vətənimizə və ay-ulduzlu bayrağımıza bağlılığımız müzakirə mövzusu deyil. Türkiyə Cümhuriyyətinin yanında olmaq, ölkəmizin birliyini, bütövlüyünü və müstəqilliyini müdafiə etmək mənim üçün seçim deyil, daşıdığım kimliyin və məsuliyyətin bir hissəsidir.
Musiqim, səhnə çıxışlarım və sənətçi kimliyimlə bağlı müxtəlif fikirlər səsləndirilə bilər. Buna hörmətlə yanaşıram. Lakin sənətim üzərindən şəxsiyyətimə siyasi və ya ideoloji kimlik yüklənməsini, vətənimə və millətimə bağlılığımın şübhə altına alınmasını qəbul etmirəm.
Mən bu ölkənin dəyərləri ilə böyümüşəm. Bu millətin sevgisi sayəsində bu günlərə gəlmişəm. Əldə etdiyim uğurları da bu ölkənin insanları ilə bölüşürəm. Buna görə də ölkəmə, dövlətimə və millətimə duyduğum hörmət və bağlılıq heç bir şərt altında dəyişməyəcək dəyərdir.
Heç kim məni olmadığım biri kimi göstərməyə, şəxsiyyətim üzərindən cəmiyyətdə ayrı-seçkilik yaratmağa və ya millətimin dəyərləri ilə arama məsafə qoymağa çalışmasın. Bu ölkənin övladı olmaqdan qürur duyuram.
Məni sevən, dəstəkləyən və musiqimlə yoluma yoldaşlıq edən hər kəsə təşəkkür edirəm”.

