Rusiyada “çar rahibi” kimi tanınan Qriqori Rasputinin övladlarından bu gün heç kim qalmayıb. Onun uzun və sarsıntılarla dolu ömrü yalnız sevimli qızı Matronaya nəsib oldu. Cəmi 10 yaşlı kəndli qızının həyatı atası imperator sarayında nüfuz qazandıqdan və onu paytaxta gətirdikdən sonra tamamilə dəyişdi. Matrona atasının cəsədini tanımalı, Rusiyadan qaçaraq Avropaya sığınmalı və atasının qətlində əli olan şəxslərdən birinin qonşuluğunda yaşamalı oldu. Sonralar isə atasından miras qaldığı deyilən maqnetik baxışlarından istifadə edərək sirkdə şirləri ram etməklə məşhurlaşdı.
Tarixçilər Matronanı Qriqori Rasputinin ən sevimli övladı hesab edirlər. O, Sibirdəki Pokrovskoye kəndində anası, kiçik bacısı və qardaşı ilə birlikdə böyümüşdü. Rasputin dini səfərlərə çıxaraq imperator sarayına yaxınlaşdıqdan sonra ailəsinin yanında çox az görünürdü. Belə gəlişlərinin birində o, həyat yoldaşı Praskovya Fyodorovnaya bundan sonra həmişəlik Peterburqda yaşayacağını bildirdi.
Praskovya kənddəki təsərrüfatı idarə etməyə davam etməli, böyük oğlu Dmitri isə onun yanında qalmalı idi. Rasputinin təkidi ilə Matrona və Varvara isə ataları ilə birlikdə paytaxta yollandılar. Bu səfər onların həyatında yeni bir dövrün başlanğıcı oldu.
Matrona sonralar ilk dəfə qatarla, özü də xüsusi vaqonda etdiyi həmin səfəri xatırlayırdı. Atasının süfrəsinə elə təamlar gətirilirdi ki, on yaşlı kəndli qızının əvvəllər onların varlığından belə xəbəri yox idi. Peterburq isə onun gözündə möhtəşəm memarlığı, nağılları xatırladan interyerləri, teatr tamaşaları və atasının pərəstişkarlarından aldığı bahalı hədiyyələrlə sehrli bir dünyaya çevrilmişdi.
Rasputinin imperator ailəsinə yaxınlığı sayəsində Matrona və bacısı Aleksandr sarayının qapılarını açan nadir imtiyazlardan yararlandılar. Onlar II Nikolayın övladları ilə tanış oldular. Rasputin qızlarını nüfuzlu özəl məktəbə yerləşdirdi. Matronanın adı da dəyişdirilərək Mariya oldu. Bu ad ona daha kübar və zadəgan görkəmi verirdi.
Lakin atasının ətrafında baş verən hadisələr qızların həyatına da təsirsiz ötüşmürdü. Ona qarşı təşkil edilən sui-qəsdlərdən sağ çıxan Rasputin getdikcə daha çox içkiyə qurşanmışdı. Atalarına son dərəcə bağlı olan Matrona və Varvara daim onun yanında olur, qayğısına qalırdılar.
1916-cı ilin dekabrında Qriqori Rasputinin öldürülməsi Matrona üçün ağır zərbə oldu. Onun zorakılıq izləri olan cəsədi Petrovski körpüsünün yaxınlığında, buzun altında tapıldıqdan sonra qızını meyiti tanımaq üçün çağırdılar.
Oktyabr inqilabı ərəfəsində Matrona ağ zabit Boris Solovyovla ailə qurmuşdu. Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra isə onlar Rusiyanı tərk etmək qərarına gəldilər.
Avropaya gedən yol heç də asan olmadı. Gənc ailə Vladivostok, Sinqapur və Süveyş kanalı üzərindən uzun və təhlükəli səfər edərək Fransaya çatdı. Onlar Parisə yetişəndə artıq ilk övladları dünyaya gəlmişdi.
Matronanın bacısı Varvara isə doğma kəndinə, qardaşı Dmitrinin yanına qayıtdı. Bu qərar onun taleyində faciəli dönüş nöqtəsinə çevrildi. İnqilabdan sonra hakimiyyət Rasputinin ailə üzvlərini “kinli ünsürlər” elan etdi, onları vətəndaş hüquqlarından məhrum etdi, daha sonra həbs edərək uzaq Şimala sürgünə göndərdi.
Məlumatlara görə, Rasputinin ailə üzvləri sürgündə ağır şəraitlə üzləşdilər. Rəsmi versiyalardan birinə əsasən, Varvara dizenteriyadan sağ çıxmışdı. Lakin bundan sonra onun izinə rast gəlinmədi. Bəzi məlumatlarda isə ona bənzər bir qadının xəstəxanada yatalaq xəstəliyindən öldüyü bildirilir.
Matrona və Boris Solovyovun Parisdəki həyatı da gözlədikləri kimi alınmadı. Boris kiçik bir restoran açmışdı. Lakin mühacirət həyatı yaşayan rusların əksəriyyəti burada yemək yesə də, hesabı ödəməyə imkan tapmır, borca yazdırırdı. Nəticədə ailənin maddi vəziyyəti getdikcə ağırlaşdı.
Az sonra vəziyyət daha da pisləşdi. Boris vərəm xəstəliyindən vəfat etdi, Mariya Qriqoryevna isə iki uşaqla tək qaldı. Övladlarını dolandırmaq üçün varlı ailələrdə dayə işləməyə başladı. Lakin qazandığı pul ailənin ehtiyaclarını qarşılamağa kifayət etmirdi.

Çar Rusiyasının paytaxtında baletlə məşğul olduğu illərdən qalan təcrübəsi bu dəfə onun köməyinə çatdı. Matrona Parisin kabarelərində çıxış etməyə başladı. Beləcə, həyatının növbəti mərhələsi başladı.
Çətinliklər qarşısında təslim olmaq istəməyən, münaqişələrdən uzaq duran və qisas hissi ilə yaşamayan Matrona nəhayət, atasının məşhur soyadından istifadə etmək qərarına gəldi.
Qriqori Rasputinin qətlinin iştirakçılarından olan Feliks Yusupov xatirələrində qətlin təfərrüatlarını dərc etdikdən sonra Matrona ona qarşı məhkəmə iddiası qaldırdı. O, həm Yusupovu, həm də sui-qəsdin digər iştirakçısı, böyük knyaz Dmitri Pavloviçi məhkəməyə verərək 800 min dollar təzminat tələb etdi.
Lakin Paris məhkəməsi iddianı təmin etmədi. Hakim qərarını onunla əsaslandırdı ki, hadisə Rusiyada baş vermiş siyasi qətl olduğundan Fransa məhkəməsinin bu işə baxmaq üçün müvafiq yurisdiksiyası yoxdur.
Matronanın taleyində növbəti dönüş isə gözlənilməz bir təkliflə bağlı oldu.
Bir axşam onun çalışdığı Paris kabarelərindən birinə Britaniyadan olan sirk sahibkarı gəldi. Matronanın səhnə bacarığı və xarici görünüşü kişidə böyük maraq doğurdu. O, qadına öz sirkinə qoşulmağı təklif etdi. Ancaq bunun bir şərti vardı: Matrona qorxmazlığını sübut etməli idi.
“Əgər şirlərin qəfəsinə girə bilsən, səni işə götürəcəyəm”, – deyə sahibkar gözlənilmədən bildirdi.
Matrona əvvəlcə tərəddüd etsə də, özünü itirmədi. Xaç çəkərək şirlərin qəfəsinə daxil oldu. Sirk sahibkarı onun Qriqori Rasputinin qızı olduğunu bilirdi və atasının əfsanəvi şöhrətindən istifadə etməyi planlaşdırırdı.
Beləliklə, Matrona üçün xüsusi sirk nömrəsi hazırlandı. İlk tamaşadan sonra onun çıxışları böyük maraq doğurdu və sirk salonları tamaşaçılarla dolmağa başladı.
İnsanlar əfsanəvi “dəli rahib”in qızının yalnız baxışları ilə vəhşi və ölümcül təhlükəli heyvanları necə ram etdiyini görmək istəyirdilər. Bu, “Rasputin baxışı” adlandırılırdı.
Sirk afişalarında Matrona başını onun çiyninə söykəmiş şirlə birlikdə təsvir olunurdu. Şəkillərin altında isə belə bir təqdimat yer alırdı: “Mariya Rasputina – Rusiyada əməlləri ilə məşhurlaşmış dəli rahibin qızı”.
Matrona qısa müddətdə böyük şöhrət qazandı. Avropanın və Amerikanın müxtəlif şəhərlərində qastrol səfərlərində iştirak etdi. Onun sirk karyerası sürətlə yüksəlirdi. Lakin tale bu dəfə də ona ağır zərbə hazırlamışdı.
Peruda keçirilən tamaşaların birində ağ ayı Matronaya hücum etdi. Təlimçi ağır yaralandı və uzun müddət müalicə olunmalı oldu.
Jurnalistlər isə hadisəni dərhal sensasiyaya çevirdilər. Onlar bu hücumu 1916-cı ildə Qriqori Rasputinin öldürülməsi ilə əlaqələndirirdilər. İddia olunurdu ki, Rasputinin cəsədinin üzərinə atıldığı ayının dərisi də ağ rəngdə olub. Beləcə, qızının başına gələn faciə atasının ölümündən sonra gələn mistik bir xəbərdarlıq kimi təqdim edildi.
Matrona isə bundan sonra taleyini sınağa çəkmək istəmədi. Tam sağaldıqdan sonra heyvan təlimçisi karyerasına son qoydu və ABŞ-a köçdü. Burada gəmiqayırma zavodunda pərçimçi kimi işləməyə başladı.
İkinci Dünya müharibəsindən sonra da müxtəlif müdafiə müəssisələrində çalışmağa davam etdi. Nəhayət, təqaüdə çıxdı. Lakin onun zəhmətlə dolu həyatı bununla da bitmədi. Sonrakı illərdə dayəlik etdi, sanitar işləyib, rus dili üzrə fərdi dərslər verdi.
Matrona atasının həyatından və xatirələrindən bəhs edən kitab da yazdı. Bir vaxtlar imperator sarayının dəbdəbəli otaqlarında yaşayan, atasının qətlindən sonra Rusiyadan qaçmağa məcbur olan və sonradan şirlərlə eyni qəfəsə girən bu qadın ömrünün sonunadək həyatın ağır sınaqları ilə mübarizə apardı.
Qriqori Rasputinin adı tarixdə müəmmalı şəxsiyyət, imperator ailəsinə təsir göstərmiş mübahisəli fiqur kimi qaldı. Onun qızı Matronanın həyatı isə bir insanın taleyinin necə köklü şəkildə dəyişə biləcəyini göstərən qeyri-adi bir hekayəyə çevrildi.
Rəsmiyyə Şərifova,
KONKRET.az
